Məhkəmə qərarları › İş №2(018)-730/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-730/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-730/2023 29.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə» iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1836 (min səkkiz yüz otuz altı) manat, 42 (qırx iki) qəpik və 3163 (üç min bir yüz altmış üş) manat, 58 (əlli səkkiz) qəpik olmaqla, cəmi 5000 (beş min) manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş dövlət rüsumun görə 70 (iyetmiş) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki mülki işə iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Mülki iş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək mülki işə mahiyyət üzrə baxılmasını və mülki iş üzrə idia müddətinin tətbiq edilməsini tələb etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 22 aprel 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mersedes Benz E190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 məxsus olan “Mersedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil və X2 məxsus olan “Mersedes BenzGL 450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. “Mersedes Benz E190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 13 mart 2020-ci il tarixdən 13 mart 2021-ci il tarixə kimi olan müddət ərzində PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. 23 aprel 2020-ci il tarixli qüsur aktına əsasən “Mersedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4100 manat məbləğində, “Mersedes BenzGL 450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2380 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. 07 may 2020-ci il tarixli ödəniş sənədlərinə əsasən X4 3163 (üç min bir yüz altmış üş) manat, 58 (əlli səkkiz) qəpik və X2 1836 (min səkkiz yüz otuz altı) manat, 42 (qırx iki) qəpik ödəniş edilmişdir. Bakı şəhəri Nərimanov rayon DYPŞ-nin YNH barədə olan arayışından məlum olur ki, 23 aprel 2020-ci il tarixli XP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 22 aprel 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Mersedes Benz E190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil, X4 məxsus olan “Mersedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil və X2 məxsus olan “Mersedes BenzGL 450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Ancaq həmin yol-nəqliyyat hadisəsi onun günahı üzündən baş verməmişdir. Belə ki, o, həmin hadisə ilə əlaqədar inzibati qaydada tənbeh edilməmişdir. Həmçinin İddiaçı "xxxx" ASC-i iddia ərizəsini iddia müddətini buraxmaqla vermişdir. Ona görə də iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş 20 mart 2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan məlum olur ki, “Mersedes Benz E190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 13 mart 2020-ci il tarixdən 13 mart 2021-ci il tarixə kimi olan müddət ərzində PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Mülki işə əlavə edilmiş 24 aprel 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, Cavabdeh 23 aprel 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Ə.Rəcəbli küçəsində idarə etdiyi “Mersedes Benz E190” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mülki işə əlavə edilmiş 23 aprel 2020-ci il tarixli, XP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan məlum olur ki, Cavabdeh barəsində tərtib edilmiş 24 aprel 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehvermə haqqında müddət başa çatmasına görə Cavabdeh barəsində tərtib edilmiş 24 aprel 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Mülki işə əlavə edilmiş X1 Mərkəzinin 23 aprel 2020-ci il tarixli qusur aktlarından məlum olur ki, “Mersedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4100 manat məbləğində, “Mersedes BenzGL 450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2380 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş PXA 62875 və PXA 62875 saylı sığorta aktlarından məlum olur ki, “Mersedes Benz E250” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3163 (üç min bir yüz altmış üş) manat, 58 (əlli səkkiz) qəpik məbləğində, “Mersedes BenzGL 450” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil 1836 (min səkkiz yüz otuz altı) manat, 42 (qırx iki) qəpik məbləğində sığorta ödənişi edilməlidir. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olunmuşdur ki, 22 aprel 2020-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Ə.Rəcəbli küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsirindən baş verməsi məhkəmə iclasında iddiaçının təqdim etdiyi subutlarla öz təsdiqini tapmamışdır. Belə ki, həmin baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar İXP ******* nömrəli inzibati xəta haqqında protokol 24 aprel 2020-ci il tarixdə tərtib edilmişdirsə, həmin İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş XP ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar 23 aprel 2020-ci il tarixdə çıxarılmışdır və Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehvermə haqqında müddət başa çatmasına görə icraatına xitam verilmişdir. Məhkəmə iclasında həmçinin o da aydın oldu ki, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən iddia ərizəsini müəyyən edilmiş prossesual müddəti buraxmaqla vermişdir. Belə ki, "xxxx" ASC tərəfində sığorta ödənişləri 07 may 2020-ci il tarixdə verilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən iddia ərizəsi 11 may 2020-ci il tarixdə imzalanmaqla məhkəməyə göndərilmişdir. Göründüyü kimi iddiaçı Məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirmiş və iddia müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsini tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25.1.8-ci maddəsinə görə, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vaistləri sahiblərinin mülki məsuıiyyəti icbari sığortası üzrəbaş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Qeyd olunan Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 1114.1-ci maddəsində qeyd olunmuşdur ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinə əsasən Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə» iddiası əssasız olmasına görə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar