Məhkəmə qərarları › İş №2(018)-155/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-155/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-155/2025 27.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 939 (doqquz yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlu iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlu iddia ərizəsində göstərmişdi ki, Cavabdeh həmkəndlisidir. O, icarəyə torpaq sahəsi götürmüşdür. Cavabdeh götürdüyü torpaq sahasini ondan istəmişdır. Cavabdeh onun torpaq sahəsinə xərclədiyi 500 manat pul məbləğini verməyə razılaşmış və bildirmişdir ki, bankdan kredit götürüb ona verəcək. Cavabdeh 2023-cü ilin noyabr ayında ona yaxınlaşaraq kredit ala bilmədiyini bildirmiş və israr ilə onun adına bankdan kredit götürməsi, aylıq krediti isə hər ay Cavabdeh özü ödəyəcəkdir. O, cavabdehi tanıdığına görə onunla razılaşmış və 22 noyabr 2023-cü il tarixdə "xxxx" ASC-nin Lənkəran filialına gedərək bankdan 1200 manat kredit götürmüş və Cavabdeh vermişdir. Cavabdeh isə ona 500 manat pul vermişdir. Lakin cavabdeh dörd ay (458 manat) kredit ödədikdən sonra vaxtında və lazımi qaydada kredit ödənişlərini ödəməmişdir. O, Cavabdeh kredit borcunu ödəməsini tələb etsə də o, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. O, da məcbur qalıb kredit borcunu tam şəkildə ödəmişdir. Cavabdehin təqsiri nəticəsində ümumilikdə 939,84 (doqquz yüz otuz doqquz manat 84 qəpik) manat məcburi ödəniş etmişdir. Cavabdeh 939.84 (doqquz yüz otuz doqquz manat 84 qəpik) manat məbləğində pulun və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, qeyd edilən torpaq sahəsini Baxşiyev Məhəmməd Rəcəbəli oğlu təmizləyib və buna görə ona 150 (yüz əlli) manat pul verməlidir, lakin həm pulu ona verməmişdir. Baxşiyev Məhəmməd Rəcəbəli oğlundan kredit götürülməsi barədə xahiş etməmiş, həmin pulu ondan almamışdır. Baxşiyev Məhəmməd Rəcəbəli oğlunun dedikləri yalandır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Cavabdeh onun bibisi oğlu, Baxşiyev Məhəmməd Rəcəbəli oğlu isə onun əridir. Torpaq sahəsini Baxşiyev Məhəmməd Rəcəbəli oğlu təmizləmiş və buna 500 (beş yüz) manat pul xərcləmişdir. Əfsəlov X4 Baxşiyevə torpaq sahəsini onun istifadəsinə verməsini və Məhəmməd Baxşiyevə xərcləmiş olduğu pulu qaytaracağını bildirmişdir. Daha sonra Cavabdeh kredit götürə bilmədiyindən, Məhəmməd Baxşiyevdən öz adına kredit göstürməsini, həmin kreditdən onun haqqı olan 500 (beş yüz) manat pulu götürməsini qalan məbləğin ona verilməsini xahiş etmiş, kredit borcunu isə özünün ödəyəcəyini bildirmişdir. Lakin 4 ay kredit ödədikdən sonra Cavabdeh kreditin qalan hissəsini ödəməmiş, buna görə də Məhəmməd Baxşiyev kreditin qalan 939 (doqquz yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik hissəsini ödəmişdir. Qeyd edilən hadisələrin şahidi olmuşdur. Məhkəmə iddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlunu, Cavabdeh, şahid X1 dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Baxşiyev Məhəmməd Rəcəbəli oğlu 27,3%-lə (iyirmi yeddi tam onda üç faizlə) 30 ay müddətinə 1200 (min iki yüz) manat biznes krediti götürmüş, aylar üzrə ödəniş məbləği müəyyən edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kreditin vaxtından əvvəl ödənilməsi haqqında sənəddən görünür ki, Baxşiyev Məhəmməd Rəcəbəli oğlu LD********** nömrəli kredit müqaviləsi üzrə 918,61 manat əsas məbləğ, 21,23 manat faiz borcu olmaqla cəmi 939,84 manat vaxtından əvvəl tam ödəniş etmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Baxşiyev Məhəmməd Rəcəbəli oğlu xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Baxşiyev Məhəmməd Rəcəbəli oğlu tərəfindən 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh Baxşiyev Məhəmməd Rəcəbəli oğluna 939 (doqquz yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Həmin hal şahid ifadəsi və işdə olan sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 939 (doqquz yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti tutulub Baxşiyev Məhəmməd Rəcəbəli oğluna verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 939 (doqquz yüz otuz doqquz) manat 84 (səksən dörd) qəpik məbləğdə pul və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti tutulub Baxşiyev Məhəmməd Rəcəbəli oğluna verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar