Məhkəmə qərarları › İş №2(022)-193/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-193/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-193/2024 29.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borc qismində 5.497 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borc qismində 5.497 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, Cavabdeh onun uzaq qohumudur. Cavabdeh 11 may 2023-cü il tarixdə onun yanına gələrək, ondan 3.500 manat məbləğində borc istəmişdir. O, cavabdehin vəziyyətini başa düşmüş və buna görə də 18 ay müddətində qaytarması şərti ilə Cavabdeh 3.500 manat məbləğdə pul vəsaitini borc vermişdir. O, cavabdehə borc verdiyi vaxt həmin puldan 250 manat komissiya haqqı kimi çıxmış və sonuncuya 3.250 manat məbləğində pulu nağd qaydada təhvil vermişdir. Həmin vaxt borcun qaytarılması üçün 18 aylıq ödəniş qrafiki müəyyən edilmişdir. Ödəniş qrafikinə əsasən Cavabdeh hər ay ona 301 manat məbləğində pul vəsaiti ödəməli idi. Cavabdeh ona ümumilikdə 6400 manat ödəməli olduğuna görə cavabdeh həmin tarixdə ondan 6.400 manat almasına dair qəbz yazaraq ona təqdim etmişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh 3 ay boyunca, cəmi 903 manat ödəniş etmiş, sonradan isə heç bir ödəniş icra etməmişdir. O, xeyriyyəçi kimi fəaliyyət göstərmədiyinə görə hesab edir ki, cavabdehə verdiyi pul vəsaitindən o da mənfəət götürməlidir. Buna görə də o, cavabdeh tərəfindən ödənilməmiş 2.347 manat məbləğində borcla yanaşı ona çatası faiz borcunu da əlavə edərək, həmin şəxsdən ümumilikdə 5497 manat məbləğində pul vəsaitinin tələb edir. Cavabdeh ona olan borcunun qalan hissəsini hazırki tarixədək müxtəlif bəhanələrlə qaytarmamış və borcun qaytarılmasına dair onun tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış, bunun üçün əlavə xərc çəkərək 75 manat 40 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, ödənilməmiş borc qismində 5.497 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 75 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı onun uzaq qohumudur və həmin şəxslə aralarında əvvəllər heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, 11 may 2023-cü il tarixdə ehtiyacı olduğu üçün iddiaçıdan 3.500 manat məbləğində borc istəmişdir. İddiaçı ona həmin məbləğdə pul vəsaitini verməyə razılaşsa da, həmin pulun 250 manat hissəsini komissiya haqqı qismində tutmuş və ona nağd qaydada cəmi 3.250 manat məbləğində pul vermişdir. Lakin o, iddiaçının tələbinə görə 6.400 manat borc almasına dair qəbz yazaraq, İddiaçı təqdim etmişdir. Həmçinin həmin vaxt iddiaçı ona verdiyi borca dair ödəniş cədvəli də tərtib etmişdir. Həmin cədvələ görə o, hər ay 301 manat 36 qəpik ödəməklə, 18 ay ərzində İddiaçı olan borcunu tam qaytarmalı idi. Lakin o, ilk 3 ayın ödənişlərini icra etsə də, sonradan maddi imkanı aşağı olduğuna görə borcunun qalan hissəsini iddiaçıya ödəyə bilməmişdir. Onun hazırda İddiaçı cəmi 2.347 manat borcu qalmışdır. O, iddiaçıya ödənişləri icra etmədiyi aylar üzrə dəymiş zərəri ödəməkdən yayınmır və həmin şəxsə qalan 2.347 manat borcundan başqa, həmçinin sonuncuya dəymiş zərəri də ödəməyə razıdır. Lakin onun İddiaçı ondan tələb etdiyi həmin şəxsdən aldığı borc məbləğinin iki qatı həcmində, yəni 6.400 manat pul vəsaitini iddiaçıya qaytarmağa imkanı yoxdur. Sonda, Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh adından tərtib edilmiş 11 may 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 11 may 2023-cü il tarixdə 6.400 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş və borcunu 11 avqust 2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Mülki işin məhkəmə baxışı zamanı İddiaçı verdiyi izahatında Cavabdeh faktiki olaraq 3.250 manat məbləğində borc verdiyini, lakin tərəflər arasında borc müqaviləsi bağlanmadığını, Cavabdeh borcuna dair ödəniş cədvəli tərtib edildiyini, həmin cədvələ uyğun olaraq cavabdehin ümumilikdə ona 6.400 manat məbləğdə pul vəsaiti ödəməsi nəzərdə tutulduğunu, buna görə də 11 may 2023-cü il tarixli qəbzdə Cavabdeh İddiaçı, həmin tarixdə faktiki borc verilmiş 3.250 manat əvəzinə, 6.400 manat məbləğində pul vəsaitini borc almasının qeyd edildiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşdə olan sübutlarla təsdiq olunur ki, İddiaçı Cavabdeh faktiki olaraq borc qismində 3.250 manat məbləğində pul vəsaiti versə də, tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında hər hansı yazılı borc müqaviləsi olmadığı halda, yəni müqavilə əsası olmadan Cavabdeh 11 may 2023-cü il tarixdə İddiaçı cəmi 3.250 manat məbləğində pul vəsaitini borc qismində almış və halhazıradək həmin məbləğin cəmi 903 manat məbləğində hissəsini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından, o cümlədən tərəflərin izahatlarından görünür ki, 11 may 2023-cü il tarix İddiaçı Cavabdeh 3.500 manat məbləğində borc vermiş, həmin pul vəsaitindən 250 manat komissiya haqqı kimi çıxaraq, cavabdehə cəmi 3.250 manat məbləğində pulu borc kimi vermişdir. Cavabdeh həmin borcundan 3 ay müddətində, hər 301 manat olmaqla, cəmi 903 manat ödəniş etmiş və sonuncunun iddiaçıya 2.347 manat borcu qalmışdır. İddiaçı cavabdeh ona olan borcunu vaxtında icra etmədiyinə görə həmin pul məbləğinə 3.150 manat məbləğində faiz hesablamışdır. Buna görə də iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində cavabdehdən tələb etdiyi pul məbləğini 6.400 manat kimi qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan borc məbləğinin verilməsinə dair heç bir borc müqaviləsi bağlanmamış, İddiaçı Cavabdeh borc verdiyi zaman sonuncu borcun etirafına dair qəbz tərtib edərək iddiaçıya təqdim etsə də, həmin borcun etirafına dair qəbzdə borcun qaytarılmasından başqa, həmin borca əlavə faiz və ya cərimə hesablanması, o cümlədən komissiya haqqı tutulması qaydaları borcverən və borcalan arasında razılaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarına görə məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır. Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 740.1ci maddəsinin tələbinə görə verilən borc məbləğinin üzərinə gecikdirilmiş müddətə görə və ya sadəcə olaraq borcun verilməsinə görə faiz hesablanması yalnız tərəflər arasında bağlanmış müqavilə olduqda, legitim hesab edilə bilər. Hazırki iş üzrə isə tərəflər arasında faiz hesablanmasına dair müqavilə olmadığına görə iddiaçının cavabdeh tərəfindən ödənilməyən və qalıq borc məbləği üzərinə faiz hesablaması qanuni hesab edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 11 may 2023-cü il tarixdə iddiaçıdan müqavilə əsası olmadan aldığı və əsassız varlanma obyekti hesab olunan 3250 manat məbləğində pul vəsaitinin ödənilməmiş hissəsi qismində 2.347 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 40 manat 40 qəpik məbləğində hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 35 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin ödənilməmiş hissəsinin əvəzi qismində 2.347 (iki min üç yüz qırx yeddi) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 35 (otuz beş) manat, cəmi 2.382 (iki min üç yüz səksən iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar