Məhkəmə qərarları › İş №2(020)-1687/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-1687/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-1687/2024 27.11.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı2 (eyni zamanda İddiaçı1 nümayəndəsidir), Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları aldadaraq evlənməkdən imtina etməklə şərəf və ləyaqətlərini alçaltdığı üçün ondan üzr istəməsi və mənəvi ziyana görə 3.000 manat təzminatın, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nişan üçün və burun əməliyyatı üçün xərclənmiş 4593 manatın və dövlət rüsumu kimi ödədikləri 100 manat məbləğində pulun alınıb onlara verilməsinin məhkəmə qaydasında qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar Beyləqan şəhərində yaşayır və oğlu Arizi evləndirmək üçün Cavabdeh1 və valideynləri ilə razılığa gələrək nişan və toy tədarükünə başlamışlar. Cavabdeh1 nişan üzüyü ,dəst qızıl və sep klonla alıb vermişlər. Sonra isə Cavabdeh1 və ailə üzvləri evlənməkdən vaz keçdikləri üçün qızılları istəmişlər və qızılların pulu 4300 manatı qaytarıb onlara vermişlər. Pulun bir hissəsinin mpay vasitəsilə ataraq onlara qaytarmışlar. Həmin sənədi ərizəsinə əlavə etmişdir. Bununlada sübuta yetirki, cavabdehlər onlara maddi və mənəvi ziyan yetiriblər. Cavabdehlərin təkidi ilə Cavabdeh1 burun əməliyyatına ehtiyacı olduğunu dedikdən sonra onun burnunu estetik əməliyyat etdirmişlər. O, başqa şəxsin burnunu nə üçün əməliyyat etdirməliymiş. Lakin Cavabdeh1 burnunun əməliyyatı və nişan üçün çəkilmiş xərcləri-yəni 4593 manatı qaytarmaqdan imtina edirlər. Nişan üçün bu xərclər çəkilib. 1 ədəd quzu- və ya dəyəri 320 manat, kofta 2 ədəd və ya dəyəri 30 manat, şalvar 1 ədəd və ya dəyəri 40 manat, sumka 1 ədəd və ya dəyəri 15 manat, şirniyat qəndi və ya dəyəri 35 manat, qızıl qabı və ya dəyəri 20 manat, şarp 1 ədəd və ya dəyəri 15 manat, əl gülü və ya dəyəri 70 manat, baş bəzəyi və rənglənməsi 130 manat, prakata götürülmüş paltar 150 manat, tort 1 ədəd və ya dəyəri 100 manat, xonça 9 ədəd və ya dəyəri 400 manat, şar 2 ədəd ,fişəng 2 ədəd,zər 1 ədəd və ya dəyəri 17 manat, musiqiçilər və ya dəyəri 150 manat, video 70 manat, şəkil çəkən üçün 60 manat, xonçanın prokat qabları 50 manat, üzük üstü 170 manat, Cavabdeh1 əlinə verilən pullar 300 manat, maşının bəzədilməsi üçün 20 manat,Cavabdeh1 burnunun əməliyyat edilməsi üçün 2150 manat, don 1 ədəd üçün verilmiş 10 manat, kofta 1 ədəd üçün verilmiş 10 manat, boyunluq 10 manat, alt paltarı 10 manat, 28 may stansiyasında alınan paltar 77 manat, corab dəsti 4 manat, penjama dəsti 20 manat, Bakıya aparıb gətirmək 2 dəfə 140 manat, cəmi 4593 manat alınmış əmlaklar və çəkilmiş xərclər təşkil edir. Cavabdehlərin bu hərəkətləri nəticəsində camaat içində rüsvay olmuşlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 abir oğlunun onları aldadaraq evlənməkdən imtina etməklə şərəf və ləyaqətimizi alçaltdıqları üçün ondan üzr istəməsi və mənəvi ziyana görə 3.000 manat təzminatın, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yuxarıda adları göstərilən nişan üçün və burun əməliyyatı üçün xərclənmiş 4593 manatın və dövlət rüsumu kimi ödədikləri 100 manatın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmaılıdır. Məhkəmə iclasında İddiaçı2 eyni zamanda İddiaçı1 nümayəndəsidir) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəf heç bir əsas və səbəb olmadan nişanı pozmuş və nişan pozulduqdan sonra qızıl zinyət əşyalarını sataraq pulunu onlara qaytarmış olsalar da, nişana çəkmiş olduğu xərclər və eləcə də Nərgizin burun əməliyyatı üçün çəkdiyi xərclər ona geri qaytarılmamışdır. İş materiallarına əlavə etdiyi 900 manat ödəniş edilməsi barədə qəbzlər isə qızıl-zinyət əşyalarının dəyərinin bir hissəsidir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirib,öz izahatında göstərmişdir ki, iddiaçı tərəf onlara qızı üçün dəfələrlə elçi gəlmişlər və sonra onlar razılıq vermişlər. Nişan olduqdan sonra qızı Nərgiz Ariz ilə xarakterlərinin uyöun gəlməməsi səbəbindən ayrılmışdır. Nişan mərasimi restoranda olmuş və nişan mərasiminin təşkili xərcləri onun tərəfindən həyata keçirilmişdir. Nişanda qızına verilən qızılları iddiaçı ilə birlikdə sataraq, pulunu onlara vermişlər və daha sonra iddiaçı tərəf gətirdikləri xonçaların pulunu istəmişlər və buna görə onlara 900 manat məbləğində pul vermişdir. İddiaçılar onun qızının burnunu estetik əməliyyatı ilə əlaqədar pul ödəməmişlər. O, qızının burun əməliyyatı üçün pulu özü ödəmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən və məhkəmə baxışı zaman baxış keçirilmiş DVD diskdən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında nişan mərasimi keçirilmişdir. «Whats app» sosial şəbəkəsindən çıxarışdan görünür ki, müştəri T***** A***** M***** hesabına xx.xx.2024- cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə ilk növbədə iddiaçıların «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları aldadaraq evlənməkdən imtina etməklə şərəf və ləyaqətlərini alçaltdığı üçün ondan üzr istəməsi və mənəvi ziyana görə 3.000 manat təzminatın tutulması» na dair iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 ailə qurmaq məqsədilə nişanlanmış və daha sonra tərəflər arasında münasibətlər pozulmuşdur. İddiaçı tərəf cavabdehlərin onları aldadıb evlənməkdən imtina edərək onların şərəf və ləyaqətinin alçaltdığınl qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflərin gələcəkdə evlənmək niyyəti ilə nişanlanması və daha sonra münasibətlərinin pozulması səbəbindən ayrılması onların şərəf və ləyaqətini alçaldan hərəkət kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi «cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onları aldadaraq evlənməkdən imtina etməklə şərəf və ləyaqətlərini alçaltdığı üçün ondan üzr istəməsi və mənəvi ziyana görə 3.000 manat təzminatın tutulması» hissəsində əsassız olduğunun təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nişan üçün və burun əməliyyatı üçün xərclənmiş 4593 manatın tutulması hissəsində iddia tələbinin əsaslılığı sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar