Məhkəmə qərarları › İş №2(018)-142/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-142/2023

03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-142/2023 03.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2250 (iki min iki yüz əlli) manat pulun və ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh onun qohumudur. Bacısı onun qardaşının arvadıdır. 30 noyabr 2021-ci il tarixdə Cavabdeh ondan borc pul istəmişdir. O, Cavabdeh 2250 (iki min iki yüz əlli) manat borc pul vermişdir. Cavabdeh bu barədə ona müvafiq qəbz də yazıb vermişdir. Aralarındakı razılığa əsasən Cavabdeh borcunu hissə-hissə ödəməli idi. Ancaq Cavabdeh ona olan borcunu qaytarmamışdır. Bütün bunlar əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədi və verdiyi izahatında göstərdi ki, İddiaçı təqdim etdiyi borc qəbzini o tərtib etmişdir. Ancaq o, İddiaçı borc pul alarkən özünün pensiya kartınıda ona vermişdir. İddiaçı olan borcunu pensiya kartı vasitəsi ilə ödəmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Kijəbə qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1977-ci il tarixdə anadan olmuş və Astara rayonu Ovala kəndində yaşayır. Mülki işə əlavə edilmiş yazılı qəbzdən görünür ki, görünür ki, Cavabdeh İddiaçı 30 noyabr 2021-ci il tarixdə 2250 (iki min iki yüz əlli) manat məbləğində borc pul götürmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 45 (qırx beş) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı yazılı qəbzə əsasən 2250 (iki min iki yüz əlli) manat məbləğində borc pul götürmüşdür. Cavabdeh borc pulu almış, lakin üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, o, götürmüş borcdan bu günə kimi ödəməmişdir. Ona görə də, cavabdehin iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də, təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat məbləğində olan dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçının Cavabdeh qarşı “pul tələbi barədə” iddiası təmin olunsun. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat borc pul və ödənilmiş dövlət rüsumuna görə 45 (qırx beş) manat məbləğində olan pul alınıb İddiaçı verilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar