Məhkəmə qərarları › İş №2(019)-58/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-58/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-58/2021 26.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 hüquq varisi X5 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət edərək “VAZ- 21725” markalı 10 EE-844 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3950 ( üç min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 3980,40 (üç min doqquz yüz səksən manat qırx qəpik) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 26.11.2018-ci il tarixdə öldüyündən Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərardadı ilə X7 onun hüquq varisi tanınmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24.08.2017-ci il tarixdə idarə etdiyi “Kamaz-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Balakən DYPB-nin 20.10.2017-ci il tarixli KYP365694 saylı Protokolunda və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “VAZ-21725” markalı 10EE844 dövlət qeydiyyat nişanlı avtomobilə 3950 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 043864 saylı sığorta aktına əsasən İddiaçı sığorta şirkəti 3950 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 3950 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, "Kamaz 5320” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 25 aprel 2015-ci il tarixdən Cavabdeh2 istifadəsində və sahibliyində olmamışdır. Cavabdeh2 həmin avtomobili satdığına görə 25.04.2015-ci il tarixdə etibarnamə əsasında 25.12.2015-ci il tarixədək X1 və istifadəsinə vermiş, 16.03.2016-cı il tarixdən 16.03.2017-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə, 25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə vermiş, 23.07.2020-ci il tarixdə isə həmin avtomobil X2 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan 043864 nömrəli Sığorta Aktından da görünür ki, "Kamaz 5320” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 07.07.2017-ci il tarixdən 07.07.2018-ci il tarixədək X2 adına sığortalanmışdır. Avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh2 həmin avtomobili cavabdeh X3 qanuni əsasla (etibarnamə üzrə) istifadəyə vermişdir, etibarnamə əsasında X2 istifadəsində olan avtomobili Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etdiyinə və yol nəqliyyat hadisəsi törətdiyinə görə bu əsasla sonuncu həmin avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsinin nəticələri üçün hüquqi məsuliyyəti təkcə özü daşımalıdır. Bundan əlavə Cavabdeh1 əməlində MM-nin 1096.1 və 1097.1-ci maddələrinin bütün tərkib elementləri vardır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Balakən DYPB-nin 20.10.2017-ci il tarixli, KYP 365694 saylı inzibati tənbehvermə haqqında qərarında və Cinayət işinin başlanmamasının rədd edilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli Qərarında öz əksini tapmışdır. Balakən DYPB-nin 20.10.2017-ci il tarixli, KYP 365694 saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinib İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə olunmuşdur. Cavabdeh2 isə həmin işdə təqsirli olmasına dair hər hansı hüquqi sənəd mövcud deyildir. Cavabdeh2 həmin hadisədən sonradan xəbəri olmuşdur. Ona görə də məhkəmədən İddiaçı Sığorta Şirkətinin iddiasının qismən, yəni təkcə Cavabdeh1 münasibətdə təmin edilməsi, digər Cavabdeh2 isə mülki-hüquqi məsuliyyətdən azad etməklə ona qarşı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 hüquq varisi X7 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, mərhum Cavabdeh1 əri olmuşdur. Eldar 24.08.2017-ci il tarixdə “Kamaz-5320” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edərkən “VAZ-21725” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əgər Eldarın etibarnaməsi yox idisə maşın sahibi onun yola çıxmasına icazə verməyəydi. Bütün təqsir maşın sahibindədir, ziyanı da o ödəməlidir. Cavabdeh1 ona heç bir miras qalmamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 043864 nömrəli sığorta aktından görünür ki, “İddiaçı" Sığorta Şirkəti X9 3950 (üç min doqquz yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 20 oktyabr 2017-ci il tarixli KYP- 365694 nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 sentyabr 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki,daxil olmuş məlumat əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Cavabdeh1 barəsində inzibati tədbir görülməsi üçün Rayon Polis Şöbəsininin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2018-ci il tarixli AZ-İ seriyalı 971449 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 26 noyabr 2018-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X12 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən verilmiş 20 aprel 2021-ci il tarixli 403 nömrəli məktubdan görünür ki,26.11.2018-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 adına X12 Xidmət Mərkəzində vərəsəlik işi açılmış və 02.03.2021-ci il tarixdə Balakən rayonu Hənifə kəndində yaşayan arvadı X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh1 etibarnamə olmadan Cavabdeh2 mülkiyyətində olan “KAMAZ-5320” markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri 28 may küçəsindən Heydər Əliyev prospektinə çıxarkən baş yolda hərəkətdə olan VAZ-21725 markalı, 10EE844 dövlət nömrə nişanı avtomaşının hərəkət yoluna çıxaraq onunla toqquşmuş , nəticədə VAZ-21725 markalı 10EE-844 dövlət qeydiyyat nişanlı avtomobilə 3950 manat ziyan dəymişdir. PAT********** nömrəli sığorta müqaviləsinin 043864 saylı sığorta aktına əsasən İddiaçı Sığorta şirkəti tərəfindən VAZ-21725 markalı, 10EE844 dövlət nömrə nişanı avtomaşının sahibi X9 3950 manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı “İddiaçı" Sığorta Şirkəti sığorta hadisəsinə görə ödədiyi pulu subroqasiya qaydasında cavabdehlərdən geri tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh2 “KAMAZ-5320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığına görə həmin avtomaşını 25.04.2015-ci il tarixdən 25.12.2015-ci il tarixədək,16.03.2016-cı il tarixdən16.03.2017-ci il tarixədək, 25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə verməsi, bu səbəbdən təqsirli olmaması barədə Cavabdeh2 nümayəndəsinin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, etirazın özündən də görünür ki, sözügedən avtomaşın 25.04.2015-ci il tarixdən 25.12.2015-ci il tarixədək,16.03.2016-cı il tarixdən 16.03.2017-ci il tarixədək,25.08.2017-ci il tarixdən 25.08.2018-ci il tarixədək etibarnamə əsasında X1 və istifadəsinə verilmişdir. Yol nəqliyyat hadisəsi 24 avqust 2017-ci ildə baş vermişdir. Həmin tarixdə isə avtomaşın heç kimə etibar edilməmiş, Cavabdeh2 mülkiyyətində olmuşdur.Ona görə də iddiaçı haqlı olaraq Cavabdeh1lə yanaşı Cavabdeh2 qarşı da iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 hüquq varisi X5 etirazı ilə bağlı məhkəmə qeyd edir ki, hüquq varisi Diləfruz Şindiyeva mirasdan aldığı pay həcmində iddiaçı qarşısında məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və mərhum Cavabdeh1 hüquq varisi X4 (mirasdan aldığı paya uyğun) 3950 (üç min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu xərci, cəmi 3980.40 (üç min doqquz yüz səksən manat 40 qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və mərhum Cavabdeh1 hüquq varisi X4 (mirasdan aldığı paya uyğun) müştərək qaydada 3950 (üç min doqquz yüz əlli) manat sığorta ödənişi məbləği və 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu xərci, cəmi 3980.40 (üç min doqquz yüz səksən manat 40 qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar