Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1279/2023 21.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında iddiaçıya hesablanmış cəmi 1.150 manat məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında iddiaçıya hesablanmış cəmi 1.150 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı onun qardaşıdır. İddiaçı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə o, qardaşını məhkəmə iclaslarında təmsil edir. E.Ə.X7 Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edildiyi dövrə qədər, yəni 2021-ci ilin fevral ayına qədər Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin fərdi yaşayış evi İddiaçı məxsusdur və həmin şəxs ötən müddət ərzində həmin evdə elektrik enerjisindən istifadə edərkən, abonent kimi öz vəzifələrini yerinə yetirməklə elektrik enerjisindən istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. İddiaçı məxsus elektrik sayğacı küçədə quraşdırılmışdır və qardaşı və onun ailəsi həmin sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Qardaşı arvadından boşanmışdır və həmin şəxsin 23 yaşlı ruhi xəstə olan oğlu hazırda onun himayəsində yaşayır. Onların həyat şəraiti ağırdır və yaşadıqları evdə hətta televizor belə yoxdur. Onun özünün pensiyası 2021-ci ildən 2023-cü ilin yayınadək kəsilmiş, yalnız uzun şikayətlərdən sonra 2023-cü ilin yayında pensiyasını bərpa etdirə bilmişdir. Buna görə də onlar qohumlarının maddi köməyi ilə dolanırlar. O, qardaşı oğlunun müalicəsi ilə əlaqədar 2023-cü ilin yay aylarına qədər demək olar ki, əsasən Bakı şəhərində yaşamışdır və bəzən ayda təxminən 1-2 gün Biləsuvar rayonuna qayıtmışdır. 2022-ci ilin dekabr ayında o, ruhi xəstə olan qardaşı oğlu ilə birlikdə, qardaşı İddiaçı mülkiyyətində olan həmin yaşayış evinə qayıtdıqda, evə elektrik cərəyanı verilişinin dayandırıldığını aşkar etmişdir. Buna görə də o, dərhal Biləsuvar elektrik şəbəkəsinə getmiş və evinə elektrik enerjisi verilişinin dayandırılmasının səbəbi ilə maraqlanmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, "xxxx" açıq səhmdar cəmiyyəti Biləsuvar elektrik şəbəkəsinin əməkdaşları tərəfindən ona məxsus evə gələn elektrik xətti üzərində quraşdırılmış sayğaca baxış keçirmiş və güya onun sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi barədə akt tərtib edərək, İddiaçı barəsində itirilmiş elektrik enerjisinin əvəzi qismində 666 manat 38 qəpik məbləğində cərimə tətbiq edilmişdir. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci il tarixli, 030269 nömrəli aktın tərtib edilməsində iştirak etmədiyinə və aktın surəti verilmədiyinə görə o, aktın məzmunundan xəbərsiz olmuş, yalnız Biləsuvar elektrik şəbəkəsinin əməkdaşları onun güya yaşadığı həmin evə kənar xətt çəkdiyini bildirmişlər. O, qeyd edilənlərlə razılaşmayaraq, həmin vaxt Biləsuvar elektrik şəbəkəsində ezamiyyətdə olan "xxxx" açıq səhmdar cəmiyyətinin Aydın adlı yüksək vəzifəli şəxsinin qəbulunda olmuş və etirazlarını bildirmişdir. Belə ki, onun qardaşı İddiaçı 2021-ci ildən Biləsuvar şəhərində yox, cəzaçəkmə müəssisəsində yaşayır və hazırda həmin evdə o və qardaşı İddiaçı ruhi xəstə olan qardaşı oğlu yaşayır. Nə o, nə də ruhi xəstə olan qardaşı oğlu elektrik dirəyinə çıxıb, sayğacdan kənar xətt çəkmək iqtidarında deyillər. Bundan başqa, onlar əgər həqiqətən sayğacdankənar xəttdən istifadə etmiş olsa idilər, evin elektrik sayğacı dövriyyədən ayrılsaydı belə, onlar elektrik enerjisindən istifadə etməyə davam edə bilərdilər və yaşadığı evə qayıtdıqda, elektrik sayğacının dövriyyədən ayrıldığından belə xəbər tuta bilməzdilər. Aydın adlı həmin vəzifəli şəxs onun etirazları ilə razılaşaraq, onun yaşadığı evə elektrik enerjisi verilişinin bərpa edilməsi barədə Biləsuvar elektrik şəbəkəsinin rəisi Rəfail Məmmədova, sonuncu isə öz növbəsində Niftulla adlı əməkdaşına göstəriş verdikdən sonra Niftulla adlı montyor onun yaşadığı evə gələrək, elektrik dirəyinə çıxmış və elektrik xəttini bərpa etmişdir. Lakin sonradan, 2023-cü ilin iyul ayında, o, təkrarən yaşamaq üçün Biləsuvar rayonuna qayıtdıqdan sonra sayğacın smart kartına pul yüklədikdə, kartdan pul tutulduğunu aşkar etmiş və bun görə də təkrarən Biləsuvar elektrik şəbəkəsinə getmişdir. Orada Biləsuvar elektrik şəbəkəsinin əməkdaşları əvvəlcə onun smart kartından pulun güya “Yaşat” fonduna köçürüldüyünü bildirsələr də, o, buna etiraz etdikdən sonra həmin əməkdaşlar ona etiraf etmişlər ki, onun yaşadığı evə gedən elekrik xəttinə quraşdırılmış sayğaca 01 iyun 2023-cü il tarixdə baxış keçirilmiş və sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi barədə 031999 nömrəli akt tərtib edərək, İddiaçı barəsində itirilmiş elektrik enerjisinin əvəzi qismində 503 manat 66 qəpik məbləğində cərimə tətbiq edilmişdir. O, həmin akt barədə də xəbər tutduqdan sonra əvvəlcə Biləsuvar elektrik şəbəkəsinin müdiriyyətinə, daha sonra isə məhkəməyə şikayətlər etmişdir. O, məhkəməyə ünvanladığı birinci iddia ərizəsini öz adından verdiyi üçün işə baxmış hakimin tövsiyəsi ilə iddia ərizəsini geri götürmüş, bundan sonra qardaşının adından yeni iddia qaldırmışdır. Yalnız məhkəmədə baxıldığı zaman ona məlum olmuşdur ki, birinci akt üzrə tətbiq edilmiş cərimə məbləği azaldılaraq, 244 manat 64 qəpik midarında müəyyən edilmişdir. Halbuki, nə o, nə onun qardaşının ailə üzvləri sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişlər və İddiaçı barədə bu xüsusda cərimənin tətbiq edilməsi əsassızdır. O, əgər o və ya qardaşı İddiaçı ailə üzvləri həqiqətən də sayğacdan kənar elektrik enerjisini talamış olsaydılar, sonradan həmin evə gedən elektrik enerjisi Biləsuvar elektrik şəbəkəsi tərəfindən bərpa edilməzdi və ya ona hesablanmış cərimə azaldılmazdı. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunsuz olmaqla bərabər, həmin aktlar əsasında hesablanmış cərimələr onun və həbsdə olan İddiaçı ruhi xəstə olan övladına hədsiz məhrumiyyətlər yaradır. O, dəfələrlə şikayət etməsinə baxmayaraq, Biləsuvar elektrik şəbəkəsinin vəzifəli şəxsləri onun müraciətlərinə məhəl qoymamışlar. Buna görə də o, məcbur qalıb həmin aktların etibarsız hesab edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Sonda, Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, İddiaçı **********01839 kodlu abonentdir və elektrik enerjisindən Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən 1 nömrəli yaşayış evinin yerləşdiyi küçədə quraşdırılmış sayğac vasitəsilə istifadə edir. 22 noyabr 2022-ci il tarixdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reyd zamanı İddiaçı **********66 zavod nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil edilərək, sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi məlum olmuşdur. Buna görə də həmin şəxs barəsində 030269 nömrəli akt tərtib edilmiş, qeyd edilən xüsusatlar həmin aktda da göstərilmişdir və İddiaçı itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 666 manat 38 qəpik məbləğində cərimə hesablanmışdır. Həmçinin 01 iyun 2023-cü il tarixdə Azərişıq» açıq səhmdar cəmiyyətinin əməkdaşları təkrarən həmin elektrik enerjisi sayğacına baxış keçirmiş və eyni xüsusatlar müşahidə edilərək, İddiaçı barəsində 031999 nömrəli akt tərtib edilmiş və qeyd edilən xüsusatlar həmin aktda da göstərilmişdir. Həmçinin İddiaçı itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 503 manat 66 qəpik məbləğində cərimə hesablanmışdır. Lakin Nümayəndə1 etdiyi müraciətlər və ailənin ağır maddi vəziyyəti nəzərə alınaraq, 22 noyabr 2022-ci il tarixli, 030269 nömrəli akt əsasında tətbiq edilmiş cərimə məbləği 421 manat 74 qəpik azaldılaraq, 244 manat 64 qəpik həddində müəyyən edilmişdir. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023cü il tarixli, 031999 nömrəli aktlar qanuni şəkildə reyd zamanı tərtib edilmişdir. 01 iyun 2023-cü il tarixdə sayğaca baxış keçirilməsini və həmin kənar xəttin aşkar edilməsini özündə ehtiva edən videoçəkiliş məhkəməyə təqdim edilsə də, 22 noyabr 2022-ci il tarixli aktın tərtibi zamanı çəkilmiş videogörüntülər onun özünə təqdim edilmədiyinə görə o, həmin tarixdə videoçəkiliş aparılıb-aparılmamasından xəbərsizdir. Nümayəndə1 hazırki iddia tələbi ilə nəinki faktiki taladığı elektrik enerjisinə görə vurduğu ziyanı ödəməkdən yayınır, hətta müvafiq aktlar əsasında tətbiq edilmiş cərimə məbləğlərindən daha çox məbləğdə pul vəsaitinin silinməsini tələb edir. Çünki, mübahisələndirilən aktlar əsasında İddiaçı hesablanmış borc 1150 manat deyil, təxminən 748 manat təşkil edir. Sonda, Nümayəndə2 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Biləsuvar rayon qeydiyyat şöbəsinin 03 noyabr 2023-cü il tarixli, 05/Q-1793/69 arayışından görünür ki, İddiaçı 25 iyun 1973-cü il tarixdə Biləsuvar şəhərində doğulmuş və həmin şəxsin doğulması barədə 281 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin qeyddə İddiaçı atası qismində X2, anası qismində X3 göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin 01 noyabr 2023-cü il tarixli, 05/Q-1787/69 arayışından görünür ki, Nümayəndə1 xx xxxxxx 1968-ci il tarixdə Biləsuvar şəhərində doğulmuş və həmin şəxsin doğulması barədə 81 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin qeyddə Nümayəndə1 atası qismində X2, anası qismində X3 göstərilmişdir. İşdə olan 29 avqust 2023-cü il tarixli, 244 reyestr nömrəli etibarnamədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı Nümayəndə1 mülki, kommersiya mübahisələri və inzibati məhkəmə icraatı ilə bağlı işlər üzrə İ instansiya və digər instansiya məhkəmələrdə özünü təmsil etmək səlahiyyətlərini etibar etmişdir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli, 030269 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********01839 kodlu abonentdir və **********66 zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – R.Musayevin, V.Cəlilovun və X.Abdullayevin iştirakı ilə 22 noyabr 2022-ci il tarixdə, saat 09:50-də istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və **********66 zavod nömrəli, “Smart” tipli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, abonentin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil olaraq, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar edilmişdir. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, həmin qrafanın “məişət abonenti” hissəsində heç bir qeyd icra edilməmişdir. Mülki iş materiallarına əlavə edilmiş 25 noyabr 2022-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 666 manat 38 qəpik məbləğində cərimə hesablanmışdır. İşdə olan 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktın surətindən görünür ki, İddiaçı **********01839 kodlu abonentdir və **********66 zavod nömrəli sayğac həmin şəxsin evinin yerləşdiyi küçədə quraşdırılmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları – E.Məmmədovun və N.Qurbanovun iştirakı ilə 01 iyun 2023-cü il tarixdə, saat 11:46-da istehlakçıya məxsus obyektdə elektrik enerjisi uçotu və “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılmış və **********66 zavod nömrəli, “HR-106” tipli sayğacın dövlət möhürünün və alt qapaq möhürünün pozulmadığı, sayğacın üst qapağında dəlik açılmadığı, abonentin yaşadığı evə sayğac sxemindən kənar xətt daxil olaraq, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi aşkar edilmişdir. Sayğacdan kənar çəkilmiş naqil aliminium materialından olmaqla, naqilin en kəsiyinin ölçüsü 06 kvadratmillimetrdir. Həmin aktı “imza edənlər” qrafasında "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları imza icra etsələr də, həmin qrafanın “məişət abonenti” hissəsində heç bir qeyd icra edilməmişdir. Mülki iş materiallarına əlavə edilmiş 09 iyun 2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə arayışın surətindən görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsinə görə 503 manat 66 qəpik məbləğində cərimə hesablanmışdır. İşdə olan "xxxx" açıq səhmdar cəmiyyətinin Müştəri xidmətlər idarəsi tərəfindən tərtib edilmiş 06 iyul 2023-cü il tarixli, MXİ 0403 nömrəli razılaşma protokolundan görünür ki, abonentin 26 iyun 2023-cü il tarixli, 13-13/3-8-13316-5/2023 saylı ərizəsinə əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin Satışa nəzarət iadrəsi tərəfindən tərtib eddilmiş 22 noyabr 2022-ci il tarixli, 030269 nömrəli aktla verilmiş 5.126 kvts (666 manat 38 qəpik) enerji sərfiyyatı miqdarına yenidən baxılmış və hesablanmış cərimə miqdarı 421 manat 74 qəpik azaldılaraq, 244 manat 64 qəpik müəyyən edilmiş və abonentin ümumi borcu 729 manat təşkil etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən görünür ki, həmin görüntüləri aparan şəxs "xxxx" ASC-nin Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən 01 iyun 2023-cü il tarixdə elektrik sayğacına baxış keçirildiyini, sayğacın zavod nömrəsinin **********66, göstəricisinin 12850, alt qapaq möhürünün 27012 olduğunu elan etməklə, yanaşı bildirir ki, “abonent sayğacın giriş xəttindən budaqlama yolu ilə sayğacdan kənar enerjidən istifadə edir.” Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Nümayəndə1 İddiaçı bacısıdır və iddiaçı cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı elektrik enerjisi təchizatı üzrə **********01839 abonent kodlu elektrik enerjisi istehlakçısıdır və elektrik enerjisindən Biləsuvar şəhər, Puşkin küçəsində yerləşən 1 nömrəli yaşayış evinin yerləşdiyi küçədə quraşdırılmış sayğac əsasında istifadə edir. 22 noyabr 2022-ci il və 01 iyun 2023-cü il tarixlərdə "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşlarının keçirdikləri reydlər zamanı İddiaçı **********66 zavod nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 030269 və 031999 nömrəli aktlar tərtib edilərək, İddiaçı barəsində sayğacdan kənar elektrik enerjisndən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 666 manat 38 qəpik və 503 manat 66 qəpik məbləğində borc hesablanmışdır. 06 iyul 2023-cü il tarixli, MXİ 0403 nömrəli razılaşma protokolu ilə iddiaçıya hesablanmış 666 manat 38 qəpik məbləğində cərimə miqdarı 421 manat 74 qəpik azaldılaraq, 244 manat 64 qəpik müəyyən edilmiş və abonentin ümumi borcu 729 manat təşkil etmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi həmin Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7-ci bəndinin tələbinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən həmin Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və həmin Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edildiyi enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən aşkar edildikdə istehlakçının (məişət abonentinin), o cümlədən özünün iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. Həmin bəndin tələbindən də göründüyü kimi sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halı aşkar edildiyi zaman enerji təchizatı müəssisəsinin nümayəndəsi tərəfindən tətbiq edilməli olan hərəkətlərin dairəsi qanunverici tərəfindən dəqiq şəkildə müəyyən edilmiş və sonuncuya heç bir dispozitiv səlahiyyət verilməmişdir. Yəni enerji təchizatı müəssisəsinin nümayəndəsi bir qayda olaraq, istehlakçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halını aşkar etdiyi zaman sonuncunun iştirakı ilə akt tərtib etməli və həmin aktın bir nüsxəsini isə istehlakçıya təqdim etməlidir. Bundan başqa, həmin Qaydaların tələbinə görə istehlakçı həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin iş üzrə mübahisə predmeti olan "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023cü il tarixli, 031999 nömrəli aktların “Biz aşağıda imza edənlər”qrafasında iştirakçılar olaraq baxışı həyata keçirən enerji təchizatı müəssisəsinin nümayəndələrin adları ilə birlikdə abonent İddiaçı adı qeyd edilməmiş, habelə həmin aktın “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik” hissəsində enerji təchizatı müəssisəsinin nümayəndələri öz adlarını qeyd edərək, aktı imzalasalar da, aktın “Məişət abonenti” hissəsində heç bir qeyd icra edilməmişdir. Belə bir hal isə abonentin və ya onun nümayəndəsinin həmin baxış hərəkətlərinin həyata keçirilməsində iştirak etmədiyinə əsas verməklə, həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun formada tərtib edilmədiyini göstərir. Bununla əlaqədar məhkəmə hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023cü il tarixli, 031999 nömrəli aktlarda iştirakçılar qismində abonentin adının qeyd edilməməsi, abonent və ya onun nümayəndəsi tərəfindən aktın imza edilməməsi həmin aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələbinə uyğun olaraq tərtib edilməməsi deliktin törədilməsini təsdiq edən həmin sübutun mötəbər olmadığına dəlalət edir. Həmçinin əgər abonent həmin baxış hərəkətlərində iştirak etməkdən və ya akta imza icra etməkdən imtina etmişsə, bu barədə həmin aktda "xxxx" açıq səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı idi. Cavabdehin nümayəndəsi tərəfindən isə həmin baxış hərəkətlərini özündə ehtiva edən video görüntülər olan “CD” diskdəki görüntülər yalnız 01 iyun 2023-cü il tarixli aktın tərtib edilməsi zamanı qeydə alınmaqla yanaşı, həmin görüntülərdə iddiaçı tərəfindən yol verilmiş pozuntu halı dəqiqliklə təsbit edilməmişdir və həmin görüntülər əsasında iddiaçıya məxsus evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyini dəqiq müəyyən etmək mümkün deyil. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edildi ki, baxış hərəkətləri "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndələri tərəfindən gündüz saatlarında aparılmışdır. Həmin videoda çəkiliş aparan şəxs tərəfindən evin darvazasının çöl hissəsinə quraşdırılmış sayğaca qoşulan və həmin əməkdaşlar tərəfindən sayğacdankənar elektrik enerjisinin talanma vasitəsi olan naqil göstərilsə də, həmin naqilin bir hissəsinin aktda abonentin evinə harada və necə qoşulması göstərilməmiş, habelə sayğacdankənar elektrik enerjisindən istifadə edilməsi məqsədi ilə çəkilmiş naqilin həqiqətən də abonent İddiaçı evinə istiqamətlənməsi və ya qoşulması göstərilməmiş, sadəcə sonuncunun evinə getdiyi bildirilmişdir. Habelə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülər yalnız 01 iyun 2023-cü il tarixdə həyata keçirilmiş baxış hərəkətləri barədə olmuş, lakin digər - 22 noyabr 2022-ci il tarixdə icra edilmiş baxış hərəkətlərinin qeydiyyata alınması barədə məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntülər cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktların surətində abonent İddiaçı tərəfindən aktın digər nüsxəsini alınmasını təsdiq edən heç bir qeyd aparılmamışdır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş videogörüntülərdə abonent İddiaçı tərəfindən sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasına istinad edilən naqilin birləşdiyi digər hissə qeydiyyata alınmadığına, o cümlədən həmin naqilinin hara istiqamətləndiyi hissələr (abonentin evinə və ya digər yaşayış evinə) dəqiq göstərilmədiyinə görə iddiaçının təqsirli, hüquqa zidd davranışını müəyyən edən hal müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 əsasən Agentlik digər hallarla yanaşı Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir, müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür, Azərbaycan Respublikası Energetika Nazirliyinin müəyyən etdiyi bölgüyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Naziliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir. “Azərbaycan Respublikasının Energetika Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Energetika Nazirliyinin 02 dekabr 2019-cu il tarixli, F-108 nömrəli əmrində dəyişikliklər edilməsi barədə əmrinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində nzəərtə tutulan inzibati xəta haqqında işlərə baxmaq Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətindədir. Belə ki, əgər enerji təchizatı müsəssisəsinin nümayəndəsi tərəfindən elektrik enerjisinin talanması halı aşkar edilmişsə, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməli və həmin orqan tərəfindən Azərbaycan Respublikası İXM-nin 282-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli və abonent inzibati məsuliyyətə cəlb edilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına əsasən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016 il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovanın şikayəti üzrə” 11 fevral 2015-ci il tarixli Qərarına görə məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəfindən qanuniliyi və həqiqiliyi mübahisə edilən 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktların “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyi, yəni həmin aktın tərtib edildiyi vaxt abonentin (iddiaçının) iştirakı təmin edilmədiyi müəyyən edilməklə yanaşı, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş yalnız 01 iyun 2023-cü il tarixdə həyata keçirilmiş baxış hərəkətləri barədə videogörüntülərdə məhz İddiaçı tərəfindən elektrik sayğacından kənar elektrik enrerjisindən istifadə hallarını təsdiq edən görüntülər olmaması iddiaçı tərəfindən elektrik enerjisinin talanmasına şübhə doğurmuşdur. Bundan başqa, mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı **********66 zavod nömrəli sayğacına baxış keçirilmiş və baxış zamanı həmin şəxsin sayğacın giriş xəttinə əlavə naqil qoşmaqla, sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi barədə 030269 və 031999 nömrəli aktlara əsəsən həmin şəxs barəsində sayğacdan kənar elektrik enerjisndən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində ilkin olaraq 666 manat 38 qəpik və 503 manat 66 qəpik məbləğində borc hesablanmışdır. "xxxx" açıq səhmdar cəmiyyətinin Müştəri xidmətlər idarəsi tərəfindən tərtib edilmiş 06 iyul 2023-cü il tarixli, MXİ 0403 nömrəli razılaşma protokolu ilə iddiaçıya hesablanmış 666 manat 38 qəpik məbləğində cərimə miqdarı 421 manat 74 qəpik azaldılaraq, 244 manat 64 qəpik müəyyən edilmişdir. Həmin protokolda isə abonentin ümumi borcunun 729 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin iddiaçı iddia ərizəsində isə ona həmin aktlar əsasında hesablanmış cəmi 1.150 manat məbləğində cərimənin silinməsini tələb etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, "xxxx" açıq səhmdar cəmiyyətinin 22 noyabr 2022-ci il tarixli, 030269 və 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktları ləğv edilməli və elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 244 manat 64 qəpik (azaldılmış məbləğ) və 503 manat 66 qəpik, cəmi 748 manat 30 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası qismən təmin edilsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 22 noyabr 2022-ci il tarixli, 030269 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 244 (iki yüz qırx dörd) manat 64 (altmış dörd) qəpik məbləğində pul vəsaiti silinsin. "xxxx" açıq səhmdar cəmiyyətinin 01 iyun 2023-cü il tarixli, 031999 nömrəli aktı ləğv edilsin və həmin akt əsasında elektrik enerjisindən qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 503 (beş yüz üç) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti silinsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1279/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1279/2023
21.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver