Məhkəmə qərarları › İş №2(018)-1612/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1612/2023

28.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1612/2023 28.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X1 borc olaraq verilmiş 5040 (beş min qırx) manat və ödənilmiş dövlət rüsumuna görə 71 (yetmiş bir) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirak edə bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı imzaladığı iddia ərizəsindən məlum olur ki, o, Cavabdeh tanımış yaxşı münasibətləri olmuşdur. Cavabdeh 2021-ci ildən başlayaraq ondan hissə-hissə borc pul almışdır. Belə ki, o, Cavabdeh əvəzində qrup halında oynadıqları loteriya oyununa görə vətəndaşlara 1125 manat pul ödəmiş, bundan başqa o, xalasından borc almaqla ona 2000 (iki min) manat borc pul vermişdir. Sonra isə xalasına olan borcunu ödəmişdir. Sonda isə qızıl satmaqla Cavabdeh 1915 (bir min doqquz yüz on beş) manat borc pul vermişdir. Beləliklə də Cavabdeh ona 5040 (beş min qırx) manat borcu yaranmışdır. Cavabdeh borcunu qaytarmadığına görə polis orqanlarına şikayət etmiş Bakı şəhəri 29-cu polis bölməsində araşdırma aparılmışdır. Cavabdeh ona olan borcun hal-hazıra kimi qaytarmamışdır. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə baxışı iclasına gəlməmisinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ancaq Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qismən qəbul etməklə bildirmişdir ki, onun İddiaçı 5040 (beş min qırx) manat deyil, 3845 (üç min səkkiz yüz qırx beş) manat borcu qalmışdır. O, bu barədə olan yazılı izahatını məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəssinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1979cu il tarixdə anadan olmuş və Sumqayıt şəhəri11-ci mirarayonev8,mənzil 69-da yaşayır. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 71 (yetmiş bir) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş 07 fevral 2022-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqında” qərardan məlum olur ki, Cavabdeh izahatında İddiaçı borcu olmasını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2021-ci il tarixdən Cavabdeh hissə-hissə olmaqla borc pul vermişdir. Cavabdeh borcunun bir hissəsini ödəmiş olsa da, 3845 (üç min səkkiz yüz qırx beş) manat borcu qalmışdır. İddiaçı borcun 5040 (beş min qırx) manat olmasını bildirmiş olsa da, həmin halı təsdiq edən subutu məhkəməyə təqdim etməmişdir. 07 fevral 2022-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi haqında” qərardan isə borcun məbləği müəyyən edilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in)385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunub ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.Sadalanan qanunvericilik aktı normalarını və işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbi qismən təmn edilməsinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 71 (yetmiş bir) manat dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi onun xeyrinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Pul tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh verilmiş borca görə 3845 (üç min səkkiz yüz qırx beş) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 53 (əlli üç) manat məbləğində pul alınıb, İddiaçı verilsin. İddia tələbi 1195 (bir min bir yüz doxsan beş) manat hissədə isə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar