Məhkəmə qərarları › İş №2(021)-3728/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3728/2023

04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3728/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, onun vəkili və nümayəndəsi X5, Cavabdeh, Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil Sektorunun psixoloqu X6, Bərdə Rayon İcra və probasiya Şöbəsinin icra məmuru ƏLəkbərov Mətləb Elman oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalması, alimentdən və borcdan azad etmə tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh azyaşlı oğlu X10 onun yanında qalması və hər ay bir uşağa görə 150 manat miqdarında alimentin tutulmasından və yığılmış aliment borcundan azad edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından 19 avqust 2009cu il tarixdə oğlu X15 və 16 sentyabr 2012-ci il tarixdə qızı X11 adlı uşaqları anadan olmuşdular. Cavabdeh ilə evləndikdən sonra onunla valideynlərinin Bərdə rayonu, Alpoud kəndində yerləşən evində yaşamışdır və birgə təsərrüfat aparmışdır. Onunla əvvəllər mehriban yaşasalar da son vaxtlarda bir-birlərini anlamamışdırlar. Ona görə də Bərdə Rayon Məhkəməsinin 23 dekabr 2016-cı il tarixli 2(021 )-7377\2016 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah aktı pozulmuş və azyaşlı X24 və qızı Sənubər Mamedli anası Cavabdeh himayəsində saxlanılmışlar. Lakin ayrıldıqdan sonra X24 anası Cavabdeh yanında qalmışdır və onun yanında qalmaq istəyir və artıq bir neçə ildir onun yanında qalır, o, baxır. X24 Bərdə rayon N.Hüseynov adına Alpoud kənd tam orta məktəbin Vİİİ sinifində oxuyur, hal-hazırda məktəbdə təhsilini davam etdirir. Bu N.Hüseynov adına Alpoud kənd tam orta məktəbinin 27 fevral 2023cü il tarixli 62 nömrəli arayışla təsdiq edilir və ərizəyə əlavə olunur. Maraqlı şəxs uşağın tərbiyə və təhsili ilə maraqlanmır. Ona görə də uşağın ata qayğısına və nəvazişinə ehtiyacı var, azyaşlı uşağının onun yanımda qalıb böyüməsi onun mənafeyinə uyğundur. Ata kimi azyaşlı uşağının onun himayəsinə verilməsini istəyir, özü şəxsən öz uşağının qayğısına qalıb onu böyütmək, tərbiyə etmək arzusundadır və bir valideyn kimi qanunvericilikdə də bu hüquqa malik olmağını nəzərdə tutulmuşdur. Çünki valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. O, ata olaraq usağının gündəlik məişət ehtiyaclarını o, ödəyir, uşağı ona emasional bağlıdır, ondan ayrı yaşaması onun mənəvi və psixoloji durumuna mənfi təsir göstərəcəkdir. Lakin bütün bunlara baxmayaraq hələ də X24nin saxlanması üçün hər ay 150 manat aliment ödəməkdə davam edir. Buna görə də azyaşlı X24nin mənəvi inkişafına, fiziki v ə p s i x i sağlamlığına xələl yetirilməməsi üçün uşağının onun yanında qalması və alimentdən azad etmə faktı müəyyən edilməlidir. X12 yanında olması faktını şahidlər də təsdiq edə bilərlər. O, göstərilən səbəbdən oğlu X10 onun yanında olması və alimentdən azad etmə faktının qeyd edilməsini başqa yolla əldə edə bilmir və məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı, vəkili və nümayəndəsi X13 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddianı qəbul etməyərək, aliment borcunu tələb etdiyini və birgə nikahlarından övladlarından oğlunun iddiaçı ilə, qızının onunla qaldığını bildirdi. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında tərəflərin birgə nikahlarından doğulmuş 19 avqust 2009-cu il təvəllüdlü X3 Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil Sektorunun psixoloqu X6 iştirakı ilə dindirilərkən 2021-ci ilin avqust ayından atası ilə birlikdə yaşadığını, hazırda da atası ilə yaşamaq istədiyini, anası ilə qalmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahlarından doğulmuş 16 sentyabr 2012-ci il təvəllüdlü X2 Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil Sektorunun psixoloqu X6 iştirakı ilə dindirilərkən anası ilə birlikdə yaşadığını, hazırda da anası ilə yaşamaq istədiyini, anası ilə qalmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Bərdə Rayon İcra və probasiya Şöbəsinin icra məmuru ƏLəkbərov Mətləb Elman oğlu izahatında göstərdi ki, İddiaçı əvvəllər məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda aliment ödəyib, lakin 2021-ci ilin avqust ayından tərəflərin birgə nikahlarından doğulmuş 19 avqust 2009-cu il təvəllüdlü X15 iddiaçı ilə yaşamağa başlayıb, buna görə də həmin vaxtdan Samir aliment ödəməyib, hal-hazırda ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 01 avqust 1988-ci ildə Bərdə rayonu, Alpout kəndində doğulmuşdur, Bərdə rayonu, Alpoud kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Cavabdeh 23 avqust 1992-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ 622665 saylı arayışdan müəyyən olunur ki, X15 19 avqust 2009-cu ildə doğulmuşdur, atası İddiaçı, anası X7r. Mülki işə əlavə edilmiş AZE 12029756 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki,X15 19 avqust 2009-cu ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Təhsil Şöbəsi N.Hüseynov adına Alpoud kənd tam orta məktəbi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 15 nömrəli arayışdan müəyyən olunur ki, X15 2020-2021-ci tədris ilində həqiqətən 19 fevral 2021-ci il tarixdən 14 iyul 2021-ci il tarixə qədər altıncı sinifdə oxumuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Təhsil Şöbəsi N.Hüseynov adına Alpoud kənd tam orta məktəbi tərəfindən verilmiş 27 sefvral 2023-cü il tarixli, 62 nömrəli arayışdan müəyyən olunur ki, X15 2022-2023-cü tədris ilində həqiqətən səkkizinci sinifdə oxuyur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-2099/2019 saylı, 30 avqust 2021-ci il tarixli Qərardadından müəyyən olunur ki, tələbkar X4 ərizəsinin təmin edilməsi, Bərdə rayon İcra və probasiya Şöbəsinin 19 yanvar 2020-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qəarının ləğv edilməsi, 14 avqust 2019-cu il tarixli 2(021)-2099/2-19-cu il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər 2008-ci ildə ailə həyatı qurmuş, birgə yaşayış dövründə 19 avqust 2009-cu il tarixdə oğlu X15 və 16 sentyabr 2012-ci il tarixdə qızı X11 adlı iki uşaqları anadan olmuşdur, xasiyyətləri uyğun gəlməmiş, ayrılmışlar. Bir müddətdən sonra barışıblar, sonradan yenidən ayrılıblar, 2021-ci ilin avqust ayından tərəflərin birgə nikahlarından doğulmuş 19 avqust 2009-cu il tarixdə oğlu X15 İddiaçı, 16 sentyabr 2012ci il tarixdə qızı X11 Cavabdeh himayəsində yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,ş iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən 50 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 üçün təyin edilmiş aliment məbləğindən azad edilsin və həmin aliment üzrə 2021-ci ilin avqust ayından etibarən hesablanmış borc silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar