Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-327/2025 12.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1650 (bir min altı yüz əlli) manat məbləğində əsas borcun və 46 (qırx altı) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sürücü işləyir, idarə etdiyi avtomaşının qoşqusunun medoratoru xarab olmuşdur. Astara şəhərinin Kələdəhnə adlanan qəsəbəsində elektrik işləyən Cavabdeh maşının xarab olan hissəsini tələbinə əsasən 1650 (bir min altı yüz əlli) manat pul ödəyib almışdır. Aldığı həmin maşın hissəsi xarab çıxdığı üçün cavabdehə bildirmiş, cavabdeh maşın hissəsini geri götürərək bildirmişdir ki, təmir etdirəcəkdir. Təxminən 3 gün keçdikdən sonra Cavabdeh satdığı maşın hissəsini gətirib ona vermiş və bildirmişdir ki, təmir etdirib. Maşın hissəsini quraşdırdıqdan sonra yenə də işləməmişdir. Odur ki, maşın hissəsini Cavabdeh qaytarmış və ödədiyi pulu geri tələb etmişdir. Cavabdeh ondan aldığı 1650 manat pulu qaytarmaqdan imtina etməmişdir. O vəd vermişdir ki, tez bir vaxtda pulu qaytaracaqdır. Lakin, aradan xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh aldığı pulu bəhanələrlə qaytarmır. O məcbur olub bu barədə Astara rayon Polis şöbəsinə müraciət etmişdir. Astara rayon polis şöbəsi xx.xx.2024-cü il tarixli 65/2Ə-18368(11)24 saylı məktubu ilə bildirmişdir ki, bu barədə mülki qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Odur ki, göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdiyini, iddia ərizəsində göstərdiklərini təsdiq edərək, cavabdehə maşın hissəsinə görə 1600 manat, xidmət haqqı olaraq 300 manat ödədiyini, maşın hissəsini qaytardıqdan sonra cavabdehin 250 manatını geri qaytardığını, 1650 manat borclu qaldığını bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmiş, 06 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X5 iştirak edərək iddia tələbini qəbul etmiş, hissə-hissə ödəniş imkanı olduğunu bildirmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZE 000***** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Astara rayonu Maşxan kəndində anadan olmaqla həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 18478521 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş yaşayış yeri barədə Astara rayon İHB-nin Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 29 noyabr 2024-cü il tarixli 872 saylı arayışdan görünür ki, Əliyev X3 rayonu Maşxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 65/2Ə-18368(11)24 saylı məktubdan görünür ki, İddiaçı Astara RPŞ-yə etdiyi müraciətlə əlaqədar ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567.1-ci maddəsinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 761-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 767.1-ci maddəsinə əsasən əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatı və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı maşının xarab olan hissəsini yenisi ilə əvəz etməsi üçün cavabdehin tələbinə əsasən əvəz edilən hissəyə görə 1600 (bir min altı yüz əlli) manat pul ödəmiş və görülən işə görə 300 manat xidmət haqqı ödəmişdir. Aldığı həmin maşın hissəsi xarab çıxdığı üçün Cavabdeh qaytarmış və ödədiyi pulu geri tələb etmiş, cavabdeh 250 manatı qaytarmış, qalan 1650 (bir min altı yüz əlli) manat pulu qaytaracağına söz vermişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, hazırki iddianın predmetini podrat müqaviləsinin icrasından irəli gələn münasibətlər, qanuni əsasını podrat müqaviləsinə tətbiq edilməli olan normalar təşkil edir. Hazırki mübahisədə, cavabdeh öz materialları ilə iddiaçıya məxsus əşyanı təmir etməyi öhdəsinə götürmüş, bu səbəbdən həmin materialın keyfiyyəti üçün məsuliyyət daşımalı olmuşdur. Material keyfiyyətsiz olduğundan iddiaçı təmir işinin görülməsi üçün əlavə vaxt vermiş, lakin, cavabdeh qüsurları aradan qaldırmamışdır. Cavabdehin dəyişdirdiyi əşyanın hazırda özündə olması, pulun bir hissəsinin tərəfindən qaytarılması işin mübahisəsiz halıdır. Həmçinin tələb edilən pulun hissə-hissə ödənilməsini cavabdehin məhkəmədən xahiş etməsi iddia tələbini qəbul etməsinin göstəricisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş müddətdə yerinə yetirilən işdəki qüsur aradan qaldırılmadığından, cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən 1650 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 1650 (bir min altı yüz əlli) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 46 (qırx altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 1650 (bir min altı yüz əlli) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 46 (qırx altı) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №2(018)-327/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-327/2025
12.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver