Məhkəmə qərarları › İş №2(022)-142/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-142/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-142/2023 14.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzi qismində 1.800 manat, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş zərərin əvəzi qismində 1.800 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh tanıyır və əvvəllər onların arasında ədavət olmamışdır. 18 iyul 2022-ci il tarixdə, “Zirvə” şadlıq evinin yanında o, toy məclisində ifa edən musiqiçilər barəsində söhbət etdiyi zaman Cavabdeh söhbətə qarışmış və ona irad tutmuşdur. Bundan sonra onlar arasında mübahisə başlamış və sonuncu onun burun nayihəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Bu zaman ətrafda olan şəxslər onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra yaxınlıqda olan polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və onları Biləsuvar rayon polis şöbəsinə aparmışdır. Baş vermiş hadisə ilə əlaqədar polis şöbəsində cinayət işi başlamışdır. Həmin hadisənin Cavabdeh tərəfindən törədilməsi tam sübuta yetirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və Biləsuvar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(022)-99/2022 saylı hökmü ilə məhkum olunmuşdur. Həmin tarixdən hazırki vaxta kimi Cavabdeh onun səhhəti ilə maraqlanmamış, o bütün əməliyyat xərclərini, xəstəxanaya gediş-gəliş xərclərini özü qarşılamış, müalicəsində ümumilikdə 1.500 manat məbləğində pul vəsaiti xərcləmişdir. Cavabdeh indiyə qədər ona heç bir maddi yardım göstərməmişdir. Habelə o, toy məclislərində ifa edərək ailəsini dolandırır, lakin cavabdehin onun sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurması səbəbi ilə o, sağlamlığı uzun müddətə pozulduğuna görə 5 toy məclisində iştirak edə bilməmiş, hər bir toy məclisində iştiraka görə əldə edəcəyi 300 manat məbləğində qazancdan məhrum olmuşdiur. Beləliklə o, cavabdehin təqsirli hərəkətləri nəticəsində 1.800 manat məbləğind\ maddi zərərə məruz qalmqla yanaşı, iş üzrə dövlət rüsumunun ödənilməsinə də 40 manat məbləğində xərc çəkmişdir. Sonda, İddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, iddiaçının iddiasını əsaslandırdığı dəlillər kifayət deyildir və 1.800 manat məbləğində maddi zərərə məruz qalması ilə bağlı sübutları da İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, İddiaçı müalicəsinə görə cəmi 967 manat məbləğində pul vəsaiti xərcləmişdir. O, hazırda heç yerdə işləmədiyinə görə həmin pul vəsaitini aylıq 20-30 manat olmaqla, hissə-hissə iddiaçıya ödəməyə hazırdır. Lakin İddiaçı güya onun təqsiri ucbatından 5 toyda iştirak edə bilmədiyi və bu zaman 300 manat qazancdan məhrum olması barədə iddiası əsassızdır. Çünki, İddiaçı müalicə müddətində müsiqiçi qismində faktiki 5 toy məclisinə dəvət olunması və hər toya görə güya 60 manat almasına dair heç bir sübutu yoxdur. Bundan başqa, İddiaçı faktini 1500 manat maddi zərərə məruz qaldığını bildirsə də, məhkəməyə cəmi 967 manat məbləğində xərcinə dair sübutlar təqdim eetmişdir. Habelə o, iddiaçının şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermədiyinə görə iddiaçıya heç bir mənəvi zərər də vurmamışdır. Sonda, Cavabdeh iddianın qismən, yəni 967 manat məbləğində hissəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(022)-99/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh 18 iyul2022-ci il tarixdə, saat 20 radələrində “Zirvə” şadlıq evinin yaxınlığında İddiaçı ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunun müğənnilər barəsində nalayiq sözlər danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla vuraraq, ona “burun sümüyünün yerini dəyişən qapalı qəlpəli sınığı, burun nahiyəsində əzilmiş səthi yara, şişkinlik və qançır” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İşdə olan “Diaqnoz” Tibb Mərkəzinin 03 avqust 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı kəllə yan pr-da R-qamması zamanı müayinə sahəsinə daxil olan burunun distal 1,3 hissəsinin yerini dəyişmiş sınığı aşkar edilmiş, türk yəhərinin saggital və vertikal ölçüləri, kəllə tağının qalınlığı norma hüdudundadır. Kəllə daxilihipo və hipertenziya əlamətləri qeyd edilmir. İş materiallarında olan “Diaqnoz” Tibb Mərkəzinin 3 avqust 2022-ci il tarixli arayışlarından görünür ki, İddiaçı tərəfindən xəstəxanaya otorinlarinqoloqun müayinəsi üçün 42 manat, burun sümüyünün rentgeni üçün 25 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki iş materiallarına əlavə edilmiş “Z Dent” məhdud məsuliyyətlicəmiyyətinin 04 mart avqust 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı burun sümüklərinin yeri dəyişmiş sınığı diaqnozu ilə “Z Dent” stomatoloji klinikasında cərrahın qəbulunda olmuş və ona yerli keyləşdirmə altında burun sümüklərinin repozisiyası, burun keçəcəklərinin tompanadası, gips sarığı tibbi yardımları göstərilmişdir. İşdə olan 04 mart avqust 2022-ci il tarixli, 219851 nömrəli kassa-mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı “Z Dent” stomatoloji klinikasına göstərilən tibbi xidmət müqabilində 900 manat məbləğində pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən, məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hisssəsində məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(022)-99/2022 saylı hökmü ilə Cavabdeh İddiaçı “burun sümüyünün yerini dəyişən qapalı qəlpəli sınığı, burun nahiyəsində əzilmiş səthi yara, şişkinlik və qançır” ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. 17 noyabr 2022-ci il tarixdə İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi qismində 1.800 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasını tələb etmişdir. Həmin iddia ərizəsindən və iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, İddiaçı cavabdehdən zərərin əvəzi qismində tələb etdiyi 1800 manat məbləğində pul vəsaitinin 1.500 manat məbləğində hissəsini faktiki məruz qaldığı və sağlamığını bərpa etmək üçün çəkdiyi xərcə görə, 300 manat hissəsini isə 5 toy məclisində iştirak edə bilmədiyi üçün əldən çıxmış fayda qismində tələb edir. Lakin İddiaçı məhkəməyə cavabdehin təqsirli hərəkətləri nəticəsində müalicə olunduğu müddətdə müsiqiçi qismində faktiki 5 toy məclisinə dəvət olunmasına və hər toya görə güya 60 manat ala biləcəyinə dair heç bir sübut təqdim etməmişdir. Habelə İddiaçı müalicəsinə çəktiyi faktiki xərclər qismində cəmi 967 manat məbləğində pul vəsaitinə dair sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilərək Cavabdeh iş materiallarına əlavə edilmiş tibb arayışlarına və kassa-mədaxil orderi qəbzlərinə əsasən 967 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sübutlarla təsdiq olunur ki, dövlət rüsumunun ödənilməsinə 40 manat, məbləğində xərc çəkmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumunun 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh E.Ə. Süleymanovun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi qismində 967 (doqquz yüz altmış yeddi) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 30 (otuz) manat, cəmi 997 (doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar