Məhkəmə qərarları › İş №2(022)-1070/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1070/2023

19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1070/2023 19.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və və həmin akt əsasında iddiaçıya hesablanmış 1.555 manat 20 qəpik məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və və həmin akt əsasında iddiaçıya hesablanmış 1.555 manat 20 qəpik məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı onun oğludur. O və onun ailəsi Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayırlar. Onun mərhum X1nın həmin kənddə köhnə bir evi və torpaq sahəsi olmuşdur. Anası həmin evdə təbii qazdan istifadə etməsə də, həmin Nərimankənd kəndində evlərin qazlaşdırılması ilə əlaqədar 2015-ci ildə həmin evə də qaz xətti çəkilmişdir. X1 2015-ci ildə vəfat etdikdən sonra həmin evi baxımsızlıqdan tamam yararsız hala düşmüş və onlar həmin evi 2018ci ildə sökmüşlər. Mərhum anasının vəfatından sonra həmin torpaq sahəsi onun mülkiyyətinə keçsə də, evin təbii qaz xəttinə qoşulmuş sayğacı iddiaçının adına qeydə alınmışdır. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi 2018-ci ildə tam olaraq sökülməsinə və orada yeni heç bir tikili inşa edilmədiyinə baxmayaraq, qaz sayğacı yerində qalmışdır. 2018-ci ildən hazırki tarixə qədər həmin torpaq sahəsində fərdi yaşayış evi söküldüyünə görə heç kəs yaşamamış, habelə təbii qazdan istifadə edilməmişdir. Buna görə də Biləsuvar rayon qaz istismar idarəsinin işçiləri sayğaca baxış keçirsələr də, abonent kartında qaz sərfiyyətinı 0 olduğunu qeyd etmişlər. Buna görə də o və oğlu da həmin torpaq sahəsində quraşdırılmış qaz sayğacının taleyi barədə maraqlanmamışlarr. 05 iyul 2023-cü il tarixdə Biləsuvar rayon Qaz istismarı sahəsinin əməkdaşları həmin “Elster” tipli, “G-4” markalı, ******* zavod nömrəli qaz sayğacını sökmüşlər və bu barədə ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib etmişlər. Həmin aktda qaz sayğacının şüşəsinin sınması və torpaq sahəsində tikilmiş ev söküldüyü üçün sayğacın çıxarılması qeydi aparılmışdır. O və İddiaçı həmin akt tərtib edildiyi zaman əvvəlcədən məlumatlandırılmadığına görə qaz sayğacının sökülməsi prosesində iştirak edə bilməmişdir. Bundan sonra ******* zavod nömrəli qaz sayğacı dövlət yoxlanılmasına cəlb edilmiş və müayinə nəticəsində sayğacın istifadəyə yararsız olması qənaətinə gəlinmişdir. Buna görə də onun oğluna 1.555 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Halbuki nə o, nə də onun ailəsindən heç kimsə həmin torpaq sahəsində ev söküldüyünə görə və yeni tikili inşa edilmədiyinə görə orada yaşamamış və təbii qazdan da istifadə etməmişdir. Həmçinin ******* zavod nömrəli qaz sayğacı küçədə, dəmir bir dirəyə quraşdırılmış, hər hansı qapalı məkanda olmamışdır. 2018-ci ildən qaz sayğacının qaz istismarı sahəsinin əməkdaşları tərəfindən söküldüyü tarixə qədər o, nə həmin torpaq sahəsi nə də orada quraşdırılmış qaz sayğacı ilə maraqlanmamışdır. Həmin qaz sayğacının işləkliyinə cavabdeh olan şəxs o və ya onun oğlu deyildir, buna görə də o, Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşları tərəfindən hesablanmış 1.555 manat 20 qəpik məbləğində borcun qanunsuz olduğunu hesab edir. Bundan başqa, o bildirdi ki, o, oğlunun ailəsi Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində yerləşən başqa evdə yaşayırlar və onlar mübahisə predmeti olan qaz sayğacının quraşdırıldığı torpaq sahəsindən istifadə etmirlər. Bundan sonra İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində ona hesablanmış cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan AZ İİ seriyalı, 296642 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində doğulmuşdur. İddiaçı atası X8, anası isə X5r. Mülki işdə olan “Azərişıq” açıq səhmdar cəmiyyətinin 02 oktyabr 2015-ci il tarixli arayışının surətindən görünür ki, Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən 0180 nömrəli evdə (mənzil:0612) quraşdırılmış elektrik istehlakçısı **********00612 nömrəli abonenet X4r. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı “sayğacın (plombun) çıxarılma səbəbi” qrafasında «sayğacın ekranı qırıldığına görə» götürülmüşdür. Həmin aktın “digər qeydlər” qrafasında isə «mənzil söküldüyü üçün sayğac çıxarıldı» qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-14-2-2/3-5-6865/Q001 nömrəli rəyinin surətindən görünür ki, ******* zavod nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğac istismara yararsızdır. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-14-2-2/3-5-6865/Q001 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Həmin aktın “qeyd” qrafasında isə «abonentin evində yaşayış olmadığı üçün qaz cihazlarına baxış keçirmək mümkün olmadı.» qeydi aparılmışdır. Mülki iş materiallarına əlavə edilmiş 10 iyul 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, qaz sayğacının normal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x90=12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********03840 kodlu abonentin saldosundan görünür ki, abonenet İddiaçı təbii qaz sərfiyyatı borcu 1.555 manat 20 qəpik təşkil edir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 avuqst 2023-cü il tarixli, 5-39-13/2- 5697/2023 nömrəli arayışdan görünür ki, həqiqətən də Nümayəndənın adına Biləsuvar rayonu, Nərimankənd kəndində 0,36 hektar ölçüdə həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsində hazırda fərdi yaşayış evi yoxdur və orada heç kəs yaşamır. Həmin torpaq sahəsində 2018-ci ilə qədər fərdi yaşayış evi olmuş, lakin 2018-ci ildə həmin ev sökülmüşdür. Həmin evə quraşdırılmış qaz sayğacı Nümayəndə oğlu İddiaçı adınadır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X6 iddiaçının nümayəndəsi X3 anası, İddiaçı isə nənəsidir. Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən ******* zavod nömrəli qaz sayğacının quraşdırıldığı 0,36 hektar ölçüdə torpaq sahəsi və orada yerləşən ev, habelə qaz sayğacı G.İ.Cavadovanın adına olmuş, lakin sonuncu öldükdən sonra həmin torpaq sahəsi G.İ.Cavadovanın qızı Nümayəndə adına, qaz sayğacı isə sonuncunun oğlu İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda İddiaçı qaz təchizatı üzrə **********03840 abonent kodlu istehlakçıdır. Həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi 2018-ci ildə sökülmüşdür və həmin tarixdən orada heç kim yaşamır, həmçinin təbii qazdan istifadə edilmir. 05 iyul 2023-cü il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən 0,36 hektar ölçüdə torpaq sahəsində, dəmir dirəyə quraşdırılmış ******* zavod nömrəli qaz sayğacı Biləsuvar rayon qaz istismarı sahəsi əməkdaşları tərəfindən sökülmüş və bununla bağlı «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05 iyul 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktın “sayğacın (plombun) çıxarılma səbəbi” qrafasında «sayğacın ekranı qırıldığına görə götürülməsi» və “digər qeydlər” qrafasında isə «mənzil söküldüyü üçün sayğac çıxarıldı» qeydi aparılmışdır. Lakin həmin tarixdən 05 gün sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-14-2-2/3-5-6865/Q001 nömrəli rəyi əsasında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 iyul 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, ******* zavod nömrəli sayğacın sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması və sayğacın istismara yararsız olması müəyyən edilmiş və İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 1.555 manat 20 qəpik məbləğində cərimə tətbiq edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin hissənin birinci cümləsinə uyğun olaraq, qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni ******* zavod nömrəli qaz sayğacının 05 iyul 2023-cü il tarixdə açılaraq, götürdüyünü təsdiq edən, «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş, üzərində “sayğacın (plombun) çıxarılma səbəbi” qrafasında «sayğacın ekranı qırıldığına görə götürülməsi» və “digər qeydlər” qrafasında isə «mənzil söküldüyü üçün sayğac çıxarıldı» qeydləri aparılmış «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 05 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın surətini, 10 iyul 2023-cü il tarixdə qəbul edilmiş ******* nömrəli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» aktın surətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-14-2-2/3-5-6865/Q001 nömrəli rəyinin surətini məhkəməyə təqdim etsə də, cavabdeh iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 iyul 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilməli və qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 1.555 manat 20 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 10 iyul 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin və həmin akt əsasında qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində **********03840 kodlu abonentə hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar