Məhkəmə qərarları › İş №2(022)-2099/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-2099/2025

11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-2099/2025 11.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdən istifadəyə, övladları ilə görüşməyə maneələrin aradan qaldırılması və alimentin azaldılması tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus həyətyanı sahə və evə cavabdeh və onun valideynləri tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması, həyətin giriş darvazasının və evin qapısının qanunsuz dəyişdirilmiş qıfıllarının açılmasının təmin edilməsi və mülkiyyətindən sərbəst istitadə hüququnun bərpa olunması, övladları ilə görüşməyinə maneələrin aradan qaldırılması və məhkəmə tərəfindən uşaqlarla görüş qrafikinin müəyyən edilməsi, maddi vəziyyəti nəzərə alınmaqla ona təyin edilmiş aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikah münasibətləri Biləsuvar rayon məhkəməsinin qərarı ilə pozulmuşdur. Nikah davam etdiyi müddətdə təxminən 10 il ərzində onlar atası X1 məxsus evdə yaşamışlar. Bu nikahdan üç övladları - iki qız və bir oğlan dünyaya gəlmişdir. Uzun illər mehriban ailə münasibətləri olsa da, son dövrlərdə cavabdehin valideynlərinin ailələrinə müdaxilələri nəticəsində münasibətləri pozulmuşdur.Cavabdeh ondan gizli şəkildə məhkəməyə müraciət edərək nikah davam edərkən aliment təyin etdirmişdir. O, bunu öyrəndikdən sonra narazılığını bildirmiş və nəticədə boşanmaq barədə razılığa gəlmişlər. Boşandıqdan sonra cavabdeh övladlarını götürərək atası evinə köçmüşdür.Belə ki, atası onun adına olan 0,09 ha həyətyanı sahədə öz vəsaiti hesabına yaşayış evi tikdirmiş, sahəni hasarlatmış, darvaza qoydurmuş, həmçinin təsərrüfat məqsədilə 8 x 6 m ölçüdə tövlə, 6 x 22m ölçüdə yem sarayı inşa etdirmişdir.Cavabdeh isə gəlin köçərkən gətirdiyi cehizi sonradan atasının evindən götürüb həmin tikilmiş evə daşımışdır. Əsas məsələ ondan ibarətdir ki, cavabdehin atası onun həyətyanı sahəsinə qanunsuz müdaxilə edərək giriş darvazasının qıfılını dəyişdirmiş, evin qapısını bağlatdırmış, nəticədə onun öz mülkiyyətindən istifadə etməsi faktiki olaraq mümkünsüz olmuşdur.Bundan əlavə, cavabdeh və onun valideynləri övladlarına ona qarşı mənfi münasibət aşılamaqla onların onunla əlaqəsini qəsdən məhdudlaşdırmış, onun övladları ilə görüşməsinə mane olmuşlar. Maddi vəziyyəti ağır olduğundan, hazırda rəsmi işlə təmin olunmadığı üçün təyin olunmuş alimenti ödəmək imkanı məhduddur. Müvəqqəti olaraq aliment valideynləri tərəfindən ödənilir. Məhkəmə iddia ərizəsini tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavbdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavbdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddia ərizəsindən görünür ki, MPM-nin 149-cu maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı və eyni zamanda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddia ərizəsindən görünür ki, cavabdehə qarşı bir-biri ilə əlaqəsi olmayan bir-neçə tələb birləşdirilmişdir. MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir-neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir-neçə tələb birləşdirildikdə; Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı mülkiyyətdən istifadəyə, övladları ilə görüşməyə maneələrin aradan qaldırılması və alimentin azaldılması tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətdən istifadəyə, övladları ilə görüşməyə maneələrin aradan qaldırılması və alimentin azaldılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar