Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1802/2025 16.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X10 məhkəmə-iclas katibliyi, İddiaçı1 və İddiaçı2 oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı1 və Kamilov X5 rayonu, Nizami küçəsi ev 111 ünvanında ailələri ilə bərabər yaşayırlar. Onlar iki qardaşdır. Cavabdeh, Biləsuvar rayonu, H.Əliyev küçəsində yaşayan Cavabdeh məzar daşlarının düzəltməsi ustası kimi rayonda tanınır və onlar da elə tanımışdır. Onların cavabdehlə əvvələr rayon sakini və məzar daşlarının düzəltməsi ustası kimi münasibətləri yaxşı olmuşdur. 27 yanvar 2025-ci il tarixdə iddiaçıların bacısı oğlu Kamilli Məhəmməd Qalib oğlu ölmüşdür. İddiaçılar onu dəfn edəndən sonra mərhumun məzarın və ona baş daşının qoyulması üçün Əliyə müraciət etmişlər. Aralarında olan razılaşmaya əsasən göstərilən bütün işləri görüb 4800 (dörd min səkkiz yüz) manat pul ödəniş etməli olduqlrarını bildirmişdir. Onlar da cavabdehlə razılaşmış, sonda fikirlərini bildirərək demişlər ki, istənilən məbləğin, yəni 4800 (dörd min səkkiz yüz) manat pulun qarşılığında görəcəyi iş kefiyyətli və səliqəli olmalıdır. Əli onlara söz vermişdir ki, bu baş daşı heç vaxt ağarmayacaq və keyfiyyəti də əladır. Bundan sonra Əli onlara bildirmişdir ki, əgər tezliklə baş daşı ağarsa yenidən bərpa etmək öhdəliyi onun üzərinə düşür. Bir müddət keçəndən sonra məzarın baş daşı ağarmağa başladı və onlar Əli ilə əlaqə saxlayıb məzarın baş daşı ağarmağa başladığını bildirmiş, cavabdehdən bərpa etməsini və ya ödənilən pulun qaytarılmasını tələb etmişlər. Əli onlara dəfələrlə söz versə də əməl etməmişdir. Əlinin onlara söz verməsinə dair məzar daşının yenidən bərpası ilə səs yazışmaları vardır. Həmin danışıqları disk vastəsilə ərizələrinə əlavə etmişlər. Bundan sonra Əli onlarla münasibətini pozmağa başlamış, yerli-yersiz onlarla dava-dalaş etmişdir. Bundan sonra onlar məcbur olaraq bu hadisə ilə bağlı dərhal DİN “102” xidmətinə zəng etmişlər və onlara dəymiş ziyan barədə polisə məlumat vermişlər. Bununla bağlı Biləsuvar Rayon Polis Şöbəsinin sahə müvəkkilinin tərəfindən araşdırma apararaq onun əməlində cinayət tərkibi olmadığına görə ziyanla bağlı məhkəməyə müraciət etməkləri onlara tövsiyyə olunmuşdur. Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı etdiyi hərəkətlərinə görə 4800 (dörd min səkkiz yüz) manat məbləğində ziyan vurmuşdur. İddiaçının tələbi: İddiaçı1 və İddiaçı2 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı1 və İddiaçı2 irəli sürdüyü iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı1 və İddiaçı2 izahatlarında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatlar üzrə izahat vermiş, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddia tələbini qismən etiraf edərək həmin məzar daşının onun özü tərəfindən qoyulduğunu, bunun üçün ümumilikdə iddiaçılardan 4800 (dörd min səkkiz yüz) manat pul aldığını, məzar daşının ağardığını gördüyünü, bunun üçün həmin daşı aldığı insandan yeni daş gətirilməsini tələb etdiyini, lakin hələ də nəticə görmədiyini bildirmiş, göstərilən halın baş verməsini və belə nəticələr olmasını arzu etmədiyini göstərmişdir. X3 bildirmişdir ki, məzar daşının qoyulması ilə bağlı Cavabdeh ilə danışıqlara İddiaçı2 ilə birlikdə getmiş, sifariş vermək istədikləri məzara oxşar məzarı göstərmiş, sifarişdən iki gün sonra razılaşdırılan məbləğ Cavabdeh verilmişdir. X1 bildirmişdir ki, məzar daşı qoyulması ilə Cavabdeh tərəfindən qoyulmuş, hazırda həmin daş ağarmış vəziyyətdədir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İİ seriyalı 470832 nömrəli “Ölüm haqqında şəhadtnamə”nin surətindən görünür ki, Kamilli Məhəmməd Qalib oğlu 27 yanvar 2025-ci l tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlri kitabında 04 fevral 2025-ci ildə 136 nömrəsi ilə qeyd edilmişdir. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli, 5-39-1/3-1893/2025 saylı arayışın surətindən görünür ki, iddiaçılardan Kamilov X7 şəhəri, Nizami küçəsi, ev 111 ünvanında yaşayır. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2025-ci il tarixli, 5-39-1/3-1894/2025 saylı arayışın surətindən görünür ki, iddiaçılardan Kamilov X5 şəhəri, Nizami küçəsi, ev 111 ünvanında yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ünvan 4 ünvanında yaşayan İddiaçı2 ünvanladığı 14 oktyabr 2025-ci il tarixli məktubun surətindən görünür ki, hazırkı mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. 22 oktyabr 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldırmaq üçün 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu ödənişi etmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş audio və video yazılara baxış keçirilərkən Cavabdeh “daşı aldığım adam gəlməlidir, gəlsin daşı yenisi ilə əvəz edəcəm”, “bilərək eləmədim” kimi ifadələr səsləndirdiyi müəyyən olunmuşdur. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan məzar daşının rəngi solğun və ağarmış vəziyyətdədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin və şahidlərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsindən irəli gələn öhdəlik münasibətləri üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum Kamilli Məhəmməd Qalib oğlunun dəfnindən sonra onun məzarı üzərinə baş daşı qoyulması məqsədilə Cavabdeh ilə razılaşmışlar. Razılaşmaya əsasən cavabdeh tərəfindən məzarın hazırlanması və baş daşının qoyulması işləri görülməli, bunun müqabilində iddiaçılar tərəfindən cavabdehə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti ödənilməli idi. Məhkəmə iclasında cavabdeh özü tərəfindən məzar daşının qoyulduğunu və bunun üçün iddiaçılardan 4800 manat məbləğində pul aldığını etiraf etmişdir. Bu hal X3nun ifadəsi, habelə iş materiallarında olan digər sübutlarla da təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı, eləcə də iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və video görüntülərdən müəyyən edilmişdir ki, məzar daşı qoyulduqdan müəyyən müddət sonra onun rəngi solmuş və ağarmışdır. Bu hal X1nun ifadəsi ilə də təsdiqlənmişdir. Məhkəmə iclasında tədqiq edilmiş audio yazılardan Cavabdeh “daşı aldığım adam gəlməlidir, gəlsin daşı yenisi ilə əvəz edəcəm”, “bilərək eləmədim” kimi ifadələr səsləndirdiyi müəyyən edilmişdir ki, bu da cavabdehin məzar daşında yaranmış qüsuru və onun nəticələrini etiraf etdiyini göstərir. Beləliklə, məhkəmə tərəfindən aşağıdakı hallar iş üzrə mübahisəsiz hesab edilir: məzar daşının cavabdeh tərəfindən qoyulması; bu işin müqabilində iddiaçılardan 4800 (dörd min səkkiz yüz) manat pul vəsaitinin alınması; məzar daşının keyfiyyətsiz olması nəticəsində ağarması; iddiaçıların dəymiş ziyanın aradan qaldırılması və ya pulun qaytarılması tələbinin cavabdeh tərəfindən yerinə yetirilməməsi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların əmlak maraqlarına zərər vurulmuş, iddiaçılar ödəmiş olduqları 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitinin qarşılığında razılaşdırılmış keyfiyyətdə nəticə əldə edə bilməmişlər. Cavabdehin təqsiri, vurulmuş zərər və bu zərərlə cavabdehin hərəkətləri arasında birbaşa səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 1097.2-ci maddələrinə əsasən, vurulmuş zərər zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin etiraf etdiyi faktlar əks tərəfi həmin faktları sübut etmək vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, cavabdehin etirafı könüllü, şüurlu və digər sübutlarla uzlaşan xarakter daşıyır və sübuta ehtiyac duymayan hal kimi qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddia tələbini qismən etiraf edərək həmin məzar daşının onun özü tərəfindən qoyulduğunu, bunun üçün ümumilikdə iddiaçılardan 4800 (dörd min səkkiz yüz) manat pul aldığını, məzar daşının ağardığını gördüyünü, bunun üçün həmin daşı aldığı insandan yeni daş gətirilməsini tələb etdiyini, lakin hələ də nəticə görmədiyini bildirmişdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı zərərin vurulması faktını etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktı etiraf etməsi qəbul olunmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi ilə bağlı tələb olmadığından, ödənilmiş vəsait İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1802/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1802/2025
16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver