Məhkəmə qərarları › İş №2(019)-579/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-579/2021

16.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-579/2021 16.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının, Cavabdeh2 iştirakları ilə, İddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətlərində olan 1.74 ha pay torpaq sahəsindən payına düşən hissəsinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN 0042 KOD 40106018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətlərində olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən hissənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Kortala kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə onun, qardaşının və valideynlərinin ümumi birgə mülkiyyətlərinə 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyətlərinə verilmiş 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 0042 KOD 40106018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 2000-ci ildə atası Cavabdeh2 ilə anası Cavabdeh1 boşanmışdırlar. Həmin vaxtdan ümumi birgə mülkiyyətlərində olan qeyd etdiyi pay torpaq sahəsi anası Cavabdeh1 istifadəsində olmuşdur. Hal-hazırda o, öz payına düşən kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən istifadə etmək istəyir. Lakin anası Gülzar onun torpaq sahəsindən istifadə etməyinə maneçilik edir və payına düşən sahəni onun istifadəsinə verməyəcəyini bildirir. Buna görə də qeyd olunmuş torpaq sahəsindən payına düşən hissənin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, Balakən rayonunun Kortala kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən qızı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının payının müəyyən edilməsinə heç bir etirazı yoxdur.O, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 iyun 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 846213 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında 01.06.2013-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada İsayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0042 KOD 40106018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 saylı qərarı ilə ünvan 1i ərazisindən Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 1.74 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə ünvan 1i ərazisindən Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh1 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı öz payının müəyyən edilməsini istəyir, cavabdehlər isə torpaq sahəsindən iddiaçının payının müəyyən edilməsinə etiraz etmişlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2, X1, Cavabdeh3 və X4 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə -0,435 hektarına iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh2, X1, Cavabdeh3 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə -0,435 hektarına iddiaçı İsayeva (Abdullayeva) Bənövşə Eldar qızının payı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar