Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-159/2023 09.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 864 manat ziyanın ondan tutulmasına dair ******* saylı 24 oktyabr 2022-ci il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, 864 manat ziyanın ondan tutulmasına dair ******* saylı 24 oktyabr 2022-ci il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirmə barədə ərizə təqdim edərək iddia tələbini müdafiə edərək bildirmişdir ki, Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayır. Azəriqaz İB-nin Biləsuvar Qaz istismarı sahəsi ilə onun arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında qazdan istifadəçi kimi abonentdir. Bir istehlakçı olaraq istifadə etdiyi qazın dəyərini həmişə vaxtında ödəmişdir. 2022-ci ilin iyun ayının 02də qaz təsərrüfatı işçiləri qaz sayğacına baxış keçirərək bildirmişlər ki, qaz sayğacının vaxtı keçmiş və ona görə də yenisi ilə əvəzləşdirirlər.Qaz idarəsinin əməkdaşları “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib etmişlər.Həmin Aktda qaz idarəsinin əməkdaşları sayğacı yararlı vəziyyətdə qəbul etmələrini göstərmişlər. Lakin, bu yaxınlarda ona bəlli olmuşdur ki, qaz sayğacına baxış keçirilmiş, qaz sayğacına müdaxilə olunduğundan cərimə olunmdur.O heç vaxt qaz sayğacına müdaxilə etməmiş, etmiş olsaydı sayğacı qəbul edən zaman bu aşkar olunardı. Odur ki, ******* saylı 24 oktyabr 2022-ci il tarixli aktın və həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul ediləməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Talıbov X3 rayonu Zəhmətabad kəndində qeydiyyatdadır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktına əsasən İddiaçı məxsus sayğaca baxış zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib lenta yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması müəyyən edilmişdir. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacına nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə, hesabat aparılması və hesablanmış məbləğin (4x24x90=8640 m3) ödənilməsi göstərilmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus “Elster” tipli G-4 markalı ******* nömrəli qaz sayğacını saz vəziyyətdə qəbul etmiş və Zinner tipli **********0 nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparmışdır. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz təsərrüfatı işçiləri iddiaçıya məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış Elster tipli G4 markalı qaz sayğacının dövrü dövlət yoxlamasına göndərilməsi üçün çıxararaq, müvafiq akt tərtib etmiş və çıxarılmış sayğacın yerinə başqa sayğac quraşdırılmışdır. İddiaçı “Elster” tipli G-4 markalı ******* nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və bu barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul edilməsinə dair qeyd aparmışdır. İş materiallarında olan “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G4 markalı ******* saylı qaz sayğacı dövlət yoxlamasına aparılmış, “Azəriqaz” X1 müayinəsi laboratoriyasında baxış keçirilərək yoxlanılmış və bu zaman sayğaca baxış zamanı qaz sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib lenta yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması müəyyən edilmişdir. Həmçinin tələbnaməyə əsasən qaz işlədicilərinin qaz sayğacına normal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apaılması və hesablanmış məbləğin (4x24x90=8640 m3) ödənilməsinin təmin edilməsi göstərilmişdir. Lakin hazırda qaz sayğacının zədələnməsi baxımından istehlakçının təqsiri müəyyən olunmur. Buna görə də “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt qanunsuz olmuşdur ki, həmin akt əsasında hesablanmış 864 manat cərimə məbləği iddiaçının xeyrinə cavabdehdən tutula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərara əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü bəndinə görə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” qərarın 4.2-4.9-cu bəndlərinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq (yəni qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir) qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktı ləğv edilməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktı ləğv edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-159/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-159/2023
09.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver