Məhkəmə qərarları › İş №2(021)-401/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-401/2024

08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-401/2024 08.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı2 və üçüncü şəxs Bərdə Bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 (bundan sonra iddiaçı və ya İddiaçı1) və İddiaçı2 (bundan sonra iddiaçı və ya İddiaçı2) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) və üçüncü şəxs Bərdə Bələdiyyəsinə qarşı “Mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməklə qanunsuz quraşdırılmış köşkün götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, Bərdə şəhəri Bakı küçəsində onlara məxsus “çörək sexi”nə və torpaq sahəsinə gedən yolun üzərində quraşdırılmış köşkün Cavabdeh vəsaiti hesabına götürülməsinə və iddia qaldırmaq üçün ödədikləri 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı1 Bərdə şəhəri Bakı küçəsində uzun illərdir “çörək sexi" fəaliyyət göstərir. Sexin yerləşdiyi yerin yanında əlavə olaraq 0,05 ha torpaq sahəsi almışdır və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə DƏDRX-də qeydə alınmışdır. İddiaçılardan İddiaçı2 isə həmin ünvanda 0,11 ha torpaq sahəsi vardır. Həmin əmlak üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə DƏDRX-də qeydə alınmışdır. Təxminən 9 ay əvvəl sexə və torpaq sahəsinə gedən yolun üzərinə hazırkı iş üzrə Cavabdeh tərəfindən köşk qoyulmuşdur. Bu barədə dəfələrlə ona iradlarını bildirsələr də, hər dəfə müxtəlif bəhanələrlə köşkü oradan götürməmişdir. Məcbur olub Bərdə Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etsələr də, xeyri olmamışdır. Dəfələrlə qanunsuz quraşdırdığı köşkü başqa əraziyə aparmasını xahiş və tələb etsələr də, cavabdeh onların haqlı tələblərinə məhəl qoymur. Ona görə də məhkəmədə iddia qaldırmışlar. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 20 dekabr 2023-cü il tarixli iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 28 noyabr 2023-cü il və 13 dekabr 2023-cü il tarixli iclaslarında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıların qeyd etdiyi mübahisəli ərazi ona deyil, Bəhmən adlı şəxsə məxsusdur və həmin şəxsin mülkiyyətində olan bir ərazidir. Həmin ərazidə İddiaçı2 məxsus 0,12 ha torpaq sahəsi, ətrafında isə çörək sexi yerləşir. İddiaçı2 özünə məxsus 0,12 ha torpaq sahəsi, həmin sahədə evi var və hazırda orada yaşayır. İddiaçı2 məxsus 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsini Zaur adlı şəxs almışdır. Həmin 0,04 ha sahənin çıxışı B.Hacıyev küçəsinədir. Lakin iddiaçıların məqsədi və fikri çıxışı Bakı küçəsinə açmaqdır. Bu səbəbdən də, ona qarşı iddia qaldıraraq işlətdiyi köşkün oradan götürülməsini istəyirlər. Orada olan çörək sexinin kimin mülkiyyətində olduğunu bilmir. Lakin Zaur adlı şəxsin istifadəsindədir və həmin 0,04 ha torpaq sahəsini almışdır. Zaur çörək sexinin ərazisini genişləndirmiş, əlavə qapı qoymuşdur. Bərdə Rayon İcra Hakimiyyəti ilə maraqlanmış, ona ərazidə yolun mövcud olmadığını bildirmişlər. Həmin ərazidə 9 aydan artıqdır ki, fəaliyyət göstərir, köşkdə siqaret, sular, digər məmulatlar satır. Köşkə dair onun heç bir sənədi, o cümlədən, köşkün qoyulmasına rəsmi icazəsi yoxdur. Bərdə Rayon İcra Hakimiyyətinin şifahi razılığı əsasında həmin yerə köşk qoymuşdur və işlədir. Köşk yolun kənarında yerləşir. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bərdə Bələdiyyəsinin sədri X3 göstərdi ki, iş üzrə mübahisəli ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətində olan ərazisidir. Cavabdeh həmin yerdə köşk qoymağa Bərdə Bələdiyyəsi tərəfindən icazə verilməmişdir. Cavabdeh Bərdə Bələdiyyəsinin mülkiyyətində olan əraziyə kğşk qoyması qanunsuz olmuşdur. Sözügedən yerdə yolun nəzərdə tutulub-tutulmamasını bilmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, onun gəlməməsinin üzrlü səbəblərdən olması haqqında məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri Vaqif küçəsi ev 3-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1988-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1982-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Nüşabə küçəsi döngə 1/1-də qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,05 ha yaşayış məntəqəsi torpağı mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,11 ha yaşayış məntəqəsi kateqoriyalı torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bərdə şəhəri Bakı küçəsində sözügedən köşkün vətəndaş Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində quraşdırıldığı müəyyən edilmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Memarlıq və Tikinti Şöbəsinin 21 noyabr 2022-ci il tarixli 42 nömrəli rəyindən görünür ki, Bərdə şəhərində yaşayan Cavabdeh aztəminatlı ailə olmasını nəzərə alaraq ona Bərdə şəhəri A.Əsgərov küçəsinin şərqində, A.Əsgərov küçəsi ilə B.Hacıyev küçəsinin kəsişdiyi ərazidə xırda ticarətlə məşğul olmaq üçün müvəqqəti köşk qoyulmasına etiraz etmirlər. Bərdə Bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli 26 nömrəli məktubundan görünür ki, iş üzrə mübahisəli ərazi Bərdə Bələdiyyəsinin ərazisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 19 yanvar 2024-cü il tarixli 3-21-3-46/2-271/2024 nömrəli məktubundan görünür ki, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsinə, TEKUİS məlumat bazasına əsasən şimaldan Bahadur Hacıyev küçəsindən, qərbdən isə Asəf Əsgərov (keçmiş Bakı küçəsi) küçəsindən gediş-gəliş yolu mövcuddur. ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsindən isə TEKUİS məlumat bazasına əsasən Asəf Əsgərov (keçmiş Bakı küç.) küçəsinə birləşən döngədən gediş-gəliş yolu mövcuddur. - Qeyd: Bahadur Hacıyev küçəsi və Asəf Əsgərov döngəsi, keçmiş Bakı küçəsinə birləşir. Bərdə şəhəri Bakı küçəsində yerləşən köşkün yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qarşıda Bakı küçəsi (avtomobil yolu), köşkün arxa hissəsi açıq ərazi, sağ və sol hissələrdə ağaclar və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin hasarı mövcuddur. Hasar boyu Bərdə şəhəri Bakı küçəsinə hər hansi bir çıxış və ya yol aşkar edilməmişdir. Hasar boyu sol hissə ilə hərəkət etdikdə Bərdə şəhəri В.Hacıyev küçəsinə giriş müşahidə olunur və В.Hacıyev küçəsində İddiaçı2 Kərəm oğlunun mülkiyyətində olan torpaq sahəsinə giriş qapısının olduğu müəyyən edilmişdir. Giriş qapısından həyətə daxil olduqda, hər bir yanı hasarlanmış boş həyət, sol hissədə qonşu ev, qarşı sol hissədə arxası həyət olan çörək sexi, qarşıda həyətin ortası və kənarlarında isə dəmir tullantıları müşahidə olunur. İddiaçı1 deməsinə görə həyətin sağ hissisinin hasarında olan qırmızı boya ilə işarələnmiş yerdən həyətin sonunadək olan 0.05 ha torpaq sahəsi ona məxsusdur, 0.11 ha hissə isə digər İddiaçı2 məxsusdur. Həyətin daxilindən sağ hasar boyu Bərdə şəhəri Bakı küçəsinə hər hansı bir çıxışın olması müəyyən edilməmişdir. İddiaçı1 yola çıxış kimi İddiaçı2 torpaq sahəsindən keçərək B.Hacıyev küçəsindən istifadə etdiyini, "Bakı” küçəsi daha yaxsı olduğu halda cavabdehin köşkü mane olduğundan həmin küçəyə çıxışının olmadığını bildirmişdir. İddiaçı1 məxsus olan torpaq sahəsinin digər tərəfində (hasardan bayırda) Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə Rayon Baytarlıq idarəsinə gedən yol yerləşir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı1, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,11 ha torpaq sahəsi isə İddiaçı2 adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, sözügedən hər iki torpaq sahəsinin hüquqi ünvanı Bərdə şəhəri Bakı küçəsidir. Lakin həmin torpaq sahələrinin Bakı küçəsinə (indiki adı Asəf Əsgərov küçəsi) çıxışına Cavabdeh tərəfindən köşk qoyularaq bağlanmışdır. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 19 yanvar 2024-cü il tarixli 3-21-3-46/2-271/2024 nömrəli məktubu ilə də öz təsdiqini tapmışdır. Məhkəmənin mübahisəli əraziyə yerli baxışı zamanı da həmin çıxışın (yolun) Cavabdeh tərəfindən köşk qoyulmaqla bağlanması müəyyən edilmişdir. Cavabdeh köşkün Bərdə Rayon İcra Hakimiyyətinin icazəsi ilə qoyulduğunu bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdehin sübut olaraq təqdim etdiyi Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Memarlıq və Tikinti Şöbəsinin 21 noyabr 2022-ci il tarixli 42 nömrəli rəyi isə hüquq müəyyən edici sənəd olmadığından köşkün qoyulması üçün icazə hesab edilə bilməz. Habelə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, qanunsuz olaraq qoyulan həmin köşkün yerləşdiyi ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətindədir. Məhkəmə tərəfindən mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bərdə Bələdiyyəsinin sədri X3 məhkəmə iclasında göstərdi ki, “iş üzrə mübahisəli ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətində olan ərazisidir. Cavabdeh həmin yerdə köşk qoymağa Bərdə Bələdiyyəsi tərəfindən icazə verilməmişdir. Cavabdeh Bərdə Bələdiyyəsinin mülkiyyətində olan əraziyə köşk qoyması qanunsuz olmuşdur.” Bərdə Bələdiyyəsi məhkəməyə ünvanlanan 06 fevral 2024-cü il tarixli, 26 nömrəli məktubu ilə mübahisəli ərazinin Bərdə Bələdiyyəsinin ərazisi olmasını bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 sentyabr 2023-cü il tarixli məktubundan da görünür ki, Bərdə şəhəri Bakı küçəsində sözügedən köşkün vətəndaş Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində quraşdırıldığı müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən qoyulmuş köşkün yerləşdiyi ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətindədir. Bərdə Bələdiyyəsi isə özünün mülkiyyətində olan həmin əraziyə köşkün qoyulması üçün Cavabdeh və ya digər şəxsə rəsmi icazə verməmişdir. Belə olan halda, Cavabdeh tərəfindən Bərdə Bələdiyyəsinin mülkiyyətində olan əraziyə köşkün qoyulması qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Qeyd edildiyi kimi, Cavabdeh tərəfindən Bərdə Bələdiyyəsinin mülkiyyətində olan əraziyə köşkün qoyulmasının qanunsuz olması məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Habelə, həmin köşkün qanunsuz olaraq qoyulması ilə iddiaçıların qanuni mülkiyyətlərində olan ərazinin hüquqi ünvanları olan Bərdə şəhəri Bakı küçəsinə (indiki adı Asəf Əsgərov küçəsi) çıxışına yol bağlanmışdır. Sözügedən köşk götürülmədən isə, həmin yolun açılması mümkün deyildir. Yuxarıda istinad olunan maddi hüquq normalarına, Konvensiya normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Bərdə Bələdiyyəsinə məxsus olan və Bərdə şəhəri Asəf Əsgərov (keçmiş Bakı küçəsi) küçəsində olan gediş-gəliş yoluna Cavabdeh tərəfindən qanunsuz qoyulmuş köşk cavabdehin vəsaiti hesabına həmin yerdən götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 öz iddia tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 101 (bir yüz bir) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 101 (bir yüz bir) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bərdə Bələdiyyəsinə qarşı “Mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməklə qanunsuz quraşdırılmış köşkün götürülməsi” tələbinə dair iddiası təmin edilsin. Bərdə şəhəri Asif Əsgərov (keçmiş Bakı küçəsi) küçəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus çörək sexinə və torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh tərəfindən quraşdırılmış köşk Cavabdeh hesabına ərazidən götürülsün. İş üzrə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar