Məhkəmə qərarları › İş №2(022)-21/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-21/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-21/2023 05.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı həyətinə gedən su arxı yolunun açılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş 2 metr enində su arxının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda aparılmış Aqrar İslahat nəticəsində ona ailə üzvüləri daxil olmaqla 0.37 ha ölçüdə həyətyanı torpqa sahəsi verilmişdir. Həmin torpaq sahəsini vaxtlı-vaxtında suvarmaq istəyir. Lakin artıq uzun müddətdir ki, Cavabdeh həyətyanı torpaq sahəsinə gələn su arxının qarşısını almışdır. Nəticədə o, həyətyanı torpaq sahəsinə gələn su arxınından istifadə edə bilmir.Bununla əlaqədar Dərvişli bələdiyyəsinə şifahi olaraq müraciət etmiş və onlar orada olan xəritəyə baxaraq bildirmişlər ki, həmin ərazidə 2 metr enində su arxı vardır. Həmin su arxının yerləşdiy ərazi Dərvişli bələdiyyəsinə məxsusdur. Cavabdehə bu haqda deməsinə baxmayaraq o, qanunsuz hərəkətlərinə son qoymur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, həyətyanı torpaq sahəsini suvarmaq imkanından məhrum olmuşdur.Cvabdeh qonşuluq münasibətlərinə qarşılıqlı hörmət bəsləmir. Odur ki, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş 2 metr enində su arxının açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Qulamov X1 rayonu Dəvrişli kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-131A kod 80803028 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Dəvrişli kənd sakini İddiaçı və X6, X7, X9, X10, X5, X3 və X2 ibarət ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə 0,37 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli 10/5370 nömrəli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2743/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxının qarşısı naturada kəsildiyi müəyyən edilmişdir. İddiaçı qarşısını kəsildiyini iddia etdiyi su arxının torpaqların elektron kadastr uçotu informasiya sistemində mövcud olmadığı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2743/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı qarşısını kəsildiyini iddia etdiyi su arxının 42 kv metr hissəsinin Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində, 23 kv metr hissəsinin isə X4 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. "Aqrar islahatın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur.Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı təmin edilməklə, mübahisəli torpaq sahəsinə dair mövcud hüquqmüəyyənedici sənədlər üzrə həyata keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı Biləsuvar rayonu Dərvişli kəndində mülkiyyətində olan 0,37 ha torpaq sahəsinə gedən su arxının 42 kv metr hissəsinin Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən keçən hissəsində qarşısı Cavabdeh tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsində göstərilir ki, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı həyətinə gedən və Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş, iddiaçının iddia etdiyi su arxı 42 kv metr hissəsində açılmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Dəyəzxan oğlunun xeyrinə, iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğdə pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Habelə, işdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına 95 manat məbləğdə ödəniş edilmiş və buna görə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 95 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı həyətinə gedən və Cavabdeh və ailə üzvlərinin faktiki istifadəsində olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşən Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş su arxı 42 kv metr hissəsində Cavabdeh tərəfindən və ya onun hesabına açılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin tərtib edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülmüş 95 (doxsan beş) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar