Məhkəmə qərarları › İş №2(022)-1076/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1076/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1076/2023 28.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 600 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 31 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əzizov X1 Məmmədəli Ülfət oğluna qarşı ödənilməmiş borc qismində 600 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 31 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, Cavabdeh Beyləqan rayonunda tanımış və onların yaxın münasibəti olmuşdur. 23 iyun 2022-ci il tarixdə Cavabdeh ondan 600 manat məbləğində borc istəmiş və o da həmin məbləğdə pul vəsaitini qısa müddətdə qaytarmaq şərtilə cavabdehə vermişdir. O, cavabdehə borc verdiyi zaman Cavabdeh yazılı qəbz tərtib etmiş və borcun etirafına dair həmin qəbzi imzalayaraq ona təqdim etmişdir. Həmin qəbzə əsasən borclu borcunu 10 gün ərzində qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan heç bir ödəniş etməmiş, borcunu hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 31 manat məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İddiaçı 24 noyabr 2023-cü il tarixdə teleqramla məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini və göz əməliyyatı olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında yazılı iddianı qismən qəbul edərək bildirdi ki, o, İddiaçı Beyləqan rayonu ərazisində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmət edərkən tanımış və onun 300 manat məbləğində pul vəsaitinə ehtiyacı yarandığı üçün iddiaçıdan 300 manat məbləğində borc pul istəmişdir. İddiaçı qısa müddətdə qaytarmaq şərtilə ona 300 manat pul vəsaitini borc vermiş, o isə öz növbəsində, özünə məxsus nəqliyyat vasitəsinin texniki pasportunu həmin şəxsə girov qoymuşdur. Bundan bir müddət sonra yaranmış zərurətlə əlaqədar o, nəqliyyat vasitəsinin texniki pasportunu İddiaçı geri istədikdə, iddiaçı ondan borca dair yazılı qəbz istəmişdir. Buna görə də o, İddiaçı 600 manat borc alması barədə öz xətti ilə borc qəbzi tərtib edərək imzalamaqla, iddiaçıya təqdim etmişdir. Sonradan o, ümumi tanışları vasitəsilə iddiaçıya olan borcdan ödənişlər etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqdim edə bilmir. İddiaçı haqlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra o, həmin şəxsə borcun əvəzi qismində 400 manat təklif etsə də, sonuncu ondan 450 manat istədiyinə görə mülki mübahisəni barışıq yolu ilə həll etmək mümkün olmamışdır. Sonda, Cavabdeh iddianın təmin olunmasına etiraz etmdəiyini və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hissə-hissə ödənişlər edəcəyini bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan yazılı qəbzdən görünür ki, Cavabdeh İddiaçı 23 iyun 2022-ci il tarixdə 600 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu 10 gün ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 23 iyun 2022-ci tarixdə iddiaçıdan 600 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması fatkını və iddia tələbini faktiki etiraf etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114-cü maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumü ödənildiyi zaman iddiaçı tərəfindən artıq ödənilmiş 60 qəpik məbləğində pul vəsaiti isə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 600 (altı yüz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik, cəmi 630 (altı yüz otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İş üzrə İddiaçı tərəfindən dövlət rüsumunun artıq ödənilmiş hissəsi qismində 60 (altmış) qəpik məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar