Məhkəmə qərarları › İş №2(021)-230/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-230/2024

27.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-230/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Torpaq sahəsinin naturada bölünərək, ona düşən hissəsinin cavabdehdən alınıb verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə mülkiyyətlərində olan Bərdə rayonu Mehdili kəndində yerləşən 0,20 ha həyətyanı torpağın və 2,22 ha əmlak pay torpaq sahəsinin ona düşən hissəsinin naturada bölünərək cavabdehdən alınıb ona verilməsinə və həmin hissələrdən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə ona və cavabdehə Bərdə rayonu Mehdili kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.22 ha və 0.20 həyətyanı torpaq sahəsi verilmişdir. Sözgedən torpaq sahəsinə qeydiyyat nömrəsi JN 0087, kod 61012018 saylı mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. Uzun illərdir ümumi birgə mülkiyyətlərində olan 2.22 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsindən istifadə etmir. Cavabdeh isə həmin torpaq sahəsinin ona aid olan hissəsindən də istifadə edərək qazanc əldə edir və ona heç bir gəlir vermir. Ailə vəziyyəti maddi cəhətdən pis olduğundan özünə aid hissədə əkin-biçin işləri aparmaq istəsə də, cavabdeh onun torpaq sahəsindən özünün istifadə etməsinə və qazanc əldə etməsinə imkan vermir. Bununla da, Cavabdeh torpaq sahəsini özbaşına zəbt edərək onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onlara düşən torpaq payının naturada bölünərək sərhədlərinin müəyyən edilməsini və onlara tanıdılmasını, habelə cavabdehin ona düşən hissədən çıxarılmasını istəyir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclası ilə bağlı İddiaçı məhkəməyə teleqram ünvanlayaraq onkoloji xəstə olduğuna görə məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin üzrlü səbəblərdən olması haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Bərdə rayonu Mehtili kəndində anadan olmuşdur, Kəlbəcər rayonu Qalaboyun kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx xxxxxxxx 1953-cü ildə Bərdə rayonu Qarayusifli kəndində anadan olmuşdur, Bərdə rayonu Mehdili kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, 44 saylı arayışdan görünür ki, İddiaçı oğlu Bərdə rayonu Mirzəxan kəndində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 03 dekabr 2021-ci il tarixli, 5682 saylı məlumatından görünür ki, Bərdə rayonu Mehdili kənd sakinləri Cavabdeh, X4, İddiaçı və X1 adına Bərdə rayonu Mehdili kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və 4 nəfər ailə üzvü ilə birlikdə 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində aşkar edilmişdir. Bərdə Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərardadına ilə, İddiaçı Cavabdeh qarşı «Paylı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması və torpaqdan çıxarılma» tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 Saylı Bərdə Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərar alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 Saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilən Mütəxəssis Rəyində göstərilmişdir: -TEKUİS məlumat bazasına əsasən, “Torpağa mülkiyyət hüququna dair” JN-0087 KOD 61012018 saylı Dövlət aktına əsasən Cavabdeh, X3, X1 və İddiaçı birgə mülkiyyətində olan və Bərdə rayonu Mehdili kəndində yerləşən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı ¼ hissə payının, yəni normaya uyğun hər bir mülkiyyətçiyə 0.5150 ha olmaqla və suvarma istiqaməti nəzərə alınmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. TEKUİS məlumat bazasına əsasən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli şəhadətnamə ilə iddiaçı və cavabdehin birgə mülkiyyətlərinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissə payı, üzərində yerləşən nyaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsi ümumi birgə mülkiyyətlərində saxlanılmaqla kəndarası yola çıxışı təmin etməklə 0,0374 ha olmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. -İddiaçı və cavabdehlər faktiki naturada 0.48 ha həyətyanı torpaq sahəsindən istifadə edirlər. Bundan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli şəhadətnamə ilə iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilib. Qalan 0.28 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində saxlanılmışdır. TEKUİS məlumat bazasına əsasən, iddiaçı və cavabdehlərin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli şəhadətnamə ilə ümumi birgə mülkiyyətlərində olan 0.20 ha həyətyanı torpaq sahəsinin və “Torpağa mülkiyyət hüququna dair” JN-0087 Dövlət aktına əsasən iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.06 ha pay torpaq sahəsinin bölgü planı, rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Mülki mübahisənin gerçək hallarından görünür ki, Cavabdeh, X3, İddiaçı və X1 birgə mülkiyyətlərində Bərdə rayonu Mehdili kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və 4 nəfər ailə üzvü ilə birlikdə 2,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahələri yuxarıda qeyd olunan şəxslərin ümumi birgə mülkiyyətlərində olsa da, cavabdeh iddiaçıya öz torpağından istifadə etməyə faktiki olaraq imkan vermir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 Saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyindən də görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0087 KOD 61012018 saylı Dövlət Aktına əsasən Cavabdeh, X3, X1 və İddiaçı birgə mülkiyyətində olan Bərdə rayonu Mehdili kəndində yerləşən 2.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı ¼ hissə payının, yəni normaya uyğun hər bir mülkiyyətçiyə 0.5150 ha olmaqla və suvarma istiqaməti nəzərə alınmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. Bundan başqa iddiaçı və cavabdehlər faktiki naturada 0.48 ha həyətyanı torpaq sahəsindən istifadə edirlər. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli şəhadətnamə ilə iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilib. Qalan 0.28 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində saxlanılmışdır. İddiaçı və cavabdehin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli şəhadətnamə ilə ümumi birgə mülkiyyətlərində olan 0.20 ha həyətyanı torpaq sahəsinin və “Torpağa mülkiyyət hüququna dair” JN-0087 Dövlət aktına əsasən iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.06 ha pay torpaq sahəsinin bölgü planı, rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının 2,06 ha kənd təsərrüfatı təyinatlı və 0,20 ha həyətyanı torpaq sahələrində payının naturada bölünməsi mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. MM-nin: 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İddiaçı iddia ərizəsində 2,22 ha əmlak pay torpaq sahəsinin ona düşən hissəsinin naturada bölünərək cavabdehdən alınıb ona verilməsinə və həmin hissədən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 Saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçüsü 2,22 hektar deyil, 2,06 hektardır. Ona görə də iddia tələbi həmin hissədə mütəxəssis rəyində göstərilən qaydada təmin edilməlidir. Yuxarıda istinad olunan maddi hüquq normalarına, Konvensiya normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-0087 KOD 61012018 saylı Dövlət aktına əsasən Cavabdeh, X3, X1 və İddiaçı birgə mülkiyyətində olan və Bərdə rayonu Mehdili kəndində yerləşən 2,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı ¼ hissə, yəni 0,5150 ha olmaqla və suvarma istiqaməti nəzərə alınmaqla (torpaq sahəsinin bölgü planına uyğun olaraq) payının naturada bölünməsi və Cavabdeh həmin 0,5150 ha torpaq sahəsindən çıxarılması; -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli şəhadətnamə ilə Cavabdeh, X3, X1 və İddiaçı birgə mülkiyyətlərinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissə payı, üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsi ümumi birgə mülkiyyətlərində saxlanılmaqla və kəndarası yola çıxışı təmin edilməklə (torpaq sahəsinin bölgü planına uyğun olaraq) 0,0374 ha olmaqla naturada bölünməsi və Cavabdeh həmin 0,0374 ha torpaq sahəsindən çıxarılması qət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) mаnаt məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Torpaq sahəsinin naturada bölünərək, ona düşən hissəsinin cavabdehdən alınıb verilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası qismən təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0087 KOD 61012018 saylı Dövlət Aktına əsasən Cavabdeh Kamil oğlunun, X3, X1 və İddiaçı birgə mülkiyyətində olan və Bərdə rayonu Mehdili kəndində yerləşən 2,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı ¼ hissə payı, yəni 0,5150 ha olmaqla və suvarma istiqaməti nəzərə alınmaqla (torpaq sahəsinin bölgü planına uyğun olaraq) naturada bölünsün və Cavabdeh həmin 0,5150 ha torpaq sahəsindən çıxarılsın. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-8A nömrəli Şəhadətnamə ilə Cavabdeh Kamil oğlunun, X3, X1 və İddiaçı birgə mülkiyyətlərinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissə payı, üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsi ümumi birgə mülkiyyətlərində saxlanılmaqla və kəndarası yola çıxışı təmin edilməklə (torpaq sahəsinin bölgü planına uyğun olaraq) 0,0374 ha olmaqla naturada bölünsün və Cavabdeh həmin 0,0374 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq iddiçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar