Məhkəmə qərarları › İş №2(019)-176/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-176/2022

10.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-176/2022 10.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan 0.2498 ha torpaq sahəsi üzərində inşa edilmiş 5.3 m X 3.5 m və 11,1m X 5.1 m olan 2 ədəd qeyri -yaşayış binalarına mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonunun Kortala kəndində yaşayır. Şəxsi mülkiyyətində 0.2498 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsinə dair adına DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı “ Çıxarış” verilmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının 03 aprel 2015-ci il tarixli 30 saylı Sərancamı ilə xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi haqqında qərar qəbul edilmişdir. Sərəncam verildikdən sonra həyətyanı torpaq sahəsində 5.3mX3.5m və 11.1 m..X 5.1 m olmaqla iki ədəd qeyri yaşayış binası tikdirmişdir.Həmin binalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda həmin qeyri -yaşayış binalarına əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd “Çıxarış” almaq istəyir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, orada ondan “Tikinti obyektinin istismarına icazə” aktı tələb olunmuşdur. Bu aktın alınması ilə bağlı Balakən RİH-i Memarlıq və Tikinti şöbəsinə müraciət etmişdir. Balakən rayon İH tərəfindən müraciəti ilə bağlı ona ünvanlanmış 02 noyabr 2021-ci il tarixli 02- 1893 saylı məktubda bildirilmişdir ki, o, “Tikinti obyektinin istismarına icazə” aktı almaq üçün Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə, “İstismara hazırlıq akt”nı Balakən rayon İH Memarlıq və tikinti şöbəsinə təqdim etməlidir. O, hüquqi məlumatsızlığından bu sənədləri qeyd olunan tikintiləri apararkən müvafiq təşkilatlardan almamışdır. Lakin qeyri yaşayış binalarını tikdirməzdən əvvəl Azərbaycan Respublikası Qax rayon "xxxx" MMC tərəfindən Tikintilərin Memarlıq Planlaşdırma Layihəsi hazırlanmış və təsdiq olunmuşdur. Sahibkarlıq obyektlərini həmin layihə əsasında tikmişdir. Bu qeyri yaşayış binaları digər vətəndaşların heç bir hüququnu pozmur. Memarlıq üslubuna uyğundur.Bütün bunlar təqdim etdiyi sənədlərlə də təsdiq olunur və öz əksini tapır. 2016-cı ildən etibarən həmin obyektlərdən istifadə etmişdir. Lakin buna baxmayaraq o, uzun müddətdir ki, istifadəsində olan bu obyektlərə öz mülkiyyət hüququnu tanıtdıra, yəni adına rəsmiləşdirə bilmir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərmişlər. Etiraz onunla əsaslandırılmışdır ki,daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qanunun 8.0.10.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə əsas sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Həmin Məcəllənin 102.3-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-cü maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunan qanunvericiliyin məzmunundan göründüyü ki, iddiaçı arzu etdiyi sənədin (tikinti obyektinin istismarına icazə) əldə edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət etməli və həmin qurum bu sənədin verilməsindən imtina edildiyi halda həmin sənədin əldə etməsi üçün inzibati məhkəmə icraatı qaydasında həmin quruma qarşı iddia qaldırmalıdır. İddiaçı inzibati məhkəmə icraatı qaydasında həmin sənədin əldə edilməsinə nail ola bilməsə, yalnız o zaman onun hazırki iddiasına ümumi məhkəmə icraat qaydasında baxıla bilər.Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edir. Cavabdeh Balakən Rayon Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan 0.2498 ha torpaq sahəsi üzərində inşa edilmiş 5.3 m X 3.5 m və 11,1m X 5.1 m olan 2 ədəd qeyri -yaşayış binalarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı oğlu hazırkı iddianı inzibati orqanlara qarşı qaldırmışdır və məqsədi həyətində inşa etdirdiyi qeyri yaşayış binalarını mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı bu məqsədlə cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət belə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1- 25.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən : 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır: 1.Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s.ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2,153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hazırkı mübahisənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmasını,iddiaçının həmin inzibati orqana rəsmi müraciət etməməsini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə işə ümumi məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia ərizəsinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261- 262, 263-264, 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olan inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar