Məhkəmə qərarları › İş №2(022)-1222/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1222/2025

15.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1222/2025 15.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X6 məhkəmə-iclas katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs qismində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, xüsusi icraat qaydasımda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin ərizədə qeyd edilən halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxs qismində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 30 may 2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat olmaqla, ümumilikdə 2144,41 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 21 may 2025-ci il tarixli, **********804200, xx.xx.2023-cü il tarixli, **********980000 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1i ünvanında yaşayır. Göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X4 oğlu barəsində (doğulduğu tarix – 05 noyabr 1955-ci il, doğulduğu yer – Azərbaycan, Biləsuvar, Səmədabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 3WZPHF8, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA5187362) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçinin tələbi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Səmədabad bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X4 barəsində (doğulduğu tarix – 05 noyabr 1955-ci il, doğulduğu yer – Azərbaycan, Biləsuvar, Səmədabad kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 3WZPHF8, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA5187362) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəyə qarşı heç bir yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək tələbi müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 öz izahatında qeyd etmişdir ki, bələdiyyələr yerli idarəetmə orqanlarıdır və yerli büdcənin vəsaiti hesabına- yəni, fiziki şəxslərdən əmlak və torpaq vergisi toplamaqla fəaliyyət göstərilir. Biləsuvar rayon Səmədabad bələdiyyəsinin sədri olduğu vaxtdan bu günə qədər yaranmış borclar işsizlikdən sığorta, icbari tibbi sığorta, sosial müdafiə xərcləri, faizlər və maliyyə sanksiyaları üzrə Dövlət Vergi Xidmətinin hesabına bütün ödənişləri edilmişdir. Biləsuvar rayon Səmədabad bələdiyyəsi 03 mart 2025-ci il tarixdə təhvil-tslim aktına əsasən həmin bələdiyyənin ləğvi ilə əlaqədar kreditor borclarını Nərimankənd bələdiyyəsinə təhvil vermişdir. Lakin buna baxmayaraq, Ə.M.Orucov bütün vergi öhdəliklərinə dair borcları icra etmişdir. Bununla əlaqədar 13 fevral 2025-ci il tarixdə 2214 (iki min iki yüz on dörd) manat, Dövlət Sosial Müdafiə Fonduna 07 aprel 2025-ci il tarixdə 2400 (iki min dörd yüz) manat, 30 aprel 2025-ci il tarixdə 236.79 (iki yüz otuz altı manat yetmiş doqquz qəpik) manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 13 may 2025-ci il tarixli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlığın surətindən görünür ki, Səmədabad bələdiyyəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə 3674.39 (üç min altı yüz yetmiş dörd manat otuz doqquz qəpik) manat, işsizlikdən sığorta haqqı üzrə 60.16 (altmış manat on altı qəpik) manat, icbari tibbi sığorta haqqı üzrə 216.22 (iki yüz on altı manat iyirmi iki) manat borcu mövcuddur. 13 fevral 2025-ci il tarixli 13-000088 nömrəli ödəniş tapşırığından görünür ki, Səmədabad bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə X5 2214 (iki min iki yüz on dörd) manat ödəniş edilmişdir. 07 aprel 2025-ci il tarixli 13-000136 nömrəli ödəniş tapşırığından görünür ki, Səmədabad bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə X5 2400 (iki min dörd yüz) manat ödəniş edilmişdir. 30 aprel 2025-ci il tarixli 13-000176 nömrəli ödəniş tapşırığından görünür ki, Səmədabad bələdiyyəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot üzrə mərkəzi filialına 236.79 (iki yüz otuz altı manat yetmiş doqquz qəpik) manat ödəniş edilmişdir. 03 mart 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Səmədabad Bələdiyyəsinin ləğvi ilə əlaqədar kreditor borcları Nərimankənd bələdiyyəsinə təhvil verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir: 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur; 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır; 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə maraqlı şəxsin izahatını, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə əsassız oduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon Səmədabad bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2144,41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X4 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdrıması zamanı maraqlı şəxs X4 tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2025-ci il tarix üçün Dövlət Sosial Müdafiə Fonduna olan borc 13 fevral, 07 aprel və 30 aprel 2025-ci il tarixlərində ödənildiyi məlum olmuşdur. Odur ki, hazırki ərizənin təmin olunması zərurətinin aradan qalxdığı müəyyənləşdirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı maraqlı tərəfin təqdim etdiyi 03 mart 2025-ci il tarixli təhvil-təslim aktı ilə müəyyən olunmuşdur ki, Səmədabad bələdiyyəsinin ləğvi (17 fevral 2025-ci il tarixdə) ilə əlaqədar kreditor borcları yeni yaradılmış Nərimankənd bələdiyyəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən qanuni əsaslarla hər-hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər-hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz Bu hüquqi mövqeləri, habelə toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs X3 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü və 355-7- ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar