Məhkəmə qərarları › İş №2(018)-979/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-979/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-979/2025 09.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilin təmirinə görə 395 manat maddi ziyanın, ona qarşı etdiyi hörmətsiz hərəkətlərə görə, məhkəmədə yalan vəd verib ziyanı ödəmədiyinə görə, mənəvi iztirab və psixoloji gərginlik keçirtdiyinə görə Cavabdeh 500 manat mənəvi ziyanın və həmçinin 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yuxarda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşamaqla, atası X1 mülkiyyətində olan VAZ-21150 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobili Astara rayonu Siyakü kəndi ərasizində 7 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində işdən evə qayıdarkən yolun döngə olan hissəsində qəflətən qarşısına çıxan və arxa istiqamətdə hərkətdə olan Cavabdeh idarə etdiyi VAZ- 21213 markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobili görüb və dərhal idarə etdiyi avtomobili saxlamış, lakin qarşıda arxa istiqamətdə hərəkətdə olan avtomobil onun səs siqnallarına məhəl qoymayaraq qəza törətmişdir. Nəticədə idarə etdiyi avtomobilin sağ farası, sağ krılası, kapotu, bamperi əzilmişdir. VAZ-21213 markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh icbari avtomobil sığortası olmadığından avtomobilinə dəyən ziyanı özü ödəməkdən boyun qaçırmış, aralarında mübahisə yaranmış və nəticədə 11 iyun 2024-cü ildə Astara Rayon Məhkəməsində işə baxılmışdır. Astara rayon Yol Polisi İdarəsinin məhkəməyə təqdim etdiyi ziyan aktında 395 manat göstərilmişdir. Məhkəmə iclasında Cavabdeh peşman olduğunu və ona dəyən ziyanı məhkəmə iclasından sonra dərhal ödəyəcəyini məhkəməyə söz vermişdir. Lakin, iclas bitəndən sonra Cavabdeh və həyat yoldaşı ona 1 manat belə ödəməyəcəklərini bildirmişlər. Əlavə olaraq Cavabdeh kənd sakinləri vasitəsi ilə bir neçə dəfə ona heçnə borclu olmadığını və onun maddi ziyanını ödəməyəciyini bildirmişdir. Cavabdeh bildirmişdir ki, ziyanı ödəməyə maddi imkanı yoxdur, lakin, o meyvə-tərəvəz ticarəti ilə məşğul olur və bəllidir ki, Cavabdeh 395 manat olan maddi ziyanı ödəyə bilərdi. O avtomobili öz maddi vəsaiti ilə ustada düzəltdirmişdir. Cavabdeh bu saymazlığı, özbaşınalığı, məsuliyyətsizliyi nəticəsində o, 11 iyun tarixindən 1 ay ərzində çətinliklə işə gedib gəlmişdir. İş yeri Lənkəran rayonunun Göyşaban kəndində yerləşir. İşə çatmaq üçün ən azından üç marşrut dəyişmək məcburiyyətində qalmışdır, nəticədə, işə gecikmə halları və işdən evə qayıdanda da günün qaranlıq vaxtlarına düşməyi kimi hallar baş vermişdir. Cavabdeh qanunsuz hərəkətləri və hörmətsizliyi nəticəsində o, psixoloji gərginliyə məruz qalmışdır, mənəvi iztirab və əsəb keçirmişdir. Bu səbəbdən, işdə lazımi qaydada əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir, işə gedib-gəlməyin də yolun məsafəsinə görə çətinliklərlə üzləşmişdir və buna görə də ona maddi ziyandan əlavə 500 manat mənəvi ziyan da, dəymişdir. Təqribən 10 aydan sonra iddia ərizəsinin verilməsinə səbəb cavabdehin ailəsində baş vermiş məlum cinayət hadisəsinə görədir. Çünki, Cavabdeh həmin hadisədə zərərçəkmiş şəxsdir və sağlamlığına ağır zərər vurulmuşdur. Ona sağlamlığını bərpa etməsi üçün maddi vəsaitin və zamanın lazım olduğunu nəzərə almışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyul 2025-ci il tarixli məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia ərizəsində göstərdikləri bütün halları nəzərə alaraq maddi və mənəvi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir, onun tələb edilən məbləği ödəməyə maddi imaknı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nin Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 fevral 2025-ci il tarixli 206 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Siyakü kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, İddiaçı məxsus VAZ-21150 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 395 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Astara Rayon Məhkəməsinin 3(018)-494/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarınən surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 04 may 2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Plenum Qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş materiallarının araşdırılması ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, 07 iyun 2024-cü il tarixdə saat 19:00 radələrində Astara rayonu Siyakü kəndi ərasizində X1 mülkiyyətində olan VAZ-21150 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobil ilə Cavabdeh idarə etdiyi VAZ-21213 markalı **-ME-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə protokol tərtib edilmiş və barəsində Astara Rayon Məhkəməsinin 3(018)-494/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan VAZ-21150 markalı **- CB-*** dövlət nömrə nişanlı avtomobilə 395 manat maddi ziyan dəymişdir. İddiaçı yol nəqliyyat hadisəsi nəticəsində ona 500 manat mənəvi ziyan dəydiyini iddia etsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılara dair sübutları məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə, iddiaçının avtomobilinə zərər vurulması, həmçinin iddiaçının avtomobilinə ziyan dəyməsində cavabdehin təqsirli olması, cavabdehin əməlinin hüquq zidd olması və cavabdehin hüquqa zidd (təqsirli) hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcud olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən iddiaçı dəymiş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə tam ödənilməlidir. Lakin, məhkəmə mənəvi zərərin tələb edilməsi hissəsində hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı hallara dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 395 (üç yüz doxsan beş) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar