Məhkəmə qərarları › İş №2(018)-1309/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1309/2023

02.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1309/2023 02.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Verilmiş borcun geri alınması tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Verilmiş borcun geri alınması tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehdan verilmiş borca ğörə 8267 (səkkiz min iki yüz altmış yeddi) manat məbləğində pulun və ödənilmiş 102 (bir yüz iki) manat, 67 (altmış yeddi) qəpik dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcundan məhkəməyə iddia ərizəsi ilə müraciət etdukdən sonra 800 (səkkiz yüz) manat ödəməsini göstərib, ondan 7467 (yeddi min dörd yüz altmış yeddi) manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh əvvəldən tanıyır, yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin əvvəllərində Cavabdeh ondan qısa müddətə qaytarmaq şərti ilə, 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul istəmişdir. O, Cavabdeh 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul vermişdir. Aralarındakı razılaşmaya görə Cavabdeh borcundan hər ay 1000 manat qaytarmalı idi. Ancaq Cavabdeh borcunu qaytarmamış, ona olan borcundan o, məhkəməyə iddia ərizəsi ilə müraciət etdukdən sonra 800 (səkkiz yüz) manat ödəmişdir. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, o, 2023-cü ilin əvvəllərində İddiaçıdan qısa müddətə qaytarmaq şərti ilə, 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul istəmiş, sonuncuda 8267 (səkkiz min iki yüz altmış yeddi) manat pulu ona borc vermişdir. Aralarındakı razılaşmaya görə o, borcundan hər ay 1000 manat qaytarmalı idi. Ancaq maddi imkanı olmadığına görə qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Səncərədi kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1977-ci il tarixdə anadan olmuş və Astara rayonu, Alaşa kəndində yaşayır. Mülki işə əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış qəbzdən məlum olur ki, İddiaçı Cavabdeh hər ay 1000 manat qaytarmaq şərti ilə 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul vermişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 102 (bir yüz iki) manat, 67 (altmış yeddi) qəpik məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2023-cü ilin əvvəllərində Cavabdeh hər ay 1000 manat qaytarmaq şərti ilə 8267 (səkkiz min iki yüz altmış yeddi) manat borc pul vermişdir. Ancaq Cavabdeh borcundan cəmi800 (səkkiz yüz) manat ödəmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in)385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Verilmiş borcun geri alınması tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh verilmiş borca görə 7467 (yeddi min dörd yüz altmış yeddi) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 102 (bir yüz iki) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar