Məhkəmə qərarları › İş №2(021)-2641/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2641/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2641/2023 24.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra Cavabdeh) qarşı “Paylı ümumi mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə rayonu Samux kəndində yerləşən, ümumi paylı mülkiyyətlərində olan 4,43 ha pay torpaq sahəsinin 1/6 hissəsinə payının müəyyən edilib naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. Son bir neçə il əvvəl ailə üzvləri ilə birgə yaşamış, pay torpaq sahələrindən birgə istifadə etmişlər. Artıq bir neçə ildir ki, ailə həyatı quraraq Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Valideynləri ilə birgə yaşayış dövründə Bərdə Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Bərdə rayonu Samux kəndində onlara-Cavabdeh, X2, İddiaçı, X9, X3 və X4 4,43 ha pay torpaq sahəsi verilmiş, həmin torpaqları xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Ailə həyatı qurandan sonra valideyinlərindən ayrılmışdır. Onun pay torpaq sahəsi valideynlərinin istifadəsində qalmışdır. Dəfələrlə atası Cavabdeh pay torpaq sahəsinin ayrılmasını tələb etmiş, onun sahibliyinə və istifadəsinə qaytarılmasını xahiş etsə də bir nəticəsi olmamışdır. Bu səbəbdən ailə uşağını dolandırmaqda maddi çətinlik çəkir. Qeyd edilən pay torpaq sahəsində payçılar Cavabdeh, X7, İddiaçı, X11, X10, X5r. Cəmi payçılar 6 nəfərdir. Payçılardan atası razı olmadığından payına düşən torpaq sahəsindən istifadə edə bilmər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin üzrlü səbəblərdən olması haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Bərdə rayonu Leninabad kəndində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Bərdə rayonu Leninabad kəndində anadan olmuşdur. Bərdə rayonunda qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Samux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli 055 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Samux kəndində daimi qeydiyyatdadır, lakin ərazidə yaşamır. Ailə üzvləri: atası Cavabdeh, anası X7, bacısı X6 ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Məlumatların təqdim edilməsi barədə 28 fevral 2023-cü il tarixli 3-21-3- 46/2-901/2023 saylı məktubundan görünür ki, İddiaçı adına Bərdə rayonu Samux kəndində 6 nəfər ailə üzvü ilə birlikdə 4,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «Paylı ümumi mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması» tələbinə dair mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 Saylı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 12 sentyabr 2023-cü il tarixli Rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 4,43 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən iddiaçının 1/6 hissədə payının naturada ayrılması mümkündür. -Suvarma istiqamətini və yola çıxışı nəzərə almaqla hər bir mülkiyyətçiyə normaya uyğun qaydada aparılmış bölgü rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. 12 sentyabr 2023-cü il tarixli Mütəxəssis rəyinə əlavə edilmiş Bərdə rayonu Samux kəndində mübahisəli pay torpaq sahəsinin Bölgü Planı ilə sözügedən 4,43 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən altı nəfər mülkyyətçinin hər birinin payı ayrılmaqla 6/1 hissənin naturada ayrılmasının koordinatları əks edilmişdir. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin (cəmi altı nəfər) ümumi birgə mülkiyyətinə Bərdə rayonu Samux kəndində yerləşən 4,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi 6 nəfər ailə üzvünün ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 12 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış 4,43 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən iddiaçının 1/6 hissədə payının naturada ayrılması mümkündür. Rəyə müvafiq Bölgü Planı əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin hallarından görünür ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik edə bilmədiyindən ümimi paylı mülkiyyətdə olan payının naturada ayrılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X8 X1 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Samux kəndində yerləşən 4,43 ha torpaq sahəsinin həcmi 0,7383 ha olan 6/1 hissəsi suvarma istiqamətində yola çıxışı nəzərə alınaraq, Bölgü Planında nəzərdə tutulmuş qaydada və Bölgü Planında ölçüləri 23,70 metr x 17,70 metr olan hissədə iddiaçının payı müəyyən edilməli və naturada ayrılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün isə 130 manat pul ödəmişdir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə xərclərinin ödənilməsini tələb etmədiyindən həmin xərclər ona aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Paylı ümumi mülkiyyət hüququ əsasında payların müəyyən edilərək naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan və Bərdə rayonu Samux kəndində yerləşən 4,43 ha torpaq sahəsinin həcmi 0,7383 ha olan 6/1 hissəsi suvarma istiqamətində yola çıxışı nəzərə alınaraq, Bölgü Planında nəzərdə tutulmuş qaydada və Bölgü Planında ölçüləri 23,70 metr x 17,70 metr olan hissədə iddiaçının payı müəyyən edilsin və naturada ayrılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar