Məhkəmə qərarları › İş №2(020)-1399/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1399/2024

20.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1399/2024 20.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunu katibliyi ilə , İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi cəlb edilməklə) qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonu Kəbirli kəndində yerləşən, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 saylı qərarı ilə onun, mərhum həyat yoldaşı X5, X3nun, gəlini Hüseynova (Əliyeva) Zülfiyyə Xanlar qızının və nəvəsi Cavabdeh2 ümumi mülkiyyətinə verilmiş KOD: 60707018 J№790A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmiş 0,35 ha torpaq sahəsindən payçıların hər birinə düşən payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Kəbirli kəndində yaşayır. Məhkəməyə müraciət etmək üçün əsas olan mübahisənin mahiyyəti ondan ibarətdir ki, Beyləqan rayonu Aqrar İslahatı Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 saylı qərarı ilə onların ailəsinə, mərhum həyat yoldaşı X5, X3nun, gəlini X1 və nəvəsi Cavabdeh2 ümumi mülkiyyətinə 0,35 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi KOD: 60707018 j№790A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində yaşayış evləri vardır. X3 xx.xx.2019-cu ildə, həyat yoldaşı X8 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh1 X3 ilə nikahı xx.xx.1995-ci il tarixdə qeydə alınmış, həmin nikahdan Elçin adında bir uşaqları olmuş, Beyləqan rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikahın pozulması xx.xx.2021-ci il tarixli 37№-li akt qeydi ilə qeydə alınmışdır. Cavabdeh nikah ləğv olunandan çox qabaq həmin evdən getmiş, Beyləqan şəhərində yaşamaqla, orada işləmişdir. O, özünə məxsus olan evi və həyətyanı sahəni satmaq istəyir, lakin cavabdeh maneçilik törədir. Belə ki onun həyətyanı sahədə mülkiyyətində torpaq payı olduğuna görə həmin həyətə hüquqmüəyyənedici sənəd almaq üçün onunda iştirakı vacibdir, lakin o həmin işlərin görülməsi üçün müvafiq orqanlara gəlmir. Ona görədə məcbur qalıb məhkəməyə müraciət etmək hüququmdan istifadə etmişdir. Hal-hazırda onlar paylı mülkiyyətlərində olan həmin torpaqdan istifadə edə bilmirlər və evə hüquqmüəyyənedici sənəd ala bilmirlər. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə göndərərək, Şirvan Apellyasiya Məhkəməsinə təyin olunmuş məhkəmə prosesində iştirakı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əlavə sübutlar təqdim edə bilməyəcəklərini, iddianı müdafiə etdikərini bildirərək, onların iştirakı olmadan məhkəmə iclasını keçirib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan: J№-790A, KOD 60707018 №-li Torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, X5 və onun ailə üzvləri- İddiaçı, X7, X2 və Cavabdeh2 mülkiyyətlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 24 oktyabr tarixli 31 nömrəli qərarı ilə Beyləqan rayonu Kəbirli kəndində 0,35 hektar fərdi yaşayış evinin tikinti üçün həyətyanı torpaq sahəsi verilmişdir. AZ-İİ seriyalı 016705 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə kəskin böyrək çatışmazlığı və kəskin qlomulonefrit səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 aprel 2019-cu il tarixdə 227 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı 076142 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə kəskin ürək-damar çatışmazlığı və ürəyin işemik xəstəliyindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 mart 2023-cü il tarixdə 139 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, J№-790A, KOD 60707018 №-li Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında tərəflərin ümumi birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Hal-hazırda iddiaçı həmin torpaq sahəsinə paylarının müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, J№-790A, KOD 60707018 №-li Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətində olduqlarından və həmin əmlaka payların müəyyən edilməsi ilə bağlı öz aralarında razılığa gəlmədiklərinə görə, həmin əmlaka onların paylarının bərabər olması nəzərə alınmaqla, 0,35 hektar torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə mərhum X5, 1/5 hissəsinə mərhum X4, 1/5 hissəsinə Əliyeva (Hüseynova) Zülfiyyə Xanlar qızının və 1/5 hissəsinə Cavabdeh2 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu təıəb etmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. J№-790A, KOD 60707018 №-li Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş 0,35 hektar torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı, 1/5 hissəsinə mərhum X5, 1/5 hissəsinə mərhum X4, 1/5 hissəsinə Əliyeva (Hüseynova) Zülfiyyə Xanlar qızının və 1/5 hissəsinə Cavabdeh2 payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar