Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1503/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə rayonu Şorəlli kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2001-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən 07 noyabr 2002-ci il təvəllüdlü X3 və 04 yanvar 2005-ci il təvəllüdlü X2 adlı 2 (iki) övladları anadan olmuşdur. Uzun müddət ərarvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Onların xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən Bərdə Rayon Məhkəməsinin 2011-ci il tarixli qətnaməsinə əsasən, Qeydiyyat şöbəsinin 06 aprel 2011-ci il tarixli sənədi ilə aralarında bağlanmış nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh Bərdə Rayon Məhkəməsində ona qarşı evə köçürülmə, yaşamaq hüququnun verilməsi və evdən istifadə hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, müraciəti əsasında ərizəsi təmin edilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-780/2011 saylı qətnaməsinə əsasən Hüseynova ( Məmmədova) Pərvanə Akif qızının azyaşlı iki uşaqları ilə birlikdə Bərdə rayonu Şorəlli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və ona həmin evdən istifadə və yaşamaq hüququnun verilməsi qət edilmişdir. Daha sonra həmin qərardan verdiyi şikayət əsasında mülki iş Gəncə Apellyasiya Məhkəməsində baxılmış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-016/2011 saylı qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-780/2011 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-1016/2011 saylı qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermiş, şikayəti əsasında Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(104)-1016/2011 saylı qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə onlar tərəfindən verilmiş ilkin apelyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(021)-780/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onlar həmin qərardan kassasiya şikayəti vermişlər. Verdikləri şikayət əsasında Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-3118/2012 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Uzun illərdir qərar qəbul olunmasına baxmayaraq Hüseynova (Məmmədova) Pərvanə Akif qızı onların evində yaşamamış və heç zaman həmin evə gəlməmişdir. Cavabdeh yenidən ailə həyatı qurmiş və o heç vaxt onların evinə gəlib yaşaya bilməz. Hazırda fərdi yaşayış evinin qapısı bağlıdır və fərdi yaşayış evində yaşayış yoxdur. Heç bir zaman onların evində yaşamayan bir şəxsin onların evindən istifadə hüququnun itirilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, o cümlədən, göstərdi ki, evini təmir etdirmək istəyir, cavabdehə istifadə hüququnun itirilməsi ilə bağlı kompensasiya vermək fikri yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddiaçının göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ilə ailəli olmuşdur. Lakin sonradan aralarında yaranan narazılığa görə ayrılmışlar, artıq 14 ildir ayrılmışlar. Ayrıldıqdan sonra məhkəmə qətnaməsinə əsasən gəlin köçdüyü və hazırda iddiaçının yaşadığı evdə yaşamaq hüququ əldə etmişdir. Ona həmən evdən bir otaq ayrıldıqdan sonra özünə və övladlarına məxsus əşyalarını həmin otağa yığmışdır. Ayrldıqdan sonra Bərdə şəhərində yaşadığı müddət ərzində Bərdə rayonu Şorəlli kəndində yerləşən onun gəlin köçdüyü və ayrıldıqdan sonra yaşamaq hüququ adığı evə gedib gəlmişdir. Həmin evdən ona ayrılan otaqda olan əşyalarını havalandırmış, otağın qapı pəncərəsini açmışdır ki, otağa təmiz hava daxil olsun. Sonradan övladlarını da götürüb Bakı şəhərinə köçmiş və həmin evə mütəmadi deyil ildə 3-4 dəfə gəlib getmişdir. Lakin iddiaçı yeni ailə qurduqdan sonra, onun həyat yoldaşı ora gəlib getməsinə imkan verməmiş, onu sıxışdırmışdır. Həttda onu gəlib-getməməsi ilə bağlı onları narahat etməmək üçün məhkəməyə də vermişlər. Sonda isə ondan həmin evə gəlməmək, orada yaşayanları narahat etməmək barədə iltizam da alınmışdır və ondan sonra bir daha qorxusundan həmin evə gəlməmişdir. Hazırda övladları ilə birlikdə Bakı şəhərində kirayə ev tutub yaşayır. Həmin otağa qızlarının cehiz əşyalarını və özünün əşyalarını yığmışdır. Ona ayrılıb verilmiş otağın açılmasını istəmir. Həmin otaqda əşyaları olduğu üçün yatmaq üçün yer yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə rayonu Divanlı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur, Bərdə rayonu Divanlı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 53 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şorəlli kəndində yaşayır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 05 avqust 2003-cü il tarixdən Bərdə rayonu Divanlı kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 aprel 2011-ci il tarixli, AZ-İ 123302 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X1 arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2012-ci il tarixli, 2(102)-3118/2012 saylı qərarından görünür ki, cavabdeh Məmmədov Qənbər Zeynal oğlunun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2012-ci il tarixli, 2(104)-454/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarının əsaslandırıcı hissəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 15 iyul 2011ci il tarixli, 2(021)-780/2011 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı və Məmmədov Qənbər Zeynal oğluna qarşı iki azyaşlı uşaqları ilə evə köçürülməsi, yaşamaq hüququnun verilməsi və evdən istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası təmin edilmiş, azyaşlı uşaqları Lalə və Şəlalə ilə birlikdə Məmmədov Qənbər Zeynal oğlunun Bərdə rayonu Şorəlli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməklə ona həmin evdən istifadə və yaşamaq hüququnun verilməsi qət edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh Məmmədov Qənbər Zeynal oğlunun apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2012-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 aprel 2012-ci il tarixli qətnaməsi ilə cavabdeh Məmmədov Qənbər Zeynal oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 05 mart 2024-cü il tarixli, MŞB/MT039/2024-00067 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 05 mart 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı ilə cavabdehin arasında olan nikah 06 aprel 2011-ci il tarixdə ləğv edilmiş, Bərdə Rayon Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iki uşağı ilə birlikdə Bərdə rayonu Şorəlli kəndində İddiaçı yaşadığı evə köçürülməsi, həmin evdə yaşamaq hüququnun verilməsi və evdən istifadə hüququnun təmin edilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi həmin vaxt icra edilmişdir, ləğv edilməmişdir və hazırda qüvvədədir. Cavabdeh məhkəmə iclasında özünə və uşaqlarına məxsus olan əmlakların hazırda həmin evdə olduğunu, əvvəllər həmin evə davamlı olaraq gedib-gəldiyini, lakin iddiaçının hazırkı arvadı onun sözügedən evə sərbəst gedib-gəlməsinə maneələr yaratdığına görə artıq həmin evə gedə bilmədiyini göstərdi. Bərdə rayonu Şorəlli kəndində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında heç kimin adına qeydə alınmamışdır, bu barədə iddiaçı məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarının tələbinə görə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Lakin İddiaçı cavabdehin qeyd olunan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiya vermək fikrinin olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Bərdə rayonu Şorəlli kəndində yerləşən iddiaçının yaşadığı evə cavabdehin istifadə və yaşamaq hüququ Bərdə Rayon Məhkəməsinin 15 iyul 2011-ci il tarixli, 2(021)-780/2011 nömrəli qətnaməsi ilə verilmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin qətnamə hazırda qüvvədədir. Belə olan halda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə verilmiş istifadə hüququnun itirilməsi haqqında iddiaçının tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya seansında iştirak üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat məbləğində vəsait iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1503/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1503/2024
04.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver