Məhkəmə qərarları › İş №2(018)-531/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-531/2025

30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-531/2025 30.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh:maddi zərər kimi 3.000 (üç min) manat, mənəvi zərər kimi 1.000 (bir min) manat, dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat, olmaqla cəmi 4.060 (dörd min altmış) manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X4 ərizə və teleqram ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. İddiaçı X4 iddia ərizəsində göstəmişdi ki, 2024-cü ilin yanvar ayında iddiaçının qonşusu X5 vasitəsilə Cavabdeh ilə tanışlıq baş vermişdir. Belə ki, iddiaçı bacısı oğlu Rəşadın hərbi xidmətini ölkənin şimal bölgəsindəki hərbi hissələrdən birində davam etdirməsini istəyərək bu barədə Əliyev Rəşidə müraciət etmiş, Rəşid də keçmiş hərbçi kimi tanıdığı cavabdeh Rövnəti bu işdə vasitəçi kimi məsləhət görmüşdür.Bu məqsədlə iddiaçı cavabdehlə görüşmüş, cavabdeh isə bu işdə yardım göstərə biləcəyini və qarşılığında 2.000 manat tələb etdiyini bildirmişdir. Bir neçə gün sonra cavabdeh təkrar əlaqə saxlayaraq bacısı oğlu X8 Xidmətinin Bakı şəhərində yerləşən baş idarəsində xidmət etməsi üçün əlavə 1.000 manat lazım olduğunu bildirmişdir.İddiaçı bu tələbi qəbul etmiş və Rəşadla birlikdə Sumqayıt şəhərinə gələrək cavabdeh Rövnətə ümumilikdə 3.000 manat məbləğində pul vermişdir. Cavabdeh isə öz növbəsində Rəşadın 3 ay ərzində Bakı şəhərində xidmətini davam etdirəcəyinə dair söz vermişdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, Rəşad Bakı şəhərinə deyil, Yevlax şəhərinə göndərilmişdir. Bununla əlaqədar olaraq iddiaçı cavabdehlə əlaqə saxlamış, cavabdeh isə səbirli olunmasını tövsiyə etmişdir. Gözləmə müddətində nəticə əldə olunmadığından iddiaçı cavabdehdən aldığı məbləği geri qaytarmasını tələb etmiş, cavabdeh isə bu tələbi qəbul etdiyini və yaxın zamanda qaytaracağını bildirsə də, bu günə qədər pulu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə şifahi xəbərdarlıq etsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçı aldadılaraq maddi zərərə uğramışdır. Bu barədə iddiaçı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin 11 avqust 2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı cavabdehə verdiyi 3.000 manat pulun qaytarılmasını və bu prosesdə yaşadığı psixoloji gərginlik və əsəb pozuntularına görə 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Odur ki, Cavabdeh:maddi zərər kimi 3.000 (üç min) manat, mənəvi zərər kimi 1.000 (bir min) manat, dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat, olmaqla cəmi 4.060 (dörd min altmış) manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdi ki,.iddia ərizəsi ilə tanış olmuş və orada qeyd olunanların tamamilə əsassız və sübutsuz olduğunu bildirmişdir. Həmin iddianın yalnız böhtan və şəxsi maraqlar üzərində qurulduğunu hesab edir. İlk olaraq qeyd edir ki, 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur. Eyni zamanda Vətən Müharibəsi veteranıdır və bu səbəbdən dövlət tərəfindən müəyyən olunmuş aylıq 80 manat məbləğində müavinət almaqdadır. Medalların surətləri əlavə olunmuş sənədlərdə təqdim edilmişdir.İddiaçının irəli sürdüyü iddialar – yəni guya onun, iddiaçının bacısı oğlu Rəşadı Bakı şəhərində yerləşən hərbi hissəyə təyin etdirəcəyi ilə bağlı öhdəlik götürməsi – tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlardır. İddiaçı bu barədə heç bir sübut təqdim etməmiş, yalnız uydurma və böhtan xarakterli iddialarla məhkəməyə müraciət etmişdir. İddiaçı ilə tanışlığı onun bacısı oğlu Əliyev Rəşad vasitəsilə olmuşdur. İddiaçının yeganə xahişi Rəşadın hərbi xidmətdə olduğu müddətdə qohumları ilə telefon əlaqəsi saxlaması üçün ona köməklik göstərməsi olmuşdur. O da bu insani xahişi yerə salmayaraq, heç bir maddi qarşılıq gözləmədən yardım göstərmişdir. Görünür ki, etdiyi bu yaxşılığın qarşılığında iddiaçı əsassız yerə ondan pul tələb etmək niyyətinə düşərək bu cəfəng iddianı irəli sürmüşdür. Qeyd edir ki, iddiaçı bu məsələ ilə bağlı daha əvvəl Sumqayıt şəhər Polis İdarəsinə də müraciət etmişdir. Polis orqanları tərəfindən aparılan araşdırma nəticəsində onun dediklərinin əsassız olduğu müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Həmin qərar da təsdiq edir ki, onun tərəfindən heçbirqanunsuzhərəkətəyolverilməmişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında şəxsi səbəblər üzündən iştirak edə bilməyəcəyini bildirir. "Berlin" Ailə və Uşaq Klinikasının xx.xx.2025-ci il tarixli arayışına əsasən, onun qızı – X2 xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinədək həmin klinikada stasionar müalicədə olacaqdır. Bu səbəbdən növbəti məhkəmə iclasının xx.xx.2025-ci ildən sonrakı tarixə təxirə salınmasını xahiş edir. Odur ki, iddiaçının ona qarşı irəli sürdüyü iddianın əsassız və sübutsuz olduğu səbəbindən tam rədd edilməsini; xx.xx.2025-ci il tarixində keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün iclasın xx.xx.2025 tarixindən sonrakı bir tarixə təxirə salınmasını; Medalların surəti və tibbi arayış sənədlərinin iş materiallarına əlavə olunmasını xahiş edir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmidir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarında olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi Yusif Süleymanovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o İddiaçı Rəşidin vasitəsi ilə tanımış və Fuadın bacısıoğlunu Dövlət Sərhəd Xidmətində hərbi xidmətə saldırmaq istədiyini və ondan kömək istədyini bildirmişdir. O da bu işdə Fuada kömək edə biləcəyini demiş və bunun qarşılığında Fuaddan 2000 manat pul almış və daha sonra Rəşadı hərbi xidmət keçməsi üçün Bakıya gətizdirəcəyini deyərək Fuaddan əlavə 1000 manat da pul almışdır. O həmin vaxt maddi sıxıntıları olduğu üçün Fuaddan aldığı pulu öz məsrəflərinə xərclədiyini, həmin puldan heç kimə vermədiyini, Rəşadı Bakıya gətizdirməklə bağlı heç kimlə danışmadığını, maddi durumu düzələn kimi Fuadın pulunu geri qaytaracağını bildirmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1982-ci il tarixdə Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. Mülki iş materialına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, X4 məhkəməyə müraciət edilməsi üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. 03 noyabr 2008-ci il tarixli “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütanasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X3 verilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınıb iddiaçı X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar