Məhkəmə qərarları › İş №2(019)-248/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-248/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-248/2021 21.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 650 (altı yüz əlli) manat məbləğində dəymiş ziyan və 30.40 manat dövlət rüsumunun əvəzinin İddiaçınin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı-də 07 iyun 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Nissan Maxima» markalı, 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 03 avqust 2020-ci il tarixdə Şəki rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan «VAZ-21041» markalı, 31BE674 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, onu zədələmişdir. AR BDYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkçənin avtomobilinin zədələnməsi ilə əlaqədar 650 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini bildirərək, bütün məhkəmə iclaslarını iştirakları olmadan keçirərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Hazırki iş üzrə 25 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 2020-ci il tarixli TP3909617 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 03 avqust 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən idarə olunan Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil Şəki rayonunda, Şəki-Qaraməryəm yolunun 51-ci kilometrliyində X5 tərəfindən idarə olunan «VAZ-21041» markalı, 31BE674 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, onu zədələmiş, nəticədə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. İş materiallarından görünür ki, 07 iyun 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən «Nissan Maxima» markalı, 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə «Günay Sığorta" ASC-də sığortalanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06.08.2020-ci il dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, VAZ 2104 markalı 31BE674 dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat məbləğində zərər dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20.10.2020-ci il tarixli PGU-202229 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, İddiaçı ASC tərəfindən X2 hesabına 650 (altı yüz əlli) manat məbləğində zərər məbləği köçürmə yolu ilə ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2104 markalı 31BE674 dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26.10.2020-ci il tarixli, 62455 nömrəli ödəniş tapşırığından görünür ki, 650 manat sığorta ödənişi İddiaçı tərəfindən X4 ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, Cavabdeh2 tərəfindən Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və sair hüquqlar üzrə Cavabdeh1 04.02.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək və 10.06.2020-ci il tarixdən 10.06.2021ci il tarixədək qüvvədə olan etibarnamə verilmiş və həmin tarixlərdə, o cümlədən yolnəqliyyat hadisəsinin baş verdiyi 03 avqust 2020-ci il tarixdə Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahiblik və istifadəsində olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş RH1191067 nömrəli «DRİVİNGE LİCENCE» sürücülük vəsiqəsində Gürcüstan Respublikasında Cavabdeh1 sürücülük vəsiqəsinin verilməsi və onun 21.03.2034-ci il tarixədək qüvvədə olması göstərilmişdir. İşə əlavə olunmuş 16 iyul 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə ekspert məlumatından görünür ki, təyin olunmuş məhkəmə-texniki ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan Cavabdeh1 adına verilmiş RH1191067 nömrəli «DRİVİNGE LİCENCE» adlı sürücülük vəsiqəsinin əsli və Gürcüstan Respublikasının «DRİVİNGE LİCENSE» adlı sürücülük vəsiqəsinin nümunəsinin təqdim edilməsi barədə 08 may 2021-ci il tarixində vəsatət verilmiş, lakin ekspert vəsatəti təmin edilməyərək, həmin sənədlər ekspertizaya təqdim olunmamış, nəticədə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir (iş üzrə Cavabdeh1 dəfələrdə bildirilməsinə baxmayaraq, həmin Cavabdeh1 adına verilmiş RH1191067 nömrəli «DRİVİNGE LİCENCE» adlı sürücülük vəsiqəsinin əsli və Gürcüstan Respublikasının «DRİVİNGE LİCENSE» adlı sürücülük vəsiqəsinin nümunəsi Cavabdeh1 tərəfindən nə məhkəməyə, nə də ekspertizaya təqdim edilməmişdir). İşə əlavə olunmuş Balakən Rayon Polis Şöbəsinin 08.09.2021-ci il tarixli, 109-21380- 1221 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən əldə edilmiş məlumata əsasən X6 İmtahan və X7 tərəfindən vətəndaş Cavabdeh1 adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan 15.12.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə 25 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 03 avqust 2020-ci il tarixdə Qaraməryəm-Şəki yolunun 51-ci kilometrliyində Cavabdeh1 tərəfindən idarə olunan Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil «Günay Sığorta" ASC-də 07 iyun 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X5 tərəfindən idarə olunan «VAZ-21041» markalı, 31BE674 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, onu zədələmiş, nəticədə TP3909617 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) törədilməsində təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. VAZ 2104 markalı 31BE674 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 650 manat məbləğində zərərlə bağlı 650 manat sığorta ödənişi 26.10.2020-ci il tarixli, 62455 nömrəli ödəniş tapşırığı ilə İddiaçı tərəfindən X4 ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən hazıki iddianın qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Hazırda subroqasiya qaydasında həmin 650 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu tələb edilir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh2 tərəfindən Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və sair hüquqlar üzrə Cavabdeh1 04.02.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək və 10.06.2020-ci il tarixdən 10.06.2021ci il tarixədək qüvvədə olan etibarnamə verilmiş və həmin tarixlərdə, o cümlədən yolnəqliyyat hadisəsinin baş verdiyi 03 avqust 2020-ci il tarixdə Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahiblik və istifadəsində olmuşdur. RH1191067 nömrəli «DRİVİNGE LİCENCE» sürücülük vəsiqəsində Gürcüstan Respublikasında Cavabdeh1 sürücülük vəsiqəsinin verilməsi və onun 21.03.2034-ci il tarixədək qüvvədə olması göstərilmiş, lakin məhkəmə bildirişlərinə baxmayaraq, Cavabdeh1 təyin olunmuş məhkəmə-texniki ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan Cavabdeh1 adına verilmiş RH1191067 nömrəli «DRİVİNGE LİCENCE» adlı sürücülük vəsiqəsinin əsli və Gürcüstan Respublikasının «DRİVİNGE LİCENSE» adlı sürücülük vəsiqəsinin nümunəsini ekspertizaya təqdim etməmiş, yəni ekspertizanın keçirilməsinə faktiki olaraq mane olmuş, nəticədə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Balakən Rayon Polis Şöbəsinin 08.09.2021-ci il tarixli, 109-21380-1221 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemindən əldə edilmiş məlumata əsasən X6 İmtahan və X7 tərəfindən vətəndaş Cavabdeh1 adına sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunan qanun normasına əsasən məhkəmə Cavabdeh1 zəruri tədqiqat predmetini ekspertə təqdim etməməklə ekspertizanın keçirilməsinə mane olduğuna və işin hallarına görə həmin tədqiqat predmeti təqdim edilmədən ekspertizanın keçirilməsi mümkün olmadığına görə ekspertiza təyin edilən faktın mövcudluğuna-21.03.2034-cü il tarixədək qüvvədə olması göstərilən Gürcüstan Respublikasında Cavabdeh1 adına verilmiş RH1191067 nömrəli «DRİVİNGE LİCENCE» adlı sürücülük vəsiqəsinin həqiqi olmasına və Azərbaycan Respublikasında qüvvədə olmasına şübhə ilə yanaşaraq, bu halların mövcud olmasını qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-ci maddəsi başqa şəxsə zərərin vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, «faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunda ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş Cavabdeh1 650 manat məbləğində zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh1 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıda sığorta olunan avtomaşına 650 manat məbləğində zərər vurulmuş, həmin zərər Cavabdeh1 qanunazidd hərəkətləri nəticəsində vurulmuş, bu zərərlə Cavabdeh1 qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcud olmuş və Cavabdeh1 həmin ziyanan vurulmasında təqsirli olmuşdur. Yəni Cavabdeh1 əməlində delikt tərkibinin bütün cəhətləri mövcud olmuşdur. İş üzrə Cavabdeh1 zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və bu halların mövcdulğunu və beləliklə də ona qarşı iddianın heç bir faktoloji hallara və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını sübut edə bilməmişdir. Qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə əsaslıdır və təmin olunmalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddia digər Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Cavabdeh2 tərəfindən Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və sair hüquqlar üzrə Cavabdeh1 04.02.2020-ci il tarixdən 29.04.2020-ci il tarixədək və 10.06.2020-ci il tarixdən 10.06.2021-ci il tarixədək qüvvədə olan notarial qaydada təsdiq olunmuş etibarnamə verilmiş və həmin tarixlərdə, o cümlədən yol-nəqliyyat hadisəsinin baş verdiyi 03 avqust 2020-ci il tarixdə Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahiblik və istifadəsində olmuş, həmin vaxt Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmişdir. Cavabdeh2 həmin vaxt Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, yol-nəqliyyat hadisəsi törətməmiş və X3 və iddiaçıya hər hansı zərər vurmamış və onun həmin yol-nəqliyyat hadisəsini törətməsi və zərərin vurulmasında hər hansı təqsirinin olması müəyyən edilməmişdir. Yuxarıda istinad olunan qanun normalarından müəyyən olunur ki, (Mülki Məcəllənin 1096.1, 1096.1, 1097.1 və sair) mülki-hüquq pozuntuları nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün bu zərərin vurulmasında fiziki və ya hüquqi şəxsin təqsiri müəyyən olunmalıdır. Şəxsə tələb edilən məbləğdə zərərin vurulması, bu zərərin şəxsin qanunazidd hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması, şəxsin qanunazidd əməli ilə bu zərərin vurulmasında səbəbli əlaqənin olması və zərəri vurmuş subyektin mövcudluğu ilə yanaşı, delikt məsuliyyətinin yaranması üçün şəxsin həmin zərərin vurulmasında təqsirli olması və bu təqsirin qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya ya məhkəmənin və ya səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən olunması da vacibdir. Lakin qeyd edildiyi kimi, Cavabdeh2 sözügedən yol nəqliyyat-hadisənin törədilməsində və tələb edilən zərərin vurulmasında təqsiri məhkəmənin və ya səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İş üzrə iddiaçı tərəfindən də Cavabdeh2 həmin zərərin vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya səlahiyyətli orqanın qərarı və digər sübutlar məhkəməyə təqdim olunmamış, Cavabdeh2 münasibətdə iddianın əsaslılığı sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə vermək hüququna malikdir ki, Cavabdeh2 da bu hüququnu həyata keçirmiş və avtomaşın üzrə Cavabdeh1 yazılı etibarnamə vermişdir. Məhz həmin etibarnamə əsasında Cavabdeh1 Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomobilə faktiki sahiblik edib, ondan istifadə etməklə avtomobillə bağlı ona verilən hüquqları həyata keçirmiş və bu zaman avtoqəza hadisəsi törətməklə tələb olunan zərəri vurmuşdur və həmin zərərə görə də müstəqil olaraq məsuliyyət daşıyır. Belə ki, bu vəzifə yuxarıda istinad olunan Mülki Məcəllənin 1096, 1097 və 1108.1-ci maddələrindən yaranır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanun normasının mənasından da görünür ki, əmlaka sahiblik edən şəxs sahiblik və istifadə hüquqlarını həyata keçirərkən öz əməlindən yaranan hüquqi nəticələrə görə cavabdehlik daşıyır. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbindən də görünür ki, yüksək təhlükə mənbəyi nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə qanuni əsasla hər hansı şəxsə keçirsə, bu yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi həmin şəxsin öhdəsinə qoyulur. Nissan Maxima markalı 10LJ067 dövlət qeydiyyat nişanlı avtomaşına sahiblik və istifadə hüququ da Cavabdeh1 məhz etibarnamə əsasında, yəni qanuni əsasla keçmişdir və qanun normasının tələbinə görə həmin avtomaşının vurduğu zərərə görə də Cavabdeh1 məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə heç bir faktoloji və hüquqi əsaslara malik deyildir və ona görə təmin olunmamalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 650 (altı yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı-nin xeyrinə tutulmalı, iddia qalan hissədə- Cavabdeh2 münasibətdə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin; Cavabdeh1 650 (altı yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı-nin xeyrinə tutulsun; iddia qalan hissədə-Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar