Məhkəmə qərarları › İş №2(019)-309/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-309/2021

04.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-309/2021 04.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı X1 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Hənifə kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin ona məxsus 3/6 hissəsinin, fərdi yaşayış evinin ona məxsus 1/2 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4.11-ci maddəsinə əsasən məhkəməyə verilən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Bu fakt Balakən Rayon Məhkəməsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli aktla da təsdiq olunur. Belə ki, həmin aktda göstərilir ki, İddiaçı adına poçt vasitəsi ilə gələn zərfi açdıqda, qoşma hissədə dövlət rüsumunun ödənilməsi barədə qəbz qeyd olunsa da, zərfdə dövlət rüsumunun ödənilməsi haqqında sənədin olmadığı aşkar olunmuşdur. Qeyd olunanlar hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilmədiyinə görə İddiaçı X1 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçi İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı X1 qarşı ümumi birgə mülkiyyətdə olan əmlaklardan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar