Məhkəmə qərarları › İş №2(018)-465/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-465/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-465/2023 27.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Oqtay Şeydabəyov iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində vurulmuş zərər və 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «VAZ21074» markalı, 07BJ801 dövlət nömrə nişanlı avtomobil 12 fevral 2022-ci ildən 12 fevral 2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 12 fevral 2022-ci il tarixli PAG********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. Cavabdeh etibarnamə ilə idarə etdiyi «VAZ21074» markalı, 07BJ801 dövlət nömrə nişanlı avtomobil 18 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Astara şəhər, gənclər evinin yanında idarəetməni itirərək “VAZ2107” markalı, 10MB029 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və həmin hadisə ilə bağlı 07 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Zərərin hesablanması aktından görünür ki, hadisə nəticəsində “VAZ2107” markalı, 10MB029 dövlət nömrə nişanlı avtomobilə 1400 manat məbləğində zərər dəymişdir. İddiaçı 27 oktyabr 2022-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs İbadov Hüseynağa Mirzağa oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. “A-Qroup Sığorta Şirkəti müqaviləsinə dair” məlumatından görünür ki, «VAZ21074» markalı, 07BJ801 dövlət nömrə nişanlı avtomobil 12 fevral 2022-cİ ildən 12 fevral 2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığorta aktından görünür ki, 18 sentyabr 2022-ci il tarixdə «VAZ21074» markalı, 07BJ801 dövlət nömrə nişanlı avtomobillə Astara şəhər, gənclər evinin yanında idarəetməni itirərək “VAZ2107” markalı, 10MB029 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə “VAZ2107” markalı, 10MB029 dövlət nömrə nişanlı avtomobilə 1400 (min dörd yüz) manat maddi ziyan vurmuşdur. 07 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. 27 oktyabr 2022-ci il tarxili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1400 (bir min dörd yüz) manat məbləğində olan sığorta ödənişi İbadov Hüseynağa Mirzağa oğlunun hesabına köçürülmüşdür. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində vurulmuş zərər "xxxx" ASC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 34,40 (otuz dörd manat, qırx qəpik) məbləğində pul vəsaiti alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar