Məhkəmə qərarları › İş №2(018)-133/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-133/2023

10.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-133/2023 10.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “Pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh qarşı “Pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) ABŞ dolları pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 12 mart 2015-ci il tarixdə ticarət işləri ilə əlaqədar tanış olmuşdur. Bir müddət sonra cavabdeh ona özünə məxsus olan obyektləri göstərmiş və həmin obyektləri işlətmək üçün ondan borc pul istəmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 24 aprel 2015-ci il tarixdə ona 14000 ABŞ dolları məbləğində borc pul vermiş, cavabdeh isə almış olduğu borcu 2015-ci ilin iyun ayına kimi qaytarmağa söz vermişdir. Lakin buna baxmayaraq cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmışdır. O, belə bir vəziyyəti görüb cavabdehlə öz aralarında borc müqaviləsi bağlamış, hal şahidlərinin iştirakı ilə öz yazı xətləri ilə müqavilə tərtib etmiş və imzalamışlar. Lakin cavabdeh yenə də borcu qaytarmamışdır. Ona görə də Cavabdeh 14000 (on dörd min) ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsi səbəbi (səbəbləri) barədə Məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan görünür ki, İddiaçı 14 aprel 1974-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 14000 (on dörd min) ABŞ dolları məbləğində borc pul verməsini Cavabdeh etiraf etmişdir. Cavabdeh isə iddiaçının "xxxx" ASC-nin Lənkəran filialında xx.xx.2015-ci ildə bağlanmış 61-xx-xx-018409 saylı kredit müqaviləsi üzrə olan borcu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa borc verən borcunu dərhal tələb edə bilər. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı borc olaraq cəmi 14000 (on dörd min) ABŞ dolları pul almışdır. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Belə ki, tərəflərin öz aralarında tərtib etdikləri və imzaladıqları sadə yazılı formalı borc müqaviləsində də Cavabdeh özü İddiaçı 14000 (on dörd min) ABŞ dolları məbləğində borcu olduğunu təsdiqləmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 47 (qırx yeddi) manat məbləğində olan dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı X1 Cavabdeh qarşı “Pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh borca görə 14000 (on dörd min) ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə isə 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı X2 verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar