Məhkəmə qərarları › İş №2(020)-30/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-30/2023

09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-30/2023 09.08.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.1998-ci il tarixli, JN 339 KOD 60707018 nömrəli Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6,52 hektar torpaq sahəsinin 2 hektar hissəsinin həmkəndliləri Cavabdeh1 və X8 qanunsuz sahibliyi və istifadəsindən alınaraq ona və ailə üzvlərinə təhvil verilməsinə, pozulmuş mülkiyyət hüququmuzun bərpa edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia tələbini əsaslandıraraq göstərdi ki, torpaq islahatı keçirilən zaman ailəsi 10 nəfərdən ibarət olmuşdur. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 08 dekabr tarixli 39 nömrəli qərarı ilə ailəsinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 6,52(altı hektar əlli iki sot) torpaq sahəsi verilmişdir. Bu hüququnu xx.xx.1998-ci il tarixli JN: 339 nömrəli (KOD ********)Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Mülkiyyətlərinə verilmiş 6,52 hektar torpaq sahəsinin 2,25 hektarı bir 4,26 hektar torpaq sahəsi isə bir olmaqla müxtəlif ərazilərdə yerləşmiş iki hissədən ibarətdir. Həmin torpaq sahəsindən 2,26 hektar torpaq sahəsi mülkiyyətlərinə veriləndən yəni 1998-ci ildən mülkiyyətlərində olmaqla istifadə və sahibliyindədir. Torpaq sahəsinin digər hissəsindən-yəni 4,26 hektar torpaq sahəsindən isə elə həmin tarixdən yalnız 2,26 hektar hissəsini istifadə etmişlər. Mülkiyyətində olan 4,26 hektar torpaq sahəsinin 2 hektar hissəsindən isə bu günə kimi istifadə edə bilməmişdir. 2022-ci ilin yaz aylarına kimi bu məqama diqqət yetirməmişdir. Ancaq sonradan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına baxan zaman qeyd etdiyi hal ilə qarşılaşmışdır. O vaxta kimi torpaq sahəsinin cəmi 4,26 hektar olduğunu bilirmiş. İlk öncə Dövlət Aktında məlumatların yalnış qeyd edilə biləcəyini düşünüb Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 6 saylı Beyləqan rayon ərazi idarəsinə müraciət etmiş ki, bu məsələni dəqiqləşdirsin. Həmin İdarədən müraciətinə verdikləri **********64 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma(çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş baxış zamanı JN-339, KOD 60707018 saylı “torpağa mülkiyyət hüququna” dair dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus torpaq sahəsin 2,2556 ha və 4,2655 ha olmaqla iki hissədən ibarət cəmi 6,52 ha göstərilsə də, faktiki olaraq torpaq sahəsinin 4,26 ha təşkil etməsi müəyyən edilmişdir”. Bundan sonra 2 hektar torpaq sahəsindən 24 ildir ki, torpaq sahələrini bitişik olan qonşuları tərəfindən faktiki olaraq zəbt edilmiş və mülkiyyət hüququ pozulmuşdur. Həmin hissədə torpaq sahəsinə qonşuluqda bitişik torpaq sahəsi həmkəndliləri Cavabdeh1 və X10 olduğundan 2 hektar torpaq sahəmizi həmin şəxslərin zəbt edərək istifadə etdiklərini düşünür. Buna görə də, o, xx.xx.1998-ci il tarixli, JN 339 KOD 60707018 nömrəli Torpağa mülkiyyət hüququn dair Dövlət Aktı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 6,52 hektar torpaq sahəsinin 2 hektar hissəsinin həmkəndliləri Cavabdeh1 və X8 qanunsuz sahibliyi və istifadəsindən alınaraq ona və ailə üzvlərinə təhvil verilməsinə, pozulmuş mülkiyyət hüququmuzun bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər . Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 339, KOD60707018 saylı Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 08 dekabr tarixli 39 nömrəli qərarı ilə ərizəçi və ailə üzvlərinə 6.52 ha torpaq sahəsi verilmişdir. İş üzrə iddiaçının vəsatəti əsasında məhkəmənin 01 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 10/2375 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, X2 mülkiyyətində olan Beyləqan rayonu Kəblrll kəndində yerləşən xx.xx.1998-ci il tarixli, JN 339 kod 60707018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə verilmiş 6.52 ha torpaq sahəsinin naturada səıiıədlərlnl müəyyən etmək üçün araşdırma aparılmışdır. Qeyd olunan 6.52 ha torpaq sahəsi iki hissədən ibarətdir (JN339-2.26 ha və JN339A-4.26ha). Ona görə də X2 və ailə üzvlərinin mülkiyyətində olan 2.26 ha (JN 339) və 4.26 ha (JN339A) torpaq sahələrinin sərhədləri ayrı-ayrılıqda müəyyən edilmişdir, ölçmə İşləri aparılan zamanı eyni zamanda X2 faktiki istifadəsində olan 2.26 ha və 2,08 ha torpaq sahələrinin sərhədləri də müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 istifadəsində olan 1.14 ha torpaq sahəsinin və X8 İstifadəsində olan 3.25 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. X2 mülkiyyətində olan Beyləqan rayonu, Kəbirli kəndində yerləşən xx.xx.1998-ci İİ tarixli, JN339 Kod 60707018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə verilmiş 6.52 ha torpaq sahəsinin 2.26 ha (JN 339) hissəsi iddiaçı X4 tərəfindən istifadə edilir. X2 mülkiyyətində olan Beyləqan rayonu Kəbirli kəndində yerləşən xx.xx.1998-ci il tarixli, JN339 kod 60707018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzvlərinə verilmiş 6.52 ha torpaq sahəsinin 4.26 ha (JN339A) olan ərazisinin 0.48 ha hissəsi Cavabdeh1 tərəfindən 1.21 ha hissəsi cavabdeh X10 tərəfindən istifadə edilir. X2 mülkiyyətində olan 4.26 ha (JN339A) torpaq sahəsinin 2.31 ha hissəsi isə qərardadda qeyd olunmayan digər şəxslər tərəfindən istifadə edilir. Cavabdehlər Cavabdeh1 və X9 məxsus torpaq sahələri ilə iddiaçı X3 məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, “Torpağa mülkiyyət hüququna dair” JN 339, KOD60707018 saylı Dövlət aktı ilə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 08 dekabr tarixli 39 nömrəli qərarına əsasən ərizəçi və ailə üzvlərinə 6.52 ha torpaq sahəsi verilmişdir. Həmin 6.52 ha torpaq sahəsi iki hissədən ibarətdir. X2 mülkiyyətində olan Beyləqan rayonu, Kəbirli kəndində yerləşən 6.52 ha torpaq sahəsinin 2.26 ha (JN 339) hissəsi iddiaçı X4 tərəfindən, 4.26 ha (JN339A) olan ərazisinin 0.48 ha hissəsi Cavabdeh1 tərəfindən, 1.21 ha hissəsi cavabdeh X10 tərəfindən istifadə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997ci il 08 dekabr tarixli 39 nömrəli qərarına əsasən X2 mülkiyyətində olan Beyləqan rayonu, Kəbirli kəndində yerləşən 6.52 ha torpaq sahəsinin 4.26 ha (JN339A) olan ərazisinin 0.48 ha hissəsindən Cavabdeh1, 1.21 ha hissəsindən cavabdeh X10 çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddia tələbi qismən sübuta yetdiyinə görə məhkəmə iddianın qismən təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 08 dekabr tarixli 39 nömrəli qərarına əsasən X4 və ailə üzvlərinin mülkiyyətində olan Beyləqan rayonu, Kəbirli kəndində yerləşən 6.52 ha torpaq sahəsinin 4.26 ha (JN339A) olan ərazisinin 0.48 ha hissəsindən Cavabdeh1, 1.21 ha hissəsindən cavabdeh X10 çıxarılsınlar. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun 15 (on beş) manatı Cavabdeh1, 25(iyirmi beş) manatı cavabdeh X7, 10 (on) manatı iddiaçı X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 151 manat məbləğində pulun 50 (əlli) manatı Cavabdeh1, 80 (səksən) manatı cavabdeh X7 alınıb iddiaçı X3 verilsin, qalan 21 (iyirmi bir) manat iddiaçının özünə aid edilsin. Dövlər rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun 30 (otuz) manatı Cavabdeh1, 55 (əlli beş) manatı cavabdeh X7 alınıb iddiaçı X5 ödənilsin, qalan 15 (on beş) manat iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar