Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-232/2025 27.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 3500 (üç min beş yüz) AZN məbləğində borc, borcun gecikdirilməsi üçün 84,58 (səksən dörd manat, əlli səkkiz qəpik) AZN məbləğində dəymiş ziyan, hüquqi yardıma görə çəkilən 200 (iki yüz) AZN məbləğində pul olmaqla, ümumilikdə 3784,58 (üç min yeddi yüz səksən dörd manat, əlli səkkiz qəpik) AZN məbləğində pulun, həmçinin 58 (əlli səkkiz) AZN dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla əlaqə saxlayaraq "Dəniz Mall" Ticarət Mərkəzində gecə saatlarında şüşələrin təmizlənmə işinin olduğunu bildirmişdir. O da gündəlik 500 (beş yüz) AZN olmaqla ona məxsus nəqliyyat vasitəsilə işlərin görülməsini qəbul etmişdir. İşlərin görülməsinə xx.xx.2024-cü il tarixində başlamış, ümumilikdə 11 (on bir) gün olmaqla xx.xx.2024-cü il tarixində işlər yekunlaşmışdır. Cavabdeh ona hər 4 gündən bir ödəniş edəcəyini bildirmişdir. İlk 4 gün üçün 2000 (iki min) AZN ödəniş etsə də yerdə qalan 7 gün üçün ümumilikdə 3500 (üç min beş yüz) AZN ödəməmişdir. Hər dəfə zəng edib ödənişi istədikdə "pulu mən sənə verəcəm", "narahat olma" deyərək ödənişi edəcəyini bildirmişdir. Həmçinin işlərin görüldüyü zaman nəqliyyat vasitəsinin sürücüsü şüşələr üzündən yuxarını görmədiyindən cavabdeh naqliyyat vasitəsinin səbətini yuxarıdan özü pult ilə idarə edəcəyini bildirmişdir. Cavabdeh isə idarə edən zaman həmin səbəti Dəniz Mall-in şüşəsinə vuraraq çatlamış və buna görə də iş dayanmışdır. Hətta Cavabdeh də bunu qəbul etmiş, şüşəni özünün sındırdığını və xərcini özünün ödəyəcəyini bildirmişdir. Yenə də, ona "narahat olma", "nə olursa olsun sənin pulunu özüm verəcəm demişdir. xx.xx.2024-cü il tarixində Cavabdeh ona zəng edərək işlərin görülməsi üçün razılaşdığı şirkətə onun işini 700 (yeddi yüz) AZN-dən razılaşdığını və kim soruşarsa onlara bu qiyməti deməyini xahiş etmişdir. O da bununla razılaşmış və ona sadəcə 500 (beş yüz) AZN-dən ödəniş etməyini bildirmişdir. Bu danışıqdan sonra Cavabdeh nə qədər zəng etsə də, zənglərini açmamış, 3500 (üç min beş yüz) AZN pulu ödəməkdən boyun qaçırmışdır. Bununla əlaqədar Səfərin işlərin görülməsi üçün razılaşdığı şirkəti taparaq onlara bu vəziyyəti bildirmişdir. Onlar da onun üçün besablanan pulun hər 4 gündən bir cavabdeh Sadət Əlizadəyə ödənidiyini bildirmişdirlər. Lakin cavabdeh onu aldadaraq artıq pulların 4 gündən bir deyil də iş bitdikdə ödəcəyini bildirmişdir. Halbuki o, 4 gündən bir pulları almış və onu aldatmışdır. Bir neçə müddət əvvəl Port Baku adlanan ərazidə cavabdeh ilə rastlaşdıqda və ondan pulunu istədikdə cavabdeh yenə eyni bəhanələri gətirmiş, pulu ödəməkdən boyun qaçırmışdır. Qeyd etdiyi hallar Whatsapp yazışmalarında da öz əksini tapmışdır. Həmçinin Cavabdeh borcunu etiraf etdiyi səs yazısı da mövcuddur. Bu məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsinə şikayət etsə də, əməldə dələduzluq cinayətinin tərkib əlamətlərinin olmadığı, mülki münasibətlərdən irəli gələn mübahisə olduğu bildirilərək xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq Cavabdeh hələ də 3500 (üç min beş yüz) AZN borcu ödəməmişdir və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh xx.xx.2024-cü il tarixindən faktiki olaraq, 4 aydır ki, 3500 (üç min beş yüz) AZN borcunu ödəməməkdədir. Bu səbəblə də cavabdeh yaranmış borca görə müvafiq faiz ödəməlidir. Belə ki, xx.xx.2024-cü ildən başlayaraq öhdəliyini icra etmədiyindən faizlərin hesablanması zamanı həmin tarixə bank uçot dərəcəsi əsas götürülməlidir. Məhz həmin tarixə AR Mərkəzi Bankının uçot faiz dərəcəsi 7.25% olduğundan 84,58 (səksən dörd manat, əlli səkkiz qəpik) AZN (illik faiz məbləği-253,75 AZN, 1 aylıq faiz məbləği 21.14 AZN, 4 aylıq faiz məbləği-84,58 AZN) məbləğində gecikdirmə faizi cavbadeh tərəfindən iddiaçıya ödənməlidir. Sözügedən mübahisə ilə əlaqədar ona göstərilən hüquqi yardıma görə tərəfindən 200 (iki yüz) AZN xərc çəkilmişdir. Cavabdeh ilə “Whatsapp” proqramı üzərindən danışıqlar həyata keçirilmişdir və bu barədə ekran görüntüləri tərəfindən təqdim edilmişdir. Həmçinin Cavabdeh borcunu etiraf etdiyi səs yazısı da mövcuddur və bu elektron daşıyıcıda öz əksini tapmaqdadır. Məhz bu ekran görüntülərində və səs yazısında cavabdeh borcun olduğunu etiraf etdiyindən, onlar mübahisənin həllində sübut kimi istifadə edilməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini, iddia ərizəsində göstərdiklərini təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişd, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materiallarda Azərbaycan Respublikası CMnin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılmasının rədd edilməsi, ərizəçi vətandaşa yaranmış situasiya ilə bağlı məhkəməyə müraciət etməsi hüququ olmasının izah edilməsi qərara alınmışdır. İş materialına əlavə edilmiş whatsapp tətbiqi vasitəsilə aparılan yazışmaların surətindən görünür ki, +994 50 664 98 81 nömrə başlığı altında təmsil edilən şəxslə iddiaçı arasında aralarındakı borcun ödənilməsi barədə yazışmalar olmuşdur. İş materiallarına əlavə edilmiş 15 noyabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 58.40 AZN dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Beləliklə, işin həqiqi halları, iddiaçının izahatı və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında işlər görülməsi, xidmətlər göstərilməsi ilə bağlı şifahi razılıq əldə olunmuş, İddiaçı özünə məxsus nəqliyyat vasitəsilə cavabdehə xidmət etməyi, cavabdeh isə qarşılığında hər gün üçün 500 manat ödəməyi öhdəsinə götürmüşdür. 11 gün İddiaçı tərəfindən nəqliyyat vasitəsi işlədilsə də, cavabdeh 4 günün ödənişini etmiş, qalan məbləği ödəməmişdir. Qeyd edilənlər iddiaçının izahatı və işdə olan sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən iddia tələbi görülən iş, göstərilən xidmətə görə razılaşdırılmış 3500 manat pul hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbini 84.58 manat məbləğində faiz borcunun tutulması hissəsində də əsaslı hesab edir. İşin mübahisəsiz halıdır ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymiş, 3500 manat məbləğində pul vəsaitini qaytarmaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur. Mərkəzi Bankın 2024-cü il üçün bank uçot dərəcəsi ortalama 7.25% olmuşdur ki, 3500 manat məbləğinin 7.25 faizi illik 253.75 manat təşkil etməklə, 4 ay üçün 84.58 manat təşkil etməkdədir. İddia tələbinin qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardıma görə ödədiyi 200 manatın ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 58 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 54 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödənilməmiş 3500 (üç min beş yüz) manat məbləğində pul, borcun gecikdirilməsi üçün 84.58 (səksən dörd manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3584.58 (üç min beş yüz səksən dörd manat əlli səkkiz qəpik) manat məbləğində pul və 54 (əlli dörd) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-232/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-232/2025
27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver