Məhkəmə qərarları › İş №2(020)-469/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-469/2025

31.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-469/2025 31.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsinə və əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsinə və əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Beyləqan rayonu Kəbirli kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi və cavabdehə məxsus cehiz əşyaların həmin fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, iddiaçı tələbində cavabdehə məxsus cehiz əşyaların həmin fərdi yaşayış evindən çıxarılmasını da göstərsə də, həmin əşyalarının adlarını(məlumatlarını) qeyd etməmişdir. Göründüyü kimi, iddiaçının tələbi aydın və dəqiq deyil. Prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Həmçinin, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Lakin, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində qeyd edilməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə isə həmin adlı bir neçə şəxs müəyyən edilmişdir. Qeyd edilməsi zəruridir ki, prosessual qanunvericiliyin əsas prinsiplərindən biri çəkişmə prinsipidir. Ona görə də çəkişmə prinsipinin təmin edilməsi üçün, dolayısı ilə məhkəmə bildirişinin ehtimal olunan şəxsə deyil, konkret olaraq cavabdeh kimi cəlb edilmiş şəxsə (dəqiq rekvizit məlumatları göstərilməklə) və həmin şəxslərin ünvanına (həm faktki, həm də rəsmi qeydiyyatda olduğu) göndərilməsi vacibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsinə və əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar