Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-192/2024 02.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 1.555 manat 20 qəpik məbləğində cərimənin silinməsi barədə iddiasına dair mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında iddiaçıya hesablanmış 1.555 manat 20 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində özünəməxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. O, ötən müddət ərzində həmin evdə təbii qazdan istifadə etmiş və abonent kimi öz vəzifələrini yerinə yetirməklə qazdan istifadəyə görə ödənişlərini də vaxtında aparmışdır. 14 iyun 2023-cü il tarixdə qonşusu çəpərdə təmir işləri gördüyü vaxt ona məxsus qaz sayğacını ehtiyatsızlıq edərək, mismarla deşmişdir. Bundan sonra o, dərhal Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşlarına məlumat vermiş və elə həmin gün qaz istismarı sahəsinin əməkdaşları qaz sayğacını dəyişdirərək, yeni qaz sayğacı quraşdırmışlar. Belə ki, qaz sayğacının deşilməi və həmin sayğacın Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşları tərfəindən dəyişdirilməsi eyni gün, təxminən 2-3 saat ərzində rellaşmışdır. Həmin tarixdə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən ******* nömrəli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» akt tərtib edilmiş və həmin aktda qaz sayğacının qazı sayğacının gövdəsinin deşildiyi qeyd edilmişdir. Lakin həmin tarixdən təxminən 1 həftə sonra qaz istismarı sahəsinin əməkdaşları ona qaz sayğacına müdaxilə etdiyinə görə cərimə ödəməli olması barədə məlumat vermişlər. Belə ki, həmin aktda sayğacın ekspertizaya göndərildiyi və sayğaca müdaxilə edildiyi göstərilmişdir. Həmin rəy əsasında onun barəsində dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmidir. Həmin sənəddə hesab müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın həcmi 12960 kubmetr, yəni 1.555 manat 20 qəpik məbləğində hesablanmışdır. Lakin o, qaz sayğacı deşildikdən dərhal sonra müvafiq qurumun əməkdaşlarına məlumat vermiş və həmin gün də sayğac dəyişdirilmişdir. Belə olan halda ona 90 gün müddətinə hesabat müddətinin tətbiq edilməsi və 1.555 manat 20 qəpik məbləğində cərimələnməsi qanunsuzdur. Buna görə də o, həmin aktın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sonda, İddiaçı iddianın təmin edilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 11 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında ona hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 14 iyun 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı «gövdəsi deşildiyinə görə» götürülmüşdür. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 iyun 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacın gövdəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 11 iyul 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 11 iyul 2023-cü il tarixli, ******* nömrəli akta əsasən qaz sayğacının normal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 6x24x90=12960 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan **********01930 kodlu abonentin saldosundan görünür ki, abonet İddiaçı akt əsasında hesablanmış təbii qaz sərfiyyatı borcu 1.555 manat 20 qəpik təşkil edir. Məhkəmə iclasında baxış keçirilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki videogörüntülərdən görünür ki, 14 iyun 2023-cü il tarixdə İddiaçın məxsus evin təbii qaz xəttinə quraşdırılmış **********7 nömrəli sayğacın qonşu tərəfindən metal çəpərdə təmir işləri görüldüyü vaxt ehtiyatsızlıq nəticəsində mismarla deşmişdir. Bundan sonra dərhal Biləsuvar rayon qaz istismarı sahəsinin əməkdaşları hadisə yerinə gələrək, qaz sayğacına vurulmuş zərəri aradan qaldırmaq üçün tədbirlər görməyə başlamışlar. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı qaz təchizatı üzrə **********01930 abonent kodlu istehlakçıdır və qazdan Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac əsasında istifadə etmişdir. Qazdan istifadəyə görə həmin sayğacla hesablanmış abonent borcu İddiaçı tərəfindən ödənilir. 14 iyun 2023-cü il tarixdə qaz sayğacının gövdəsi deşildiyi üçün abonentin tələbi ilə qaz istismarı sahəsinin əməkdaşları tərəfindən xətdən açılmışdır. Belə ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 14 iyun 2023-cü il tarixli, ******* nömrəli aktda həmin qaz sayğacının «gövdəsi deşiliyinə görə» götürüldüyü göstərilmişdir. Lakin həmin tarixdən 11 gün sonra «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 iyun 2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək, sayğaca vizual baxış keçirildiyi vaxt sayğacın gövdəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş və 11 iyul 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə İddiaçı barəsində qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində 1.555 manat 20 qəpik məbləğində cərimə tətbiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ******* nömrəli aktda onun tərtib edildiyi tarix qismində 25 iyun 2023-cü il qeyd edilsı də, həmin tələbnamədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli aktın tarixi qismində 11 iyul 2023-cü il göstərilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu hissəsinin tələbinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin hissənin birinci cümləsinə uyğun olaraq, qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndinin tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 may 2002-ci il tarixli Qərarında göstərilir ki, zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli ola bilər. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunla qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsirsiz şəkildə törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2ci hissəsinin tələbinə görə qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi icazəsi olan şəxslərin təhlükəsizliyi, insanların sağlamlığı və ətraf mühitin qorunması üzrə insanların sağlamlığına, torpağa, təmiz su təchizatına, ağaclara, bitkilərə, binalara və digər qurğulara dəyə biləcək ziyanın qarşısını almaq kimi vəzifələri vardır. İddiaçının məhkəmə iclasında verdiyi izahatından da görnüdüyü kimi qaz sayğacının gövdəsinin deşilməsi nəticəsində istehlakçı kimi İddiaçı öz üzərinə düşən bütün öhdəliklərini icra etmiş – dərhal qaz istismarı sahəsinin əməkdaşlarına məlumat vermiş və həmin gün qaz sayğacı dəyişdirilmiş və sayğacın dəyişdirilməsi ilə bağlı xərcləri çəkmişdir. Həmçinin iş üzrə dindirilmiş şahidlər də məhkəmə iclasında qaz sayğacının gövdəsinin İddiaçı təqsiri olmadan, hasarda təmir işləri icra edildiyi vaxt təsadüfən deşildiyini, elə həmin gün iddiaçının qaz istismarı sahəsinin əməkdaşlarına məlumat verdiyinə görə sayğacın çıxarılaraq, yenisi ilə əvəz edildiyini təsdiq etdilər. Belə ki, məhkəmə iclasında dindirilmiş iddiaçı və şahidlər tərəfindən də həmin qaz sayğacının həqiqətən də 14 iyun 2023-cü il tarixdə deşildiyi və eyni tarixdə də qaz istismarı sahəsinin əməkdaşları tərəfindən dəyişdirilərək, yenisi ilə əvəz edildiyi və bununla bağlı 14 iyun 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın tərtib edildiyi öz təsdiqini tapsa da, iş üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 11 iyul 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» hesabat müddətinin 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün 12960 m3 qaz itkisinin olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qaz sayğacının deşildiyinə görə 14 iyun 2023-cü il tarixdə açılaraq, götürdüyünü və həmin sayğacın «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 14 iyun 2023-cü il tarixli, ******* nömrəli aktın surətini, həmin tarixdən 11 gün sonra – 25 iyun 2023-cü il tarixdə qəbul edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli aktın surətini məhkəməyə təqdim etsə də, cavabdeh iddiaya heç bir etiraz etməməklə yanaşı, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin iş materiallarına əlavə edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli akt 14 iyun 2023-cü il tarixdə tərtib edilsə də, cavabdehi səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş 11 iyul 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamə»də ******* nömrəli akt 11 iyul 2023-cü il tarixdə qəbul edilmiş kimi göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 iyun 2023-cü (11 iyul 2023-cü) il tarixli, ******* nömrəli aktı ləğv edilməli və qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 1.555 manat 20 qəpik məbləğində pul vəsaiti silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı iddiası təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 25 iyun 2023-cü (11 iyul 2023-cü) il tarixli, ******* nömrəli aktı ləğv edilsin və həmin akt əsasında qazdan qanunsuz istifadəyə görə dəymiş ziyan qismində İddiaçı hesablanmış 1.555 (bir min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti silinsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-192/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-192/2024
02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver