Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-161/2022 10.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızına qarşı pay torpağının naturada bölünməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda istifadəsində olan, Bərdə rayonu Mehdili kəndində yerləşən 2 hektar 40 sot pay torpaq sahəsinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə yaxın qohumdurlar. Onlara və cavabdehlərə 2016-cı ildə 4.36 ha pay torpaq sahəsi verilmişdir. Onlar hazırda Yevlax şəhərində yaşayırlar. Onlara verilən torpaq sahəsini cavabdehlər onlara verməkdən imtina edirlər. Onlara ümumilikdə 2.40 hektar torpaq sahəsi düşür. Dəfələrlə cavabdehlərə onlara düşən pay torpaq sahəsinin göstərilməsini tələb etmələrinə baxmayaraq cavabdehlər həmin torpaq sahəsinin ölçülərək onların istifadələrinə verilməsinə etiraz edirlər. Onlar kənd təsərrüfatı ilə məşğul olmaq istəyirlər. Lakin cavabdehlər onları bundan mərhum etməklə Dövlət aktının surətini onlara verməkdən imtina etdikləri üçün Dövlət aktının surətini məhkəməyə təqdim edə bilməmişlər. Onların torpaq sahəsinin olub-olmamsı ilə bağlı Daşınmaz Əmlaka sorğu verdik, onlara rəsmi cavab olaraq yazılı məlumat vermişlər ki, ümumilikdə 11 nəfər ailə üzvlərinə 4.36 ha torpaq sahəsi verilmişdir. Ona görə də məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşlar. Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızına qarşı pay torpağının naturada bölünməsi tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 dekabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, mülki iş materiallarında təqdim edilmiş İddiaçı1 adına verilmiş RX ******* nömrəli çıxarışın ayrılmaz hissəsi olan koordinatları özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmaması səbəbindən, həmçinin qərardada əsasən həmin torpaq sahəsinin səkkiz hissəyə bölünməsinə aid bölgü sxemi təqdim edilmədiyindən mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Digər iddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı2 və İddiaçı4 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı3 izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarış surətindən müəyyən olunur ki, Bərdə rayonu Mehdili kənd sakinləri X1, X2, X4, Cavabdeh1, İddiaçı2, X3, İddiaçı4 və İddiaçı3 ümumi birgə mülkiyyətinə 4,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Mehdili kənd sakinləri X1, Cavabdeh2 Bəhrəm qızının, X4, Cavabdeh1, İddiaçı2, X3 və İddiaçı3 mülkiyyətinə 4,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar iddia ərizələrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda istifadəsində olan, Bərdə rayonu Mehdili kəndində yerləşən 2 hektar 40 sot pay torpaq sahəsinin naturada bölünməsini tələb etsələr də “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmadığından torpağın naturada bölünməsininin mümkün olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 dekabr 2021-ci il tarixli arayışı ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Bu Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iş üzrə mövcud sübutları birlikdə dəyərləndirərək yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının naturada bölünməsini tələb etdiyi Bərdə rayonu Mehdili kəndində yerləşən 2,40 ha torpaq sahəsinin hazırkı vaxtda “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından bölünməsi mümkün olmadığından iddia tələbi təmin oluna bilməz. İddiaçılara izah olunur ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldıqdan sonra birgə mülkiyyətdə olan torpaq sahəsindən özlərinə düşən payın naturada ayrılması ilə bağlı yenidən məhkəməyə müraciət etmək hüquqları vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızına qarşı pay torpağının naturada bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-161/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-161/2022
10.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver