Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2950/2025 24.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə qeydə alınmış Bərdə rayon Hacallı kəndində yerləşən 2.21 ha torpaq sahəsinin naturada bölünərək, sərhədlərin tanıdılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki mərhum qızı X1 cavabdehlərdən Cavabdeh1 ilə nikahda olmuş və nikahda olan zaman Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Bərdə rayonu Hacallı kəndində 2,21 ha torpaq sahəsi verilmişdir. Birgə nikahlarından uşaqları olmamış və xx.xx.2018-ci ildə nikahları pozulmuşdur. xx.xx.2019-cu ildə qızı Vəsilə vəfat etmişdir. Mərhum qızından qalmış əmlak üzərində payının müəyyən edilməsinə dair iddia qaldırmış və Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2524 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Bərdə rayonu Hacallı kəndində 2,21 ha torpaq sahəsi üzərində 1/5 hissə payı müəyyən edilmişdir. Bundan sonra mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınaraq xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Ancaq paylı mülkiyyətində olan 2,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməsinə cavabdehlər imkan vermirlər Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, iddia tələbi qəbul etmir. Onlar qarşı tərəfə 2019-cu ildə 2000 manat pul ödəmişlər. Onlar torpağı onlara satmış, lakin torpaq sənədləşdirilməmişdir. Bu barədə aralarında akt tərtib edilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949cu il tarixdə Bərdə rayonu Hacallı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, İddiaçı adına Bərdə rayonu Hacallı kəndində 2.21 ha torpaq sahəsi ********** nömrə ilə Daşınmaz əmlakın reyestr nömrəsi ilə 1/5 hissədə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli 3-21-3-46/2-4900/2025 saylı ekspertiza rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********61 reyestr nömrəli çıxarışla 1/5 hissədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlunun və 1/5 hissədə İddiaçı paylı mülkiyyətlərində olan Bərdə rayonu Hacallı kəndində yerləşən 2.21 ha kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsinin AzCAD məlumat bazasına əsasən bölünməsi mümkündür. Bu rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. xx.xx.2025-ci il tarixli 17836 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İş üzrə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, Bərdə rayonu Hacallı kəndində 2.21 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı 1/5 hissədə payları mövcuddur. İş materiallarında olan rəyə əsasən Bərdə rayonu, Hacallı kəndində yerləşən 2,21 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin Azcad məlumat bazasına əsasən sxematik planda göstərilmiş qaydada bölünməsi mümkündür. Bərdə rayon Hacallı kəndində yerləşən tərəflərin paylı mülkiyyətinə verilmiş 2.21 ha torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında suvarma istiqamətləri nəzərə alınmaqla hər birinə 0,442 ha olmaqla, 1/5 hissədə rəyə əlavə olunmuş sxematik planda göstərilmiş qaydada naturada bölünməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Bərdə rayon Hacallı kəndində yerləşən tərəflərin paylı mülkiyyətinə verilmiş 2.21 ha torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında suvarma istiqamətləri nəzərə alınmaqla hər birinə 0,442 ha olmaqla, 1/5 hissədə rəyə əlavə olunmuş sxematik planda göstərilmiş qaydada naturada bölünsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev