Məhkəmə qərarları › İş №2(019)-509/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-509/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-509/2020 05.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı 770 (yeddi yüz yetmiş) manat maddi ziyan, 5000 manat mənəvi zərər və 30 (otuz) manat dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona vurduğu 770 manat maddi ziyanın, 5000 manat mənəvi zərərin və onun ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə gecə saat 22:00 radələrində VAZ-2107 markalı, LP-067 dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonunun Şimşək adlanan ərazisində, Yevlax- Zaqatala-Gürcüstan yolunun 125-ci km-də yolun sağ zolağında hərəkətdə olan zaman onun maşınını **-MC-*** dövlət qeydiyyat nömrə nişanlı, KAMAZ-6520 yük markalı maşını vurmuşdur. Yəni o, yolun sağ zolağında olarkən Cavabdeh ötmə əməliyyatı zamanı idarə etdiyi kamazın qabaq sağ tərəfi onun idarə etdiyi avtomobilin sol tərəfini (sol yan hissəsi qabaqdan arxaya qədər) əzmişdir. xx.xx.2020-ci il tarixdə saat 23:46 radələrində həmin hadisə ilə bağlı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə polis əməkdaşı Ramin Soltanov tərəfindən protokol yazılmışdır. Həmçinin Azərbaycan Respublikası DİN BAŞ DYP idarəsinin rəis müavini, YPXA-nın komandiri Fuad Mayılovun adına alınmış izahatda da Cavabdeh hadisəni törətməsini boynuna almış və etiraf etmişdir. Hadisə zamanı avtomobilinə dəyən ziyan ilə bağlı avtomobilinin şəkilləri hadisə günü gecə vaxtı və hadisədən bir gün sonra gündüz vaxtı çəkilmişdir.Cavabdeh idarə etdiyi avtomobil sığortalı olmamışdır. Cavabdeh ona vurduğu ziyanı da ödəmək istəmir. Həmin günlərdə o, stress, əsəb keçirmişdir.Onu vuran avtomobil yük avtomobilidir və daha sürətli olardısa onun avtomobilinə daha çox ziyan dəyərdi və o, xəsarət ala bilərdi. O, dəfələrdə Cavabdehla işlətdiyi ***-***-**-** nömrəli telefonla əlaqə saxladıqda ona dəymiş ziyanı ödəməsini və avtomobilini düzəltdirməyi tələb etdikdə, o, bunlardan imtina etmişdir. Hətta sonuncu dəfə onunla danışdıqda get ver məhkəməyə bildirmişdir. O, iddia qaldırmaq üçün Balakən Rayon Məhkəməsinə Zaqatala rayonunda yerləşən «Kapital Bank» vasitəsi ilə 30 manat dövlət rüsumu ödəmiş və həmin ödənilmiş 30 manat dövlət rüsumunu da Cavabdeh tələb edir. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Məhkəmə iclasında Cavabdeh iddian qəbul etməyərək izahatında göstərdi ki, onun istifadəsində KAMAZ-6520 markalı **-MC-*** dövlət nömrə nişanlı yük avtomobili vardır. xx xxx 2020-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan yolunun 125-ci kilometrliyində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermiş və onun idarə etdiyi Kamaz markalı avtomobil İddiaçı idarə etdiyi VAZ-2107 markalı 10LP-067 dövlət nömrə nişanlı avtomaşının sol tərəfdən qapılarını cızmışdır. Həmin avtomaşına cüzi miqdarda ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı onun barəsində inzibati protokol tərtib edilmiş, o, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İddiaçının mənəvi ziyanla bağlı tələbi əsassızdır. Maddi ziyan isə çoxdur. Onun həmin məbləği ödəmək imkanı yoxdur. O, maşını Balakəndə nisyə düzəltdirə bilər. İddiaçı isə bundan imtina edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı edilən X4 xx.xx.2020-ci il tarixli İXP-3294209 nömrəli protokoldan görünür ki, həmin protokol Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Cavabdeh barəsində tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Zaqatala rayonu «Avtoservis 057» Sexi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 1 nömrəli arayışdan görünür ki, VAZ-21074 markalı 10LP-067 dövlət nömrə nişanlı avtomobilə cəmi 770 manat məbləğində ziyan dəymişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, xx xxx 2020-ci il tarixdə saat 22:00 radələrində Yevlax- Zaqatala-Gürcüstan yolunun 125-ci kilometrliyində Zaqatala rayonunun Şimşək adlanan ərazisindən keçən hissəsində Cavabdeh idarə etdiyi KAMAZ-6520 yük markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı idarə etdiyi VAZ-2107 markalı 10LP-067 dövlət qeydiyyat nişanlı avtomaşının sol tərəfdən qapılarını əzmişdir. Bu əməlinə görə xx xxx 2020-ci il tarixdə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Zaqatala rayonu «Avtoservis 057» Sexi tərəfindən VAZ-21074 markalı 10LP- 067 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 770 manat müəyyən edilmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh maddi ziyana görə 770 manat alınıb iddiaçıya verilməlidir. İddia tələbi mənəvi zərərə aid hissədə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”-nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona 5000 manat dəyərində mənəvi zərər dəyməsini göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi yalnız 770 manata aid hissədə təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 3,90 manatı cavabdehdən alınıb iddiaçıya verilməli, qalan hissəsi iddiaçının özünə aid olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 770 manat və ödənilmiş dövlət rüsumunun 3,90 manatı, cəmi 773,90 manat alınıb İddiaçı ödənilməlidir, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 770 manat və ödənilmiş dövlət rüsumunun 3,90 manatı, cəmi 773,90 (yeddi yüz yetmiş üç manat doxsan qəpik) manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrdlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar