Məhkəmə qərarları › İş №2(022)-1996/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1996/2025

27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1996/2025 27.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 24 noyabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır Lakin məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, iddia ərizəsi iddiaçı X1 adından tərtib edilsə də, iddia ərizəsi X4 adlı şəxs tərəfindən imzalanmışdır. Həmçinin iddia ərizəsinə X2 iddia ərizəsini imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə isə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsinin iddiaçı tərəfindən deyil, iddia ərizəsini imzalamaq səlahiyyəti olmayan başqa şəxs tərəfindən imzalanması, həmin iddia ərizəsinin imzalanması kimi hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və (əyarda) probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtb olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarıldığına görə, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırıldığı vaxt iş üzrə dövlət rüsumu qismində 15 avqust 2025-ci il tarixdə, “PashaPay” məhdud məsuliyyəti cəmiyyəti vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 36 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 15 avqust 2025-ci il tarixdə, “PashaPay” məhdud məsuliyyəti cəmiyyəti vasitəsilə 14221104 büdcə təsnifat kodu üzrə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 36 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar