Məhkəmə qərarları › İş №2(018)-1431/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1431/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1431/2023 25.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia qaldıraraq Cavabdeh törətdiyi cinayət əməlinə görə ona vurduğu maddi ziyana görə 25000 (iyirmi beş min) manat məbləğində və mənəvi ziyana görə isə 5000 (beş min) manat məbləğində pulun alınıb, ona verilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, Cavabdeh 25 iyun 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətində aralarında yaranmış mübahisə vaxtı başı ilə qəsdən onun sifət nahiyəsinə bir dəfə vuraraq, onu yerə yıxmış, yerdə isə bədənini müxtəlif nahiyyələrinə zərbələr vurmuş, bununla da ona az ağır dərəcəli xəsarət yetirmişdir. Bu əməlinə görə Cavabdeh Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(018)-29/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə çəzasına məhkum edilmişdir. Nəticədə onun üz almacıq və çənə sümüyü sınmış, digər xəsarətlər də almışdır. O, aldığı xəsarətlərə görə Bakı şəhərində yerləşən Respublika Klinki Xəstəxanasında müalicə almış, sifətinin üz almacığı və çənə hissəsindən əməliyyat olunmuşdur. Onun çənə sümüyünün hər ikisinə implant (platin) qoyulmuşdur. Müalicəsi hal-hazırda da davam edir. Müalicəsinə o, cümlədən əməliyyatlarının xərcini tamamilə özü çəkmişdir. Bundan sonra da müalicə xərclərini də özü çəkməlidir. Ona görə də Cavabdeh vurduğu maddi ziyana görə 25000 (iyirmi beş min) manat məbləğində pul tələb edir. Bundan başqa Cavabdeh törətdiyi həmin cinayət əməli nəticəsində o, mənəvi sarsıntı keçirmiş və daxili iztirab çəkmişdir. O, bu hadisələr nəticəsində psixoloji travma almışdır. Btün qeyd edilənlərə o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yerindən olan arayışdan məlum olur ki, İddiaçı 10 fevral 1993-cü il tarixdə anadan olmaqla Astara şəhəri Qum küçəsi ev 6-da yaşayır. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(018)-29/2023 saylı hökmündən məlum olur ki, Cavabdeh 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Astara şəhəri Əhəd Muxtar küçəsi, ev 156-da yerləşən fərdi yaşayış evinin həyətində İddiaçı ilə şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı İddiaçı qəsdən başı ilə zərbə endirərək, ona sol maksilyar sinusun ön, lateral, göz yuvasının aşağı divarında, almacıq sümüyünün qövsündə, almacıq sümüyünün alın çıxıntısında (sol göz yuvasının lateral divarını təşkil edir) yerdəyişmiş və basılmış sınıqlar, sol göz almasına yayılmış qansızma, sol göz qapaqları - gözaltı nahiyədə qançır, sağ dirsək nahiyəsində sıyrıqla müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, İddiaçı sağlamlığına az ağır zərər vurmuşdur. Bu əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş Respublika Klinki Xəstəxanasının 12 iyul 2022-ci il tarixli hesabatından məlum olur ki, İddiaçı Respublika Klinki Xəstəxanasının Üz-çənə Cərahiyyə Şöbəsində stasionar müalicə almışdır. Beləliklə, məhkəmə baxışı iclasında İddiaçı izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh 25 iyun 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı evinin həyətində İddiaçı ilə dalaşmış və həmin vaxtı qəsdən başı ilə iddiaçıya zərbə endirərək, ona sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bu əməlinə görə o, məhkum olmuşdur. İddiaçı isə sifətinin üz almacığı və çənə hissəsindən əməliyyat olunmuşdur. Onun çənə sümüyünün hər ikisinə implant (platin) qoyulmuşdur. İddiaçı müalicə xərclərini özünün ödəməsini, gələcəkdə də müalicə xərclərini ödəyəcəyini bildirmiş olsa da bu halları təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim etmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh vurulmuş mənəvi ziyanın əvəzini ödəməkdə haqlıdır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı baş vermiş həmin hadisə ilə əlaqədar müəyyən mənəvi sarsıntı keçirmiş və daxili iztirab çəkmişdir. Ona görə də iddia tələbi mənəvi ziyan tələbi hissəsində 4000 (dörd min) manat hissədə təmin edilməsi daha ağlabatan məbləğ hesab edilməlidir. “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İddiaçı hazırkı tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın təmin edilən hissəsi 4000 (dörd min) manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 60 (altmış) manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində pul alınıb, dövlət büdcəsinə ödənilsin. İddia tələbi 21000 (iyirmi bir min) manat hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mubariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar