Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1177/2023 13.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 822 manat 89 qəpik məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın ləğv edilməsi həmin akt əsasında iddiaçıya hesablanmış 822 manat 89 qəpik məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Biləsuvar şəhəri, Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evi ona məxsusdur və o, ötən müddət ərzində həmin evdə elektrik enerjisindən istifadə etmiş və abonent kimi öz vəzifələrini yerinə yetirməklə elektrik enerjisindən istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. Ona məxsus 20488552 seriya nömrəli elektrik sayğacı küçədə quraşdırılmışdır və o, həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Ona 30 iyul 2023-cü il tarixdə məlum olmuşdur ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları onun istifadəsində olan həmin sayğaca baxış keçirmiş və onun sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə akt tərtib edərək, onun barəsində itirilmiş elektrik enerjisinin əvəzi qismində cərimə tətbiq edilmişdir. Həmin hal ilə bağlı "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 26 iyul 2023cü il tarixli, 033504 nömrəli aktın tərtib edilməsində o iştirak etməmişdir. Halbuki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları onun yaşadığı evə daxil olan elektrik xəttinə və sayğaca baxış keçirilməsində iştirak etmək üçün onu işdən evə çağırmışlar. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarını yaşadığı evin həyətinə çağıraraq, həyətində və evində yoxlama aparmalarını istəmiş, lakin sonuncular onun tələbinə reaksiya verməyərək, ərazini tərk etmişlər. Sonradan isə o, onun barəsində 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli akt tərtib edildiyini öyrənmişdir. Belə ki, 30 iyul 2023-cü il tarixdə Biləsuvar şəhər elektrik şəbəkəsinin əməkdaşları guya onun sayğacdankənar elektrik enerjisini istifadə etdiyi naqili ləğv etmək mə qsədilə onun yaşadığı evə gəlsələr də, onun qanunsuz qoşulduğu hər hansı naqil aşkar edilməmişdir. Onun evinə gedən elektrik naqillərinin qoşulduğu dirəyə başqa bir xəttin getməsi onun ümumi elektik xəttinə qanunsuz qoşulması demək deyil. Onun evində 4 damarlı naqildən ayrılan cəmi iki naqil gedir. Lakin "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları xəlvəi şəkildə sayğaca baxış keçirərək, onun əleyhinə belə bir akt tərtib etmişlər. Əgər onun sayğacına kənar müdaxilə var idisə və ya o, sayğaca kənar şəkildə qoşularaq, elektrik enerjisini talayırdısa, əvvəlki aylarda "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları həyata keçirdikləri yoxlamalar zamanı həmin qüsuru aşkar edərdilər. Buna görə 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli akt qanunsuz surətdə tərtib edilmiş və o, baxışda iştirak etməli olduğu halda, baxış hərəkətləri ona məlumat verilmədən, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən onun iştirakı təmin edilmədən qanunsuz akt tərtib edilmişdir. Buna görə də o, barəsində tərtib edilmiş 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, İddiaçı **********04178 kodlu abonentdir və elektrik enerjisindən Biləsuvar şəhəri, Z.Bünyadov küçəsində quraşdırılmış sayğac vasitəsilə istifadə edir. 26 iyul 2023-cü il tarixdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reyd zamanı İddiaçı 20488552 seriya nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı sonuncunun yaşadığı evə sayğac sxemindən kənar xətt daxil edilərək, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi məlum olmuşdur. Buna görə də iddiaçı barəsində 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli akt tərtib edilmiş və qeyd edilən xüsusatlar həmin aktda da göstərilmişdir. Həmçinin İddiaçı itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 26 iyul 2023-cü il tarixdə 822 manat 89 qəpik məbləğində cərimə hesablanmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli akt qanuni şəkildə reyd zamanı tərtib edilmiş və sayğaca baxış keçirilməsini və həmin kənar xəttin aşkar edilməsini özündə ehtiva edən videoçəkiliş də aparılmışdır. Sonda, Nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, cavabdehin nümayəndəsini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Biləsuvar elektrik şəbəkəsinin mühəndisidir. 26 iyul 2023-cü il tarixli həmin akt Azərişıq» açıq səhmdar cəmiyyətinin digər əməkdaşları tərəfindən tərtib edilmişdir. O, aktın tərtib edilməsinə səbəb olan abonentin elektrik enerjisini taladığı həmin elektrik xəttini ləğv etmək üçün abonentin yaşadığı evə getmişdir. Lakin o, həmin işıq dirəyində sayğacdan kənar elektrik enerjisinin istifadə edilməsinə səbəb olan xətti aşkar edə bilməmişdir. Belə ki, iş materiallarında olan 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********04178 kodlu abonentdir və 20488552 seriya nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – N.Qurbanovun, E.Məmmədovun iştirakı ilə 26 iyul 2023-cü il tarixdə, saat 09:23-də istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elelktrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və 20488552 seriya nömrəli, MN-10 tipli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, abonentin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil olaraq, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar edilmişdir. Sayğacdan kənar çəkilmiş naqil aliminium materialından olmaqla, iki damarlıdır və naqilin en kəsiyinin ölçüsü 2X100 kvadratmillimetrdir. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, həmin qrafanın “məişət abonenti” hissəsində “iştirak etmədi” qeydi icra edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 26 iyul 2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 822 manat 89 qəpik məbləğində cərimə hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, həmin görüntüləri aparan şəxs “"xxxx" ASC-nin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirildiyini, sayğacın zavod nömrəsinin 20488552, göstəricisinin 10740, alt qapaq möhürünün 993786 olduğunu elan etməklə, yanaşı bildirir ki, “sayğacın çıxış xətti 4 damarlı xəttə birləşir. İkisi burda birləşir. Evə gedən xətt dördamarlıdır, digər ikisi isə dirəkdən birbaşa kənar xətt kimi istifadə olunur. İkisi bu hissədə birləşir.” Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********04178 abonent kodlu elektrik enerjisi istehlakçısıdır və elektrik enerjisindən Biləsuvar rayonu, Əskərabad kəndində özünəməxsus fərdi yaşayış evinin yerləşdiyi küçədə quraşdırılmış sayğac əsasında istifadə edir. 26 iyul 2023-cü il tarixdə Azərişıq» açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reyd zamanı İddiaçı 20488552 seriya nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı sonuncunun qonşunun həyətində yerləşən işıq dirəyindən keçən işıq xəttinə birbaşa qoşulması və sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli akt tərtib edilərək, İddiaçı barəsində sayğacdan kənar elektrik enerjisndən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 822 manat 89 qəpik məbləğində borc hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi həmin Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7-ci bəndinin tələbinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən həmin Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və həmin Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən aşkar edildikdə istehlakçının (məişət abonentinin), o cümlədən özünün iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Həmin bəndin tələbindən də göründüyü kimi sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halı aşkar edildiyi zaman enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən tətbiq edilməli olan hərəkətlərin dairəsi qanunverici tərəfindən dəqiq şəkildə müəyyən edilmiş və sonuncuya heç bir dispozitiv səlahiyyət verilməmişdir. Yəni enerji təchizatı müəssisəsinin nümayəndəsi bir qayda olaraq, istehlakçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halını aşkar etdiyi zaman sonuncunun iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini isə istehlakçıya təqdim etməlidir. Bundan başqa, həmin Qaydaların tələbinə görə istehlakçı həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin iş üzrə mübahisə predmeti olan "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın “Biz aşağıda imza edənlər”qrafasında iştirakçılar olaraq baxışı həyata keçirən enerji təchizatı müəssisəsinin nümayəndələrin adları ilə birlikdə abonent İddiaçı adı qeyd edilməmiş, habelə həmin aktın “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik” hissəsində enerji təchizatı müəssisəsinin nümayəndələri öz adlarını qeyd edərək, aktı imzalasalar da, aktın “Məişət abonenti” hissəsində “iştirak etmədi” qeydi icra edilmişdir. Belə bir hal isə abonentin həmin baxış hərəkətlərinin həyata keçirilməsində iştirak etmədiyinə əsas verməklə, həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun formada tərtib edilmədiyini göstərir. Həmçinin əgər abonent həmin baxış hərəkətlərində iştirak etməkdən və ya akta imza icra etməkdən imtina etmişsə, bu barədə həmin aktda "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı idi. Cavabdehin nümayəndəsi tərəfindən isə həmin baxış hərəkətlərini özündə ehtiva edən video görüntülər olan “CD” diskdəki görüntülərdə isə yol verilmiş pozuntu halı dəqiqliklə təsbit edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktda iştirakçılar qismində abonentin adının qeyd edilməməsi, abonent tərəfindən aktın imza edilməməsi həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun olaraq tərtib edilməsi deliktin törədilməsini təsdiq edən həmin sübutun mötəbər olmadığına dəlalət edir. Habelə məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşı öz ifadəsində iddiaçıya məxsus evə gedən işıq dirəyində elektrik enerjisinin talanmasına səbəb olan həmin kənar xətti aşkar edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki işin məhkəmə baxışı zamanı iddiaçı həmin baxış hərəkətlərində iştirak etmədiyini bildirsə də, cavabdehin nümayəndəsi tərəfindən abonentin sayğaca baxış prosesində iştirakını təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edildi ki, baxış hərəkətləri "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndələri tərəfindən gündüz saatlarında aparılmışdır. Həmin videoda çəkiliş aparan şəxs tərəfindən uzaqdan abonentin evinə istiqamətlənən iki naqili və işıq dirəyinə qoşulan digər iki naqili göstərilsə də, həmin naqilin bir hissəsinin aktda sözügedən elektrik dirəyinə harada və necə qoşulması göstərilməmiş, habelə sayğacdankənar elektrik enerjisindən istifadə edilməsi məqsədi ilə çəkilmiş naqilin həqiqətən də abonent İddiaçı evinə istiqamətlənməsi və ya qoşulması göstərilməmiş, sadəcə sonuncunun evinə getdiyi bildirilmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın surətində abonent İddiaçı tərəfindən aktın digər nüsxəsini alınmasını təsdiq edən heç bir qeyd aparılmamışdır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş videogörüntülərdə abonent İddiaçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasına istinad edilən naqil uzaqdan qeydiyyata alındığına, naqilin qoşulduğu hissələr dəqiq göstərilmədiyinə görə iddiaçının təqsirli, hüquqa zidd davranışını müəyyən edən hal müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 əsasən Agentlik digər hallarla yanaşı Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir, müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür, Azərbaycan Respublikası Energetika Nazirliyinin müəyyən etdiyi bölgüyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Naziliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Energetika Nazirliyinin 02 dekabr 2019-cu il tarixli, F-108 nömrəli əmrində dəyişikliklər edilməsi barədə əmrinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində nzəərtə tutulan inzibati xəta haqqında işlərə baxmaq Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətindədir. Belə ki, əgər enerji təchizatı müsəssisəsinin nümayəndəsi tərəfindən elektrik enerjisinin talanması halı aşkar edilmişsə, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli və həmin orqan tərəfindən Azərbaycan Respublikası İXM-nin 282-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli və abonent inzibati məsuliyyətə cəlb edilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016 il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovanın şikayəti üzrə” 11 fevral 2015-ci il tarixli Qərarına görə məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəfindən qanuniliyi və həqiqiliyi mübahisə edilən 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyi, yəni həmin aktın tərtib edildiyi vaxt abonentin (iddiaçının) iştirakı təmin edilmədiyi müəyyən edilməklə yanaşı, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş video görüntülərdə məhz İddiaçı tərəfindən elektrik sayğacından kənar elektrik enrerjisindən istifadə hallarını təsdiq edən görüntülər olmaması İddiaçı tərəfindən elektrik enerjisinin talanmasına şübhə doğurmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktı ləğv edilməli və elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 822 manat 89 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. "xxxx" Açıq səhmdar cəmiyyətinin 26 iyul 2023-cü il tarixli, 033504 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 822 (səkkiz yüz iyirmi iki) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1177/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1177/2023
13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver