Məhkəmə qərarları › İş №2(018)-495/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-495/2024

08.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-495/2024 08.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, ilə, İddiaçı X4 Cavabdeh Nabətəli qızına qarşı “paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh Nabətəli qızına qarşı “paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlak, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-590A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən Astara rayonu Pensər kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X8 məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxmağə mümkün hesab etmişdir. İddiaçı X4 imzaladığı iddia ərizəsindən məlum olur ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 18 saylı qərarına əsasən onun və ailə üzvülərinin mülkiyyətlərinə Astara rayonu Pensər kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-590A nömrəli (KOD:********) şəhadətnamədə müvafiq qeyd edilmişdir. Həmin şəhadətnamədə adları qeyd edilən ailə üzvüləri ölmüşlər.Başqa ailə üzvüləri isə sağdır. Ona görə də o, qeyd edilən torpaq sahəsində özünə məxsus olan payın müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə digər Cavabdeh Nabətəli qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməməslər səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Nabətəli qızının iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı X8 Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, X8 xx xxxx 1966-cı il tarixdə anadan olmaqla, Astara rayonu Pensər kəndində yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, Cavabdeh Nabətəli qızı xx xxxxxx 1974-cü il tarixdə anadan olmaqla, Astara rayonu Pensər kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamədən” məlum olur ki, Cavabdeh Nabətəli qızı xx xxxxxx 1974-cü il tarixdə Astara rayonu Pensər kəndində anadan olmaqla, onun atası kimi X14, anası kimi isə X20 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-590A nömrəli (KOD:********) şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 18 nömrəli qərarı ilə X4 və onun ailə üzvüləri X6, X11 və X7 mülkiyyətinə Astara rayonu Pensər kəndi ərazisində 0,18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamədən” və Astara rayon Qeydiyyat şöbəsinin arayışlarından məlum olur ki, X14 06 iyul 2004-cü il tarixdə, X20 18 avqust 2014-cü il tarixdə və X15 isə 02 sentyabr 2012-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, 2012-ci ilədək aparılmış yoxlama zamanı X15 barəsində nikah haqqında akt qeydi aşkar edilməmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X8 xx xxxx 1966-cı il tarixdə Astara rayonu Pensər kəndində anadan olmaqla, onun atası kimi X14, anası kimi isə X26 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon Qeydiyyat şöbəsinin arayışından məlum olur ki, X15 02 iyul 1971-ci il tarixdə Astara rayonu Pensər kəndində anadan olmaqla, onun atası kimi X14, anası kimi isə X26 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Astara rayona İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 fevral 2024-cü il tarixli 945 nömrəli arayışından məlum olur ki, X15 ölən vaxta kimi Astara rayonu Pensər kəndində yaşamışdır və o, öləndən sonra vərəsəsi X25 o, yaşadığı evdə qeydiyyatda olmaqla yaşayır. Mülki işə əlavə edilmiş Astara rayona İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 fevral 2024-cü il tarixli 943 nömrəli arayışından məlum olur ki, X14 ölən vaxta kimi Astara rayonu Pensər kəndində yaşamışdır və o, öləndən sonra vərəsəsi X20 və X8 o, yaşadığı evdə qeydiyyatda olmaqla yaşamışlar. Çıxıb gedən vərəsələr isə X17, X21, X18, X15, X22 və Cavabdeh Nabətəli qızı olmuşlar. Mülki işə əlavə edilmiş Astara rayona İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 fevral 2024-cü il tarixli 944 nömrəli arayışından məlum olur ki, X20 ölən vaxta kimi Astara rayonu Pensər kəndində yaşamışdır və o, öləndən sonra vərəsəsi X8 o, yaşadığı evdə qeydiyyatda olmaqla yaşamışlar. Çıxıb gedən vərəsələr isə X17, X21, X18, X15, X22 və Cavabdeh Nabətəli qızı olmuşlar. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 18 nömrəli qərarı ilə iddiaçı X4 və onun ailə üzvüləri X6, X11 və X7 mülkiyyətinə Astara rayonu Pensər kəndi ərazisində 0,18 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı X3 başqa digərləri ölmüşdür. X2 və X1 Ülvüyyə Nəbatəli qızının valideyinləri, X15 isə qardaşıdır. X14 və X11 7 nəfər vərəsəsi, X15 isə 1 nəfər vərəsəsi vardır. İddiaçı X8 həmin torpaq sahəsində payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 6.1-ci maddəsinin 7, 8 və 9-cu bəndlərinə müvafiq olaraq mülki hüquqların maneəsiz həyata keçirilməsinəşərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən, iddia qaldırılması üçün iddiaçı X4 ödədiyi 100 (bir yüz) manat dövlət rüsumuna görə 100 (bir yüz) manat pul onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X4 Cavabdeh Nabətəli qızına qarşı “paylı ümumi mülkiyyətdə olan daşınmaz əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddiası təmin edilsin. Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 18 nömrəli qərarı ilə mülkiyyətə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-181A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Astara rayonu Pensər kəndi ərazisində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsində iddiaçı X4 və X16 hər birinin mülkiyyət paylarının ayrıayrılıqda 9/28 (iyirmi səkkizdə doqquz) hissədə, X9, X12, X10, X13 və Cavabdeh Nabətəli qızının hər birinin mülkiyyət paylarının ayrı-ayrılıqda 2/28 (iyirmi səkkizdə iki) hissədə olması müəyyən edilsin. İddiaçı X8 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumuna görə Cavabdeh Nabətəli qızından 100 (bir yüz) manat məbləğində pul alınaraq iddiaçı X5 ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar