Məhkəmə qərarları › İş №2(022)-1148/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1148/2023

06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1148/2023 06.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 1.036 manat 80 qəpik məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 yanvar 2023cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 1.036 manat 80 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək bildirdi ki, o, Biləsuvar rayonu, Bağbanlar kəndində özünəməxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. O, ötən müddət ərzində həmin evdə təbii qazdan istifadə etmiş və abonent kimi öz vəzifələrini yerinə yetirməklə qazdan istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. **********5 zavod nömrəli sayğac həmin evə gedən qaz borusuna quraşdırılmışdır. 24 iyun 2022-ci il tarixdə, saat 23 radələrində, həmin qaz sayğacı üzərinə düşən elektrik naqilinin alışması səbəbindən yanmışdır. Buna görə də o, “104” qaynar xəttinə zəng etməklə, hadisə barədə Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşlarına xəbər vermişdir. Həmin idarənin əməkdaşlari gecə vaxtı hadisə yerinə gələrək, müvafiq akt tərtib edərək, qaz xəttini bağlayaraq qaz borusundan qaz sızmasının qarşısını almaq üçün tədbirlər gördükdən sonra 25 iyun 2022-ci il tarixdə təkrarən hadisə yerinə gəlmiş, ona məxsus evə gələn qaz xəttinə quraşdırılmış qaz sayğacını sökmüş və yerinə yeni sayğac quraşdırmışlar. Həmin tarixdə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən ******* nömrəli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib edilmiş və həmin aktda qaz sayğacının yanaraq yararsız hala düşməsinə görə çıxarıldığı qeyd edilmişdir. Lakin həmin tarixdən təxminən 1 il sonra qaz istismarı sahəsinin əməkdaşları qaz sayğacının yandığına görə cərimə ödəməli olması barədə məlumat vermişlər. Belə ki, onun köhnə qaz sayğacı onun təqsiri üzündən yanmamış, əksinə qaz istismarı sahəsinin əməkdaşlarının səriştəsiz şəkildə qaz sayğacının quraşdırılması üçün doğru yer seçmədiklərinə görə baş vermişdir. Hazırda cavabdeh tərəfindən onun ünvanına ona hesablanmış borcun ödəməsi, ödəməcəyi təqdirdə onun evinə təbii qazın verilməsinin dayandırılacağı barədə xəbərdarlıqlar göndərilir. O, heç bir yerdə işləmir və ona hesablanmış cərimə borcunu ödəyə bilmir. Qarşıdan isə qış gəlir və əgər onun evinə verilən qaz təminatı dayandırılsa, o və ailə üzvləri tamamilə pis vəziyyətə düşəcəklər. Buna görə də o, həmin aktın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sonda, İddiaçı iddianın təmin edilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında ona hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 25 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı «yanaraq yararsız hala düşdüyünə görə» götürülmüşdür. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-02532-1 nömrəli rəyinə əsasən sayğacın hesablama mexanizminin tamamilə yanması və sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin 30 iyun 2022-ci il tarixli, MSK-29/1710-02532-1 nömrəli rəyinin surətindən görünür ki, **********5 zavod nömrəli, “Zenner” markalı, “G-4” tipli sayğacın hesablama mexanizmi tamamilə yanmışdır və sayğac istismara yararsızdır. Mülki iş materiallarına əlavə edilmiş 30 yanvar 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90=8640 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********01720 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı təbii qaz sərfiyyatı borcu 1.036 manat 80 qəpik təşkil edir. Mülki işdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Bağbanlar kən ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli, 532 nömrəli arayışın surətindən görünür ki, İddiaçı məxsus Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evində 24 iyun 2022-ci il tarixdə güclü külək nəticəsində elektrik naqili qırılaraq, qaz sayğacının vintilinə düşmüş və vintili deşmişdir. Bunun nəticəsində qaz sızması baş vermiş və sayğac yanmışdır. İşdə olan X1 İstismarı İdarəsinin 02 noyabr 2023-cü il tarixli, 14-2-2-10/2-2025/2023 nömrəli məktubundan görünür ki, yoxlama zamanı **********5 zavod nömrəli, “Zenner” markalı, “G-4” tipli sayğaca kənar müdaxilə edilməsi aşkar edilmiş, həmin sayğacın hesablama mexanizminin tamamilə yanması və istismara yararsız olması barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyin tərəfindən 30 iyun 2022-ci il tarixli, MSK-29/1710-02532-1 nömrəli rəy tərtib edilmiş və sayğac məhv edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********01720 abonent kodlu istehlakçıdır və qazdan Biləsuvar rayonu, Bağbanlar kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac əsasında istifadə edir. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 24 iyun 2022-ci il tarixdə güclü külək nəticəsində elektrik naqili qırılaraq, İddiaçı məxsus fərdi yaşayış evininə gedən qaz borusunun üzərində quraşdırılmış qaz sayğacının vintilinə düşmüş, vintili deşmiş və buna görə də qaz sızması baş verərək, sayğac yanmışdır. 25 iyun 2022-ci il tarixdə həmin qaz sayğacı “yanaraq yararsız hala düşdüyünə” görə xətdən açılmışdır. Belə ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 25 iyun 2022-ci il tarixli, ******* nömrəli aktda həmin qaz sayğacının «yanaraq yararsız hala düşdüyünə görə» götürüldüyü göstərilmişdir. Lakin həmin tarixdən 7 ay 5 gün sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-14-2-2/3-5-1798-1 nömrəli rəyi əsasında «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, **********5 zavod nömrəli sayğacın hesablama mexanizminin tamamilə yanması və sayğacın istismara yararsız olması müəyyən edilmiş və İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 1.036 manat 80 qəpik məbləğində cərimə tətbiq edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin hissənin birinci cümləsinə uyğun olaraq, qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına,zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2ci hissəsinin tələbinə görə qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq kimi vəzifələri vardır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qaz sayğacının dövlət yoxlanmasına göndərilmək üçün 25 iyun 2022-ci il tarixdə açılaraq, götürdüyünü və həmin sayğacın «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 25 iyun 2022-ci il tarixli, ******* nömrəli aktın surətini, həmin tarixdən 7 ay 5 gün sonra – 30 yanvar 2023-cü il tarixdə qəbul edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın surətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin 30 iyun 2022-ci il tarixli, MSK-29/1710-02532-1 nömrəli rəyinin surətini məhkəməyə təqdim etsə də, cavabdeh iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, sadəcə həmin qaz sayğacının məhv edilməsi barədə məhkəməyə məlumat vermişdir. Bundan başqa, qaz paylayıcısı qaz sayğaclarını ona xidmət edilməsi mümkün olan və zədələnməsini istisna edən yerlərdə quraşdırmalıdır. Lakin iş üzrə mübahisə predmeti olan **********5 zavod nömrəli, “Zenner” markalı, “G-4” tipli sayğac təbbi fəlakət və ya hər hansı təbiət hadisəsi nəticəsində zədələnməni istisna edən yerdə quraşdırılmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 iyun 2022-ci il tarixli, ******* nömrəli aktı ləğv edilməli və qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 1.036 manat 80 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktı ləğv edilsin və həmin akt əsasında qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 1.036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar