Məhkəmə qərarları › İş №2(022)-101/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-101/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-101/2024 08.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 02 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.270 manat, cəmi 4.770 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 02 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.270 manat, cəmi 4.770 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun tanışıdır və həmin şəxslə sonuncunun onun oğlu ilə arası yaxşı olduğuna görə münasibətləri yaranmışdır. Cavabdeh 2023-cü ilin aprel ayında ondan 3.500 manat məbləğində borc istəmişdir. Onun həmin vaxt pulu olmasa da, cavabdehlə araları yaxşı olduğuna görə həmin şəxsə kömək etmək qərarına gəlmişdir. Bu məqsədlə o, “Yelo Bank” açıq səhmdar cəmiyyəti ilə bağladığı 01 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş və Cavabdeh 3.500 manat məbləğində borc pul vermişdir. O, bankla bağladığı kredit müqaviləsinə əsasən 30 ay ərzində, hər ay 159 manat ödəəklə, cəmi 4.770 manat məbləğində borcunu “Yelo Bank” açıq səhmdar cəmiyyətinə ödəməlidir. O, .500 manat məbləğində borc vəsaitini cavabdehə 02 may 2023-cü il tarixdə kredit müqaviləsi əsasında vermiş və həmin müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh ona olan borcunu 02 iyul 2023-cü il tarixədək qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcunu qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, buna görə də dövlət rüsumunun ödənilməsinə görə əlavə xərc çəkmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş əsas borcun əvəzi qismində 3.500 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.270 manat, cəmi 4.770 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 02 may 2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X1 02 may 2023-cü il tarixdə 3.500 manat məbləğində borc vermiş, borc alan kredit vəsaitini 02 iyul 2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləsinin 3-cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. 02 may 2023-cü il tarixli kredit müqaviləsi Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmişdir. İşdə olan Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 “Muğanbank” açıq səhmdar cəmiyyətinə ünvanladığı 02 may 2023-cü il tarixli, 1127 nömrəli məktubunun və xəzinə mədaxil orderinin surətindən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov “Muğanbank” açıq səhmdar cəmiyyətindən 3.500 manat məbləğində pulun həmin bankda olan AZ21MUGA**********0000AZM53 nömrəli depozit hesabına köçürülməsini xahiş etmiş və 3.500 manat məbləğində kredit vəsaiti X1 həmin depozit hesabından təhvil verilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı Cavabdeh ilə bağladığı və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 3.500 manat məbləğində borc vermiş və həmin məbləğdə pul vəsaiti AZ21MUGA**********0000AZM53 nömrəli depozit hesabına köçürülməsi yolu ilə Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənim 740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Kredit müqaviləsi” paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə həmin Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.2-ci maddəsinə əsasən kredit müqaviləsində ən azı borcverənin adı və ünvanı, borcalanın adı və ünvanı, kreditin məbləği və valyutası, kreditin qaytarılma müddəti və ödəniş şərtləri, kreditin təyinatı, kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi), tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat göstərilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 744.2-ci maddəsinə əsasən kredit müqaviləsi tərtib edildiyi vaxt tərəflər faiz ödənilməsini nəzərdə tutan müqavilə şərtlərini həmin aktda dəqiq şəkildə təsvir etməlidirlər. Lakin müavilə predmeti olan pul vəsaitinin cavabdehə iddiaçı tərəfindən verilməsini özündə ehtiva edən 02 may 2023-cü il tarixli kredit müqaviləsinin 3-cü bəndində tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarında olan 01 may 2023-cü il tarixli, 12-MCR-1-472-23/1 nömrəli kredit verilməsinə dair razılaşmanının və 12-MCR-1-472-23/1 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavənin surətindən görünür ki, “Yelo Bank” açıq səhmdar cəmiyyəti İddiaçı kreditdən istifadəyə görə aylıq 1,92% borc faizləri ödəməsi şərtilə, 30 ay müddətinə 8.000 manat məbləğində kredit vermişdir. Lakin İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətindən götürdüyü 8.000 manat məbləğində kredit vəsaitinin 3.500 manat məbləğində hissəsini cavabdehə borc verdiyini iddia etsə də, bu xüsusatı, o cümlədən Cavabdeh iddiaçının “Yelo Bank” açıq səhmdar cəmiyyəti ilə bağladığı 01 may 2023-cü il tarixli, 12-MCR-1-472-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə faiz borcunun hər hansı hissəsini ödəməyi öhdəsinə götürməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi, həmin şəxslə cavabdeh arasında bağlanmış 02 may 2023-cü il tarixli kredit müqaviləsində kredit borcuna görə faiz ödənilməsi şərti müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası Cavabdeh iddiaçının xeyrinə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.270 manat tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 02 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 3.500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin 23 manat məbləğində hisssi iddiaçıya aid edilməli, qalan hissənin əvəzi qismində 45 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, , 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 02 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.500 (üç min beş yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 45 (qırx beş) manat, cəmi 3.545 (üç min beş yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar