Məhkəmə qərarları › İş №2(020)-447/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-447/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-447/2025 13.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə olaraq almış olduğu inşaat materiallarının dəyəri olan 5540.00 (beş min beş yüz qırx) manat məbləğində pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nisyə olaraq almış olduğu inşaat materiallarının dəyəri olan 5540 (beş min beş yüz qırx) manat məbləğində pulun, qiymətləndirmə rəyi üçün ödənilmiş 65 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 75 manat pulun alınıb mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, 2020-ci ildə Beyləqan rayonu Yuxarı Aran kənd sakini Cavabdeh ailələri üçün aldıqları inşaat materiallarından 50 ədəd Ukrayna istehsalı olan şiferi(l .75 x 0.90) m, qiyməti -8.00- manatdan olmaqla ümumi məbləği 400.00 manat, şam taxta (6 x 0.20 x 0.05) 12 kub metr həcmində qiyməti- 370- manatdan olmaqla ümumi məbləği 4440.00 manat, atma dirək (0.15 x 0.20 x 5.00 ) 20 ədəd olan tikinti materiallarının qiyməti 35.00 manatdan ibarət olmaqla ümumi məbləği 700.00 manat, cəmi isə 5540.00 manat məbləğində olan inşaat materiallarını ondan nisyə olaraq almışdır. Cavabdeh həmin inşaat materiallarının pulunu satış qiyməti ilə bir ay müddətində ödəyəcəyinə söz vürmişdir. Cavabdeh aldığı materiallardan ev ( yaşayış) və mal-qara, qoyun-quzunun saxlanılması üçün ferma tikdirəcəyini və heyvanları satıb pulunu verəcəyini bildirmişdir. Dəfələrlə cavabdehdən almış olduğu inşaat materiallarının pulunu tələb etsə də hər dəfə müxtəlif vədlər vermiş, lakin bu günə kimi nisyə almış olduğu inşaat materiallarının pulunu verməmişdir. O, məcbur olaraq Beyləqan rayon Polis şöbəsinə rəsmi müraciət etmiş, Beyləqan rayon Polis Şöbəsinin 26 sentyabr 2024-ü il tarixli cavab məktubunda aparılmış apaşdırılma nəticəsində məsələnin mülki hüquq münasibətləri ilə bağlı olduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh nisyə olaraq alımış olduğu inşaat materiallarının dəyəri olan 5540 (beş min beş yüz qırx) manat məbləğində pulun, qiymətləndirmə rəyi üçün ödənilmiş 65 manat pulun və dövlət rüsumu üçün ödənilmiş 75 manat pulun alınıb ona verilməsinni məhkəmə qaydasında təmin edilməsini xahiş etmişdir. Məhkəməiclasında verdiyi izahatında İddiaçı iddiasını müdafiə etmiş, əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat vermiş və inşaat materiallarını cavabdehə 2020-ci ildə verdiyini göstərmişdir. Lakin hazırkı məhkəmə iclasında İddiaçı şəkər xəstəsi olduğunu, inşaat materiallarını cavabdehə 2023-cü ildə verdiyini, texniki səhv olaraq iddia ərizəsində 2020-ci il göstərildiyini bildirmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, atası X1 qarşı iddia tamamilə əsassız, hüquqi və faktiki cəhətdən həqiqətə uyğun olmayan tələblərdən ibarətdir. İddiaçı heç vaxt inşaat materiallarının satışı ilə məşğul olmamışdır. İddiaçı atasının 5540 manat məbləğində inşaat materiallarının nisyə aldığını iddia etsə də, bu barədə aralarında yazılı müqavilə mövcud deyildir. İddia edilən dövrdə 2020-ci ildə dünyada və o cümlədən Azərbaycanda da koronovirus pandemiyası ilə bağlı karantin rejimi tətbiq olunmuş, bir çox ticarət mərkəzləri bağlanmış və iqtisadi fəaliyyət məhdudlaşdırılmışdır. Bu müddət ərzində inşaat materiallarının satışı faktiki olaraq mümkün deyildir. Atası ilə birlikdə günəmuzd fəhlə kimi çalışmışlar 2011-ci ilin aprel ayında İddiaçı məxsus bir tikintinin sökülməsi və həyətyani sahənin təmizlənməsi işində iştirak etmişlər. O, zaman onlara ödəniş edilmiş və heç bir alğı-satqı münasibəti yaranmamışdır. Atası Cavabdeh barəsində qaldırılmış borc iddiası qərəzli və böhtan xarakterlidir. Həmçinin 2020-ci ildən 5 il müddət keçmişdir. Belə bir hal olsaydı iddiaçı vaxtında məhkəmədə iddia qaldırardı. İddiaçı iddia müddətini keçirmişdir. Ona görə də iddia əsassız olduğundan iddia müddətinin tətbiq edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X2 ifadəsində göstərdi ki, o, İddiaçı qonşusudur. Sədaqət ona tikinti materiallarını Cavabdeh satdığını demişdir. O, da Sədaqətə materialları nahaq yerə satdığını gələcəkdə həmin materialların ona lazım ola biləcəyini bildirmişdir. O, İddiaçı tikinti materiallarını Cavabdeh satmasında iştirak etməmiş, maerialların kim tərəfindən aparıldığını görməmişdir. Həmçinin Sədaqətin inşaat materiallarını neçənci ildə Xanhüseynə verilməsini xatırlamır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Belə ki, iddia ərizəsində və əvvəlki məhkəmə iclaslarında iddiaçı tikinti materiallarını cavabdehə 2020-ci ildə satdığını göstərmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı hazırkı məhkəmə iclasında materialları 2023-cü ildə cavabdehə satdığını, ərizədə texniki səhv olaraq 2020-ci il yazıldığını göstərmişdir. Cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirmiş və iddia müddətini mübahisələndirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. İddiaçı inşaat materiallarının iddiaçıya satmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Həmçinin hazırkı məhkəmə iclasında iddiaçının inşaat materiallarını cavabdehə 2023-cü ildə satdığını göstərməsi iddia müddəti ilə bağlı olmuşdur. Çünki cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında da iddia müddətini mübahisələndirmiş , iddiaçı onun atasına inşaat materialları versəydi vaxtında məhkəməyə müraciət edəcəyini göstərmiş və hazırkı məhkəmə iclasında isə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-in 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il Qərarında göstərilir: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. Oxşar iş üzrə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il Qərarında göstərilmişdir: “Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti keçdiyindən və iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetmədiyindən iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyinə görə iddiaçı tərəfindən qiymətləndirmə rəyi üçün ödənilən 65 manat və dövlət rüsumu kimi ödənilən 75 manat özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı nisyə olaraq alımış olduğu inşaat materiallarının dəyəri olan 5540.00 (beş min beş yüz qırx) manat məbləğində pulun alınıb ona verilməsinə tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyinə görə rədd edilsin. İddiaçı tərəfindən qiymətləndirmə rəyi üçün ödənilən 65 (altmış beş) manat və dövlət rüsumu kimi ödənilən 75 (yetmiş beş) manat onun özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar