Məhkəmə qərarları › İş №2(018)-1709/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-1709/2025

17.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-1709/2025 17.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “heyvan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “heyvan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan atın, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayonunun Vaqo kəndində yaşayır. 2022-ci ilin aprel ayında Astara rayonunun Vaqo kənd sakini Şahid1 580 manat məbləğində təsərrüfata kömək üçün 4 yaşlı at almışdır. Həmin ilin sentyabr ayında aldığı atın həyətdə olmadığını görmüşdür. Uzun müddət atı axtarmış, lakin heç bir nəticəsi olmamışdır. 2025-ci il tarixdə qonşu Təbriz at almaq üçün rayonun Artupa kəndinə getmiş, orada Cavabdeh onun atını satmasını görmüş və dərhal ona məlumat vermişdir. O, Cavabdeh yaşadığı Astara rayonu Artupa kəndinə getmiş və cavabdehin həyətində öz atını görmüşdür. Odur ki, məcbur qalıb məhkəməyə müraciət edir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı 1 ədəd atın oğurlanması barədə ona qarşı iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi qanunsuz və əsassız olduğuna görə iddia ərizəsinə etiraz edir. Onun 81 yaşı var, özü də dördüncü ildir ankoloji xəstədir. Həyat yoldaşı 36 ildir rəhmətə gedib, ondan sonra ikinci dəfə ailə həyatı qurmamışdır. Ona övladları baxır. O, 50 ildir at sürüsü saxlayır. Atları gündüzlər meşəyə və feyxoa sahələrinə buraxır, axşam gedib gətirib həyətdə bağlayır. O heç vaxt at alış-verişi ilə məşğul olmamışdır. Adı çəkilən atı 3 il anası ilə birlikdə hörüş sahəsinə buraxmış, sonra onu erkəy at vurduğu üçün daimi evdə bağlamışdır, İddiaçı dediyinə görə o atı 2022-ci ildə alıb, həmin atın indi 5 yaşı var. İddiaçının kəndi Vaqodan onların kəndinə at gələ bilməz. Onlar 4 nəfər, qazel maşını ilə kəndlərinə gəlib ikisi sahəsinin girişində atın yanında qalıb, qalan ikisi isə onun evinə gəliblər. Onlar bu işlə çoxdan məşğul olublar, başqa adamlara şər atırlar. Adı çəkilən atın qiyməti 350 manat olar, ərizədə yazır ki, atın qiyməti 580 manatdır. Yalan deyir, o fiziki şəxs kimi dövlətə vergi verir, şəhdətnamə nömrəsi **********, icra nümayəndəliyində bütün heyvanları təsərrüfat uçotu kitabında qeydiyyatdadır. Ömrü boyu halal zəhmətlə yaşamışdır. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının təmin edilməməsi, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, etiraz ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 iddiaçının qonşusu olduğunu, 2022-ci ildə atı iddiaçıya özünün satdığını bildirmiş, sonradan isə atın itdyini eşitmişdir. Qardaşı oğlu özünə at almaq istədiyi üçün atlara baxırmış, Cavabdeh da ondan at almaq istəyərkən tanımışlar. Bu vaxt onda olan atın iddiaçıya satdığı at olduğunu bilmişlər. Məhkəmə iclasında Şahid2 iddiaçının qonşusu olduğunu, 2022-ci ildə atı iddiaçıya əmisinin satdığını bildirmiş, sonradan isə atın itdyini eşitmişdir. Özünə at almaq istədiyi üçün atlara baxırmış, Cavabdeh da ondan at almaq istəyərkən tanımışdır. Bu vaxt onda olan atın iddiaçıya məxsus at olduğunu bilmişdir. Məhkəmə iddiaçının, cavabdehin, onun nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş yaşayış yeri barədə Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 sentyabr 2025-ci il tarixli, 1068 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu, Vaqo kəndində yaşayır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə 1 ədəd at şəkli öz əksini tapır. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 mart 2021-ci il tarixli, 366/1 saylı arayışdan görünür ki, Cavabdeh Astara rayonu, Artupa kəndində yaşayır, şəxsi təsərrüfatında 11 baş iri buynuzlu mal-qara, 10 baş camış naxırı, 9 baş atı və 14 arı ailəsi vardır. İş materiallarına əlavə edilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İş materiallarına əlavə edilmiş 01 oktyabr 2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərdiyi atın özünə məxsus olmasını və cavabdehin qanunsuz sahibliyində olmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-135.3-cü maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Həmin Məcəllənin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 177-ci maddəsinə əsasən, əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-in 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. İşin mübahisəsiz hallarından da məlum olur ki, hazırda mübahisəli heyvanın (atın) sahibi cavabdehdir. Birinci dispozitiv şərtin ödənilməsi üçün iddiaçı ilk öncə cavabdehdən tələb etdiyi atın ona məxsus olmasını sübut etməlidir ki, işin araşdırılan halları ilə bu hal iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilən şəkillər atın var olmuş və mövcud olmuş olduğunu təsdiq etsə də, onun iddiaçıya məxsus olmasını və iddiaçı tərəfindən iddia edilən atın həmin at olduğunu təsdiq etməmişdir. Belə ki, iddiaçı mübahisəli atın onun atı olmasına dair məhkəməyə hər hansı qeydiyyat sənədi təqdim etməmiş, həmçinin atını itirməsinə dair tərəfindən hər hansı müraciət edilməmişdir. Məhkəmə şahidlərin ifadəsini şübhə ilə yanaşaraq hesab edir ki, şahidlərin məhkəmə iclasında verdiyi ifadələr şəxsi mülahizələrindən irəli gələrək, mübahisə predmetinin iddiaçıya məxsus olmasını təsdiq edə bilməmişdir. Həmçinin, cavabdeh fermer kimi fəaliyyət göstərir, özünə məxsus fermer təsərrüfatı vardır ki, bu da bir daha onun mübahisə predmetinə sahibliklə bağlı şübhələri aradan qaldırır. Məhkəmə hesab edir ki, iddia edilən atın iddiaçıya məxsus olmasına dair birinci şərt ödənmədiyindən əmlakın cavabdehin sahibliyində olması və sahibliyin qanunsuz olmasına dair ikinci və üçüncü şərt də ödənməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1,1091ci Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “heyvan” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar