Məhkəmə qərarları › İş №2(021)-42/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-42/2021

04.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-42/2021 04.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı oğlunun cavabdehlər Cavabdehnə, "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı «əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və "xxxx" MMC tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin, 0.0481 ha torpaq sahəsi ilə birlikdə yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Cavabdeh 17.05.2019-cu il tarixli 72197\05 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evi 0.0481 ha torpaq sahəsi ilə birlikdə "xxxx" MMC tərəfindən hərraca çıxarrılmışdır. İpoteka predmetinin ilkin satış qiyməti 42533 manat müəyyən edilmişdir. Hesab edir ki, "xxxx" MMC tərəfindən ona məxsus olan evin xəbərdar olunmaması və aşağı qiymətə hərracda satışa çıxarılması barədə hərəkətləri qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələblərininin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə cavabdehlər Cavabdehnə, "xxxx" MMC-yə və "xxxx" QSC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 05337141 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu 19.04.1955-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhər H.Aslanov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3826 saylı arayışdan görünür ki, İddiaçı oğlu Bərdə şəhər H.Aslanov küçəsi ev 6 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X1 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* saylı Çıxarışdan görünür ki, Bərdə şəhər H.Aslanov küçəsi ev 6 ünvanında 0.0481 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı oğlunun tam mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Bərdə şəhər H.Aslanov küçəsi ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçı oğludur. Mülki işə əlavə edilmiş "xxxx" QSC ilə İddiaçı oğlu arasında bağlanmış 15M00000293 saylı İpoteka Müqaviləsindən görünür ki, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə (0.481 ha torpaq sahısi ilə birlikdə) tərəflər arasında bağlanmış 20.09.2010-cu il tarixli 15L000001502 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılşaması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə ” formasında bağlanmış ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2145\2018 saylı 04.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bərdə rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli 2(021) 1523\2017 saylı qətnaməsi qismən ləğv olunaraq, ilkin iddia “ tələbin Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə (0.481 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və ümumilikdə cəmi 40179.83 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumnunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra İddiaçı oğlu, X3 və X4 həmin yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində qismən təmin edilərək, tutma Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə (0.481 ha torpaq sahısi ilə birlikdə) yönəldilməsi, həmin aəmlakın açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 42533 manat müəyyən edilməsi, cəmi 40179.83 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumnunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən İddiaçı oğlunun mülkiyyətindəki 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqdan 1 ay sonra İddiaçı oğlunun, X2 və X4 həmin yaşayış evinə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi qət olunmuşdur. Qarşılıqlı iddia tələbi təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.03.2019-cu il tarixli 2(104)1801\2019 saylı Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2145\2018 saylı 04.06.2018-ci il tarixli qətnaməsindən X5 və qeyriləri tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC-nin 664 saylı, 21.06.2019-cu il tarixli bildirişi ilə icra məmuruna, tələbkar və borcluya Bərdə şəhər H.Aslanov küçəsi ev 6 ünvanında ünvanda yerləşən fərdi yaşayış evin 6.00481 ha torpaq sahəsi ilə birlikdə 42533 manat ilkin satış qiyməti ilə hərracdan satışa çıxarıldığı bildirilmişdir. Bildirişdə açıq hərracın 17.07.2019-cu il tarixdə saat 11:00-da Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsi 44 Caspian Plaza 3- cü korpus, 6-cı mərtəbə ünvanında keçiriləcəyi göstərilmişdir. Mülki işə əlavə edilmiş dövlət rüsumundan görünür ki, iddiaçı iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin «sübutların qiymətləndirilməsi»ndən bəhs edən 88-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə tərəflərin izahatını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Məhkəmə qeyd edir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının icra olunduqdan sonra yeni iddia ilə məhkəməyə müraciət edilməsi hüquqi müəyyənlik prinsipinə zidd ola olar. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixliqərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü tarixli Qərarı) Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçıların əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçılar İddiaçı oğlunun cavabdehlər Cavabdehnə, "xxxx" MMC-yə və "xxxx" QSC-yə qarşı «əmlakın yenidən qiymətləndirilməsi» tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar