Məhkəmə qərarları › İş №2(022)-1249/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1249/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1249/2023 14.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 3.964 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 59 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 3.964 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 59 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, Cavabdeh əvvəllər tanımamış və həmin şəxslə yalnız 2019-cu ilin avqust ayında bir tanışı vasitəsilə tanış olmuşdur. 28 avqust 2019-cu il tarixdə Cavabdeh övladının müalicəsi ilə əlaqədar olaraq ondan, 6 ay müddətində qaytarmaq şərti ilə, 5.400 manat məbləğində borc pul istəmişdir. Buna görə də o, həmin tarixdə 5.400 manat məbləğində pul vəsaitini cavabdehə borc vermiş və sonuncu da borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh ona olan borcunu 28 fevral 2020-ci il tarixə kimi qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh ona olan borcundan cəmi 1.436 manat ödəniş etmiş, borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün 59 manat 70 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 3.964 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim etməklə, iddianı etiraf edərək bildirdi ki, o, İddiaçı həmyerlisi kimi tanımış və həmin şəxslə münasibətləri normal olmuşdur. 28 avqust 2019-cu il tarixdə o, İddiaçı yanına gedərək, sonuncudan övladının müalicəsi məqsədilə 5.400 manat məbləğində borc pul istəmişdir. İddiaçı ona həmin pul vəsaitini qısa müddətdə qaytarmaq şərtilə borc vermiş və o, öz xətti ilə borc qəbzi tərtib edərək imzalamaqla, sonuncuya təqdim etmişdir. O, həmin qəbzdə iddiaçıya olan borcunu 28 fevral 2020-ci qədər qaytaracağını vəd etsə də, maddi imkanı olmadığına görə iddiaçıya olan borcunu tam şəkildə və vaxtında qaytara bilməmişdir. Belə ki, o, iddiaçıya olan borcundan hissə-hissə təxminən 1.500 manat qaytara bilmişdir, lakin onun sonradan səhhəti pisləşmişdir və xəstə olduğu müddətdə İddiaçı olan borcunun qalan hissəsini qaytara bilməmişdir. Buna görə də o, hazırda iddianın təmin olunmasına razıdır və maddi vəziyyəti imkan verdiyi şəkildə iddiaçıya olan borcundan hər ay 50 manat olmaqla, hissə-hissə ödənişlər edəcəkdir. Sonda, Cavabdeh iddia tələbinin təmin olunmasına razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Cavabdeh adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 28 avqust 2019-cu il tarixdə 5.400 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu 28 fevral 2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 28 avqust 2019-cu il tarixdə iddiaçıdan 5.400 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sənəd təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması faktını və iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş 3.964 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 59 manat 70 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 3.964 (üç min doqquz yüz altmış dörd) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 59 (əlli doqquz) manat 70 (yetmiş) qəpik, cəmi 4.023 (dörd min iyirmi üç) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar