Məhkəmə qərarları › İş №2(021)-1141/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1141/2021

08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1141/2021 08.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3nə, Ləğv Prosesində olan "xxxx" ASC və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3nə, Ləğv Prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus olan Bərdə şəhəri İsmət Qayıbov küçəsi döngə 4-də 0,03 ha torpaq sahəsində yerəşən 1 mərtəbəli 3 otaqlı 72.25 kv. Metr yaşayış, 57.2 kv. Metr köməkçi sahədən 12 nömrəli fərdi yaşayış evinin "xxxx" ASC-nə satılmasına dair hərracın nəticələri haqqında yekun protokol və ondan irəli gələn hüquqi nəticələrin qanunsuz olduğundan etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 1791/2012 saylı,26.12.2012-ci il tarixli icra sənədi və Cavabdeh3 14.05.2014-cü il tarixli,1061/13 nömrəli sifariş məktubu əsasında ona məxsus olan Bərdə şəhəri İsmət Qayıbov küçəsi döngə 4-də 0,03 ha torpaq sahəsində yerəşən 1 mərtəbəli 3 otaqlı 72.25 kv. Metr yaşayış, 57.2 kv. Metr köməkçi sahədən 12 nömrəli fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 43.000 manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmışdır.Hərracın keçirilməsinin yeri və vaxtı barədə ona heç bir məlumat verilmədən 01 sentyabr 2014-cü il tarixdə "xxxx" ASC tərəfindən 27.413 manata alınmışdır. Hesab edir ki, fərdi yaşayış evinin "xxxx" ASC-nə satılmasına dair hərracın nəticələri haqqında yekun protokol və ondan irəli gələn hüquqi nəticələrin qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, hərracın keçirilməsi vaxtı və yeri barədə ona heç bir məlumat verilməmiş, fərdi yaşayış evi gizli şəkildə hərraca çıxarılaraq dəyərindən aşağı qiymətə "xxxx"ASC tərəfindən satın alınmışdır. Odur ki, məhkəmədən “hərracın nəticələri haqqında yekun protokol və ondan irəli gələn hüquqi nəticələrin qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə dərək təmin edilməsini xahiş etdi. İddiaçı oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə nümayəndəni dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri İ.Qayıbov küçəsi ev 12-də qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ə4razi X4 Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli, 1424 nömrəli arayışdan görünür ki, Bərdə şəhəri İ.Qayıbpv küçəsi ev 02-də yaşayır. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 01 sentyabr 2014-cü il tarixli, Y-467 saylı yekun protokolun surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 26.12.2012-ci il tarixli, 2(021) 1791/2012 saylı icra sənədinə əsasən sifarişçi Cavabdeh3inin 1-1661/13 nömrəli 14.03.2014-cü il tarixli sifariş məktubu ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0,03 ha torpaq sahəsi ilə birlikdə hərraca çıxarılmasını sifariş etmiş, hərracın təşkilatcısı "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0,03 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 43.000 manat olmaqla hərraca çıxarılmış, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakı 27413 manata almışdır. 01 sentyabr 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC əmlakı 27413 manata almışdır. "xxxx" ASC ipoteka saxlayan olduğundan tələbinin məbləği həcmində alışı qiymətini ödəməkdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1791/2012 saylı, 26.12.2012-ci il tarixli icra sənədi və Cavabdeh3 14.05.2014-cü il tarixli,1061/13 nömrəli sifariş məktubu əsasında ona məxsus olan Bərdə şəhəri İsmət Qayıbov küçəsi döngə 4-də 0,03 ha torpaq sahəsində yerəşən 1 mərtəbəli 3 otaqlı 72.25 kv. Metr yaşayış, 57.2 kv. Metr köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi "xxxx" MMC tərəfindən 43.000 manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmışdır.Hərracın keçirilməsinin yeri və vaxtı barədə ona heç bir məlumat verilmədən 01 sentyabr 2014-cü il tarixdə "xxxx" ASC tərəfindən 27.413 manata alınmışdır.Hesab edir ki, hərracın keçirilməsinin vaxtı və yari barədə ona cavabdehlər tərəfindən məlumat verilmədən gizli şəkildə "xxxx" ASC-yə satılması qanunsuz olduğundan hərracın keçirilməsinə dair yekun sənədlər və alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcələsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanununun 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-in 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli qərarında MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçıya məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla heç bir mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamış, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə ilk əvvəl qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1791/2012 saylı, 26.12.2012-ci il tarixli qətnaməsi əsasında Cavabdeh3nə qətnamənin icra edilməsi üçün icra vərəqəsi verilmişdir. Nəticəsi mübahisələndirilən əmlak isə həmin icra sənədi əsasında hərraca çıxarılmış və hərrac keçirilmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3nə, Ləğv Prosesində olan "xxxx" ASC və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar